Siyasi konfiqurasiyanın səmərəliliyinin göstəricisi
6 Mart 2021 22:15 SiyasətMVP rəsmisi: "Bu ölkədə əlverişli siyasi fəaliyyət mühitinin yaradılması, siyasi dialoqun inkişaf etdirilməsi dövlətin siyasi partiyalara münasibətində də əksini tapır"
Hakim Yeni Azərbaycan Partiyasının fevralın 5-də keçirilən VII qurultayı bir sıra məqamları ilə yadda qaldı. Bunlardan ən mühümü partiyanın rəhbər strukturlarının gəncləşməsi və ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşmək barədə qərar qəbul etməsi oldu.
Hakim Yeni Azərbaycan Partiyasının qurultayı və ali orqanda verilən qərarlara dair açıqlamasında Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli qeyd edib ki, YAP VII qurultayı ilə eyni zamanda bir örnək davranış ortaya qoydu. MVP rəsmisi hesab edir ki, YAP-ın gəncləşmə siyasətindən, partiya daxilində islahatların aparılmasından digər siyasi təşkilatlar da nəticə çıxarmalı və uzun illər gənclərin irəli çıxması, onların mərkəzi strukturlarda yer almasının qarşısına qoyulan əngəllər aradan qaldırılmalıdır. 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsinə gəlincə isə partiya hesab edir ki, bu Azərbaycanda siyasi konfurantasiyadan siyasi konfiqurasiyaya səmərəli keçidin əyani sübutudur: "Uzun illər hakimiyyət uğrunda mübarizə aparan partiyaların bu gün Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul etməsi onu deməyə əsas verir ki, Azərbaycanda siyasi konfiqurasiya kifayət qədər inkişaf edib və siyasi partiyalar, təşkilatlar arasında uzun müddət mövcud olan ziddiyətli münasibətlər, gərginliklər tamamilə aradan qalxıb. Biz bunu 44 günlük Vətən müharibəsində də aydın şəkildə gördük. Düzdür, Vətən müharibəsindən əvvəl də əksər siyasi təşkilatlar, partiyalar bəyan edirdilər ki, ümummilli məsələlərdə, Qarabaq problemi ilə bağlı məsələdə istənilən situasiyada dövlətin, dövlət başçısının yanında olacağıq. Vətən müharibəsində partiyalar əyani şəkildə bunu isbatladılar və vahid mövqe nümayiş etdirdilər".
MVP rəsmisi deyib ki, ölkədə əlverişli siyasi fəaliyyət mühitinin yaradılması, siyasi dialoqun inkişaf etdirilməsi dövlətin siyasi partiyalara münasibətində də əksini tapır: "Partiyaların mənzil qərargahlarla təmin edilməsi, onlarla müntəzəm olaraq görüşlərin keçirilməsi, hətta ayrı-ayrı partiyaların qadın fəalları ilə də dövlət və onun müvafiq səlahiyyət sahibləri arasında görüşlərin təşkil edilməsi Azərbaycanda normal siyasi fəaliyyət üçün yaradılan imkanlardandır".
Süleyman İsmayılbəyli bildirib ki, bütün bunlar düzgün idarəçilik və həyata keçirilən uğurlu siyasətdən irəli gəlir. MVP rəsmisi deyib ki, 2003-cü ildən ölkəyə rəhbərlik edən İlham Əliyev Heydər Əliyev siyasətinə sadiq qalaraq ölkənin hərtərəfli inkişaf etdirilməsi istiqamətində addım atıb və bu sırada siyasi islahatlar da ön sırada olub: "Məhz bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda bir çox ölkələrdən fərqli olaraq siyasi sabitlik hökm sürür. Ölkədə normal siyasi fəaliyyət mühiti, dialoq imkanları, siyasi konsolidasiya var. Sabitlik, qarşılıqlı siyasi dialoq mühitində isə Azərbaycan hərtərəfli uğurla inkişaf edir, Cənubi Qafqazın lider ölkəsi olduğunu təsdiqləyir".
Füzuli