Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olub
Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman öz ərazisində yaşayan digər xalqların nümayəndələrinə, etnik azlıqlara hörmətlə yanaşıb, onların hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan ərazisində təhlükəsiz yaşamaları üçün hər bir addımı atıb.
4 Mart 2021 10:57 SiyasətAzərbaycan dövləti, Azərbaycan xalqı hər zaman öz ərazisində yaşayan digər xalqların nümayəndələrinə, etnik azlıqlara hörmətlə yanaşıb, onların hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan ərazisində təhlükəsiz yaşamaları üçün hər bir addımı atıb. Təkcə onların ölkə ərazisində təhlükəsiz yaşaması deyil, eyni zamanda dinıləri, mədəniyyətlərinin qorunması, inkişaf etdirilməsi istiqamətində lazımı tədbirlər həyata keçirib. Günümüzdə də bu uğurlu siyasət davam edir və ən yüksək səviyyədə həyata keçirilir.
Azərbaycan bu sahədə o qədər tolerantlıq, dözümlülük nümayiş etdirir ki, hətta uzun illər ərazilərini işğala məruz qoymuş ermənilərlə belə bir yerdə yaşamağa hazır olduğunu nümayiş etdirir. Elə bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu bir daha öz təsdiqini tapdı. Dövlət başçısı bildirdi ki, erməni xalqı ilə birgə yaşamağımızın tarixi kökləri var və bizim ermə xalqı ilə heç bir problemimiz yoxdur. Heç şübhəsiz ki, bu da öz-özlüyündə bir daha Azərbaycanın nə dərəcədə multikultural, dözümlü bir dövlət, xalq olduğunu ortaya qoyur.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva da deyir ki, Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olub. Onun sözlərinə görə, arixin bütün mərhələlərində Azərbaycanda müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayıblar: "Bu gün də Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır və xalqların birgəyaşayışı üzrə nümunə təqdim edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdir. Hətta, Azərbaycanda fərqli dildə danışan insanların belə hər cür hüquq və imtiyazları mövcuddur və onların təhsilə çıxışları da təmin edilir. Təsəvvür edin ki, bu gün Azərbaycanda onlarla rusdilli məktəblər var. Bütün bunlar Azərbaycanın sülh, əməkdaşlıq, tolerant və multikultural ölkə olmasının sübutlarıdır".
Deputat deyib ki, hazırda Azərbaycanda minlərlə erməni yaşayır və ermənilərin incidilməsi haqqında bircə fakt belə yoxdur: "Hər kəs yaxşı bilir ki, ermənilər Cənubi Qafqaza, Azərbaycanın ərazilərinə köçürülsələr də, uzun illər xalqımızla birgə yaşayıblar. Keçmiş SSRİ dönəmində isə bu birgəyaşayış daha da dərinləşmişdi. Lakin çox təəssüflər olsun ki, ermənilərin içərisindən olan təxribatçılar, şovinistlər, neonasistlər xalqlar arasında nifaq saldılar, Sumqayıt hadisəsini törətdilər, Qarabağı işğal etdilər, Xocalı soyqırımını törətdilər. Bu gün artıq həmin şovinistlər də, neonasistlər də öz dərslərini alıblar və nə zamansa baş qaldırmağa çalışarlarsa, yenidən "dəmir yumruğ"un gücünü görəcəklər. Amma sadə, millətçilikdən, qonşulara qarşı ərazi iddialarından uzaq olan ermənilərin yenidən Azərbaycan xalqı ilə yaşamaq şansı var. Hətta, cənab Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Çünki bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi mövcuddur. Həm Ermənistanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Bu mənada Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Bundan sonra da həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa biləcəklər. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaq".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmayıb: "10 noyabr tarixində imzalanmış bəyanatın əsasında regionun inkişafına xidmət edəcək davamlı sülhün təmin edilməsi üçün imkanlar var. Bunun üçün isə mütləqdir ki, Ermənistan imzalanmış Bəyanata sadiqlik nümayiş etdirsin. Davamlı sülhə nail olmaq həm də Ermənistan dövlətinin prioritet vəzifəsi olmalıdır. Əlbəttə ki, Azərbaycan davamlı sülhü ümumbəşəri sosial-siyasi dəyər hesab edir və bu səbəbdən də səbrlə, təmkinlə prosesləri izləyir, Ermənistanın təxribatlarına aqressiv reaksiya vermir, sülhün qorunub saxlanmasına çalışır. Ermənistan da öz növbəsində düşmənçilik səhifəsini çevirməyi bacarmalıdır. Əgər Ermənistan imzalanmış Bəyanata sadiqlik nümayiş etdirərsə, regionda sülh təmin olunacaq. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası, üçtərəfli qaydada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması ilə Ermənistan da mənfəət əldə edəcək, beləliklə də sülhün xeyrini görəcək".
Süleyman
Olaylar.az