YAP köklü dəyişikliklər ərəfəsində
Qurultay hakim partiyaya nə vəd edir?
4 Mart 2021 12:10 SiyasətQurultay hakim partiyaya nə vəd edir?
Artıq bir neçə ildir ki, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar siyasi cameəni də ağuşuna alıb və etiraf etmək lazımdır ki, bu islahatlar siyasi elita tərəfindən təqdir olunmaqdadır. Çünki hər şeydən əvvəl bu islahatlar Azərbaycanda siyasi rəqabət mühitini gücləndirib, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunu artırıb, onların siyasi proseslərin lokomotivlik qabiliyyətini sürətləndirib. Ancaq onu da qeyd etmək lazımdır ki, siyasi cameə də öz növbəsində fəaliyyətini bu islahatlara uyğun qurmalı, onunla ayaqlaşmalıdır. Tutduğu mövqe, ortaya qoyduğu siyasi baxış, hakimiyyətdə və ya müxalifətdə yer tutmasından asılı olmayaraq hər bir siyasi təşkilat üçün bu keçərlidir. Necə ki, hakim Yeni Azərbaycan Partiyası da bu reallıqdan çıxış edərək partiyanın sədri, dövlət başçısı İlham Əliyevin başlamış olduğu siyasi islahatlara öz töhvəsini verməyi qərarlaşdırıb. Hakim partiyanın martın 5-nə nəzərdə tutulan növbədənkənar qurultayı da elə bundan xəbər verir.
Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsi barədə xəbər yayılar-yayılmaz ilk ağıla gələn sual bu oldu. Qurultayının tez-tələsik keçirilməsi hansı zərurətdən meydana gəldi? Çünki partiyanın qurultayının keçirilməsi ardıcıllığına nəzər yetirsək hakim partiyanın bu ali orqanı adətən 5 ildən bir toplanır. Sonuncu qurultayın 2018-ci ilin aprel ayında baş tutduğunu nəzərə alsaq, o zaman hakim partiya 2023-cü ildə qurultay keçirməli idi. Digər tərəfdən qurultaya hazırlıq istiqamətində rayon təşkilatlarında hazırlıq konfransları da keçirilməyib və qurultaya nümayəndələr seçilməyib. O zaman belə bir qısa zamanda gözlənilməz qurultay qərarı nə ilə bağlıdır?
Əslində sualın cavabını qismən yuxarıda qeyd etdik. Hakim partiya YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi islahatlara öz dəstəyini vermək, bu prosesin fəal iştirakçısı olmaq istəyir. Düzdür, bu gün YAP ölkənin hakim partiyası kimi ictimai-siyasi proseslərin aktiv iştirakçısıdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, hakim partiyanın bu günkü fəaliyyəti heç də mövcud situasiya ilə ayaqlaşmır. Bu bir tərəfdən partiya rəhbərliyi, onun İdarə Heyəti və Siyasi Şurasında təmsil olunan əksər partiya üzvlərinin kifayət qədər yaşlı olmasından irəli gəlir. İstər ölkədə və dünyada baş verən bu və ya digər proseslərə münasibət bildirib mövqe ortaya qoya bilməyən həmin şəxslərin daha gənc və perspektivli kadrlarla əvəzlənməsi artıq zamanın tələbinə çevrilib. Çünki bəzi müxalif partiyalara gəncləşməyi tövsiyə edən hakim partiyanın özünün bu addımı atmaması həm YAP-ın siyasi reputasiyasına, həm də onun sədri, Cənab İlham Əliyevin imicinə mənfi təsir göstərə bilərdi. Ona görə də hakim partiya haqlı olaraq qurultay qərarı verib və yayılan məlumatlardan məlum olur ki, YAP-da kifayətqədər gəncləşmə gedəcək. Əslində yuxarıda qeyd etdiyimiz kimi bu bir zərurətdir, vacibdir. Çünki hakim partiyanın İdarə Heyətinin üzvlərindən olan sabiq Bakı meri Hacıbala Abutalıbov, Mədəniyyət və Turizm nazirinin I müavini Vaqif Əliyev, Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, AMEA-nın keçmiş prezidenti Akif Əlizadə, keçmiş komitə sədri Əli Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Nizami Xudiyev, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı Kərim Kərimov, akademik Abel Məhərrəmov, Arif Rəhimzadə kimi partiya funksionerlərinin indiki halda YAP-a heç bir xeyri yoxdur. Adlarını sadaladığımız hakim partiya üzvlərindən birinin son bir neçə il ərzində nə bir açıqlamasına, nə də Azərbaycana qarşı aparılan informasiya savaşında ölkəmizi hədə seçən həmin dairələrə tutarlı cavabına rast gəlmişik. Hətta 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı qələbə sevinci yaşadığımız anlarda da adlarınl çəkdiyimiz YAP-çıların səsi belə çıxmadı. O halda həmin şəxslərin YAP-ın İdarə Heyətində saxlamaq nətə lazımdır? Əlbəttə ki, heç nəyə. Şübhə edilmir ki, adlarını sadaladığımız YAP-çılar martın 5-də keçirilən qurultayda öz postlarından vidalaşmalı olacaqlar. Digər tərəfdən hakim partiyanın sözügedən şəxslərinin zaman-zaman açıqlanan qeyri-qanuni əməlləri, korrupsiya və rüşvətxorluğa bulaşmaları barədə yayılan məlumatlar istər-istəməz hakim partiyanın siyasi nüfuzuna, onun imicinə zərbə vurmuş olur. Hətta sabiq rüşvətxor məmurlar və bu gün İdarə Heyətində yer tutmuş həmin şəxslərin əməlləri hakim Yeni Azərbaycan Partiyasının rüşvətə bulaşması görüntüsünü yaradır. Təbii ki, bu reallıqda belə deyil və YAP hər hansı bir üzvünə görə məsuliyyət daşımır. Ona görə də hakim partiya bu kimi şəxslərlə yollarını ayırmaq qərarını verib. Hakim partiyanın İdarə Heyətindən vurulacaq YAP-çılar sırasında Siyavuş Novruzovun da adı hallanır ki, bu da təsadüfi deyil. Çünki Siyavuş Novruzov keçən il karantin qaydalarına məhəl qoymayaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməklə ciddi səhvə yol vernişdi. Novruzovun bu addımını hətta partiya sədrinə hörmətsizlik kimi də dəyərləndirmək olar.
Onu da qeyd edək ki, hakim partiyada dəyişiklik yalnız İdarə Heyəti ilə məhdudlaşmayacaq. Paralel olaraq partiyanın Siyasi Şurasında da köklü dəyişiklik olacaq. Belə ki, YAP Siyasi Şurasında da kifayət qədər isimlər var ki, onların həm keçmiş, həm də indiki fəaliyyəti partiyaya yalnız və yalnız zərər gətirir, partiyanı gözdən salır.
Məsələn Ramiz Mehdiyev, Abel Məhərrəmov və Siyavuş Novruzovun Siyasi Şuradan uzaqlaşdırılması mümkündür. Qeyd etdiyimiz kimi hər üçü adı çəkilən şəxs cəmiyyətdə ciddi etiraza səbəb olan bu və ya digər əməlləri ilə hakim partiyanın imcinə zərər gətiriblər. Yaxud sabiq kənd təsərrüfatı naziri İsmət Abasov, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Hacıbala Abutalıbovun müxtəlif illərdə vəzifədə olduğu dövrlərdə korrupsiya və rüşvətə bulaşması barədə yayılan xəbərlər, ortaya çıxan faktlar onların da YAP-dan uzaqlaşdırılması üçün zəmin yaradır. Sabiq spiker Oqtay Əsədovun müntəzəm olaraq daxildə və xaricədki biznesi ilə bağlı üzə çıxan faktlar Əsədovun da YAP=-da vurulacaqların sıyahısında olacağını deməyə əsas verir.
Göründüyü kimi hakim partiya köklü dəyişikliklər ərəfəsindədir. YAP artıq onun imicinə zərər gətirə bilən üzvləri ilə yollarını ayırmaq qərarına gəlib.
Füzuli
Olaylar.az