Diplomatik nümayəndələr və hərbi attaşelər Qubadlıdadır
6 Mart 2021 14:32 SiyasətAzərbaycandakı diplomatik korpusların rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri Ermənistan işğalından azad edilmiş Qubadlı rayonuna səfər ediblər.
***
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır.
Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırki vəziyyəti ilə tanış olublar.
Erməni vəhşiliyi barədə məlumat verən Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir. Belə ki, ermənilər bu məscidi tövlə kimi istifadə edərək, nəinki Azərbaycan xalqının, eləcə də bütün müsəlmanların dini hisslərini təhqir ediblər.
***
""Prezident İlham Əliyevin göstərişi ilə diplomatik korpusların nümayəndələrini Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarını ziyarət etmək üçün aparırıq".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
"Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq", - Hikmət Hacıyev qeyd edib.