SAVAŞ - Züleyxa NADİR Yazır
44 günlük Vətən Müharibəsi bitdi. Amma Vətənin vətəndaşları arasındakı müharibə bitmədi ki, bitmədi. Zəfərin ertəsi günü savaş zamanı səngimiş “vətəndaş müharibəsi” iştirakçılarının götürdükəri “taym-autun” vaxtı başa çatdı. Qələbənin rəhni olan Ordu, Xalq və Dövlət birliyinə son qoyuldu. Sən demə birliyimiz elə bu qədərmiş...
4 Mart 2021 10:48 Siyasət44 günlük Vətən Müharibəsi bitdi. Amma Vətənin vətəndaşları arasındakı müharibə bitmədi ki, bitmədi. Zəfərin ertəsi günü savaş zamanı səngimiş "vətəndaş müharibəsi" iştirakçılarının götürdükəri "taym-autun" vaxtı başa çatdı. Qələbənin rəhni olan Ordu, Xalq və Dövlət birliyinə son qoyuldu. Sən demə birliyimiz elə bu qədərmiş...
Üç aydı fikiləşirəm: Azərbaycan vətəndaşları nədən bir-birinə qənim kəsilib? Müharibə günlərindəki birlik niyə puça çıxdı? Hər gün dönüb o qısa zaman kəsiyinə baxıram, qəlbim dağa dönür, ürəyim qürurla döyünür. Amma bu hiss çox qısa çəkir. Anındaca bu gün paramparça olmuş həmin Birlik Triumfuna ağı demək dərəcəsində hündürdən, səsim gəldikcə hönkür-hönkür ağlamaq istəyirəm. Ağlayıram da, lakin içdən, yana-yana, sızlaya-sızlaya...
Savaş günlərində də hər dəfə bir kəndimiz azadlığa çıxanda, bir obamız düşmən tapdağından xilas olanda göz yaşlarım axırdı - sevincdən. Hər dəfə Ali Baş Komandanımız tvitter səhifəsində qələbə xəbərini yazanda, efirdən Zəfər müjdəsini verəndə utanmadan, çəkinmədən sevinclə bağırırdım, ekranı öpürdüm. Cəbhədə döyüşən oğullarım Vasif və Rasiflə danışanda həsrətdən kövrəlirdim, salamat olmalarından dolayı gözlərim dolurdu. Şəhid xəbərlərini oxuyanda gözümün yaşı sel olurdu. Beləcə... 44 gün şəhid kədəri ilə Zəfər sevincinin ahəngindən doğan hisslərlə yaşadım.
Amma bu gün o hisslərim ölüb, o yaşantılarım itib. Adamlar arasındakı savaş Azərbaycanın 44 günlük haqq işinə kölgə salır. Bilirsinizmi, niyə? Çünki insanlar həmin günlərin birliyini unutdular. O günlərin kədər qarışmış sevincini tapdaladılar. Düşmən üzərindəki Zəfərin hər bir Azərbaycan vətəndaşına, eləcə də xaricdəki soydaşlarımıza verdiyi ən ali, ən uca dəyər olan inam, güvən və sevgi hissi az qala heçə endi, sıfıra düşdü. İnsanlar bir-biriləri ilə düşmən kimi rəftar edirlər. Nədən? Sual ritorikdi, deyilmi? Cavabı bəlkə də məlumdu. Əslində "bəkə də" yox, dəqiq məlumdu. Kasıbın da, varlının da sevgi hissi robotlaşıb, güvənmək, inanmaq duyğusu daşa dönüb. Səbəbini də gündəlik məişət qayğılarında və çözülməyən, bir ömür ona yük olacaq problemlərdə görürlər. Halbuki insan oğlu o qayğılara, problemlərə sevgi ilə yanaşsa ağır dərd olmaz, əzab çəkməz, işgəncəyə məruz qalmaz...
***
Bəşər yaranandan dərd-azar insanla birgə doğulub. Nə etməli? Tanrının hikmətidi bu, onu sorğulamaq olmaz. Amma bu dərdləri aradan qaldırmağa birbaşa məsul olanları sorğulamaq lazımdı, həm də vacibdi. Savaşdan sonrakı üç ayda ölkə əhalisinin dərdi-azarı qabarıb, ötənlərin üstünə yeniləri əlavə olunub. Müharibənin qan qoxusu, yarası hər kəsi ağrıdır. Amma bu yaranı canında gəzdirən, qoxunu burnunda daşıyan insanların ağrısını aradan qaldığmağa məsul olan şəxslər, əlaqədar qurumlara rəhbərlik edənlərin çoxu o qoxunu, o ağrını hiss etmir. Heç nə onların vecinə deyil. Zombiləşmiş bu adamlar insanlığa ləkədir.
Düşmənə diz çökdürmüş qazilər var ki, bu gün həmin zombilərin qarşısında diz çökməyə məcbur olublar. Ermənilərlə savaşda qorxmayan, ona qalib gələn, Azərbaycan tarixinə Zəfər yazan qazi indi vətənin rahat kreslosunda oturan adamla savaşır. Amma ona qalib gələ bilmir, gücü çatmır. Ədalətsizlik deyilmi? Mizan-tərəzisinin pozulmasıdı. Savaşın ağrısını canında gəzdirən qazi onun problemini həll etməyən zombinin vecsizliyindən dolayı əzab çəkir. Sanki qazi bu zombiyə borclu imiş, onun dədə-babasının ruhu qarşısında gözü kölgəli, başı aşağı imiş. Vay, dədə, vay?! İlahi, sənə sualım var: bu insanları yaradanda nə düşündün? Nədən insanların arasında fərq qoydun? Düz 114 il əvvəl Mirzə Ələkbər Sabir də sənə eyni sualı verib:
Daş qəlbli insanları neylərdin, İlahi?!
Bizdə bu soyuq qanları neylərdin, İlahi?!
Vətənin vətəndaşları arasındakı fərq tərəzinin gözünü əyir. Kasıbın böyük ürəyi ilə varlının böyük tamahı savaşır. Və bu savaşda da nə yazıq ki, uduzan yenə də kasıb olur. Kasıbın varlıdan, vəzifəlidən istədiyi yalnızca dərdinə dərmandı. O dərd ki, Tanrı onun dərmanını varlıya verib, vəzifəli şəxsin səlahiyyətində saxlayır. Əslində kasıb istədiyini alır, cılız bir şeydə gözü yoxdu. O, böyük amallar, fərqli ideyalar üçün yaşayır, vuruşur, döyüşür. Məsələn, Qarabağ üçün döyüşdü və onu geri aldı. Amma savaşdan Zəfərlə dönən kasıb qazinin dərmanı tapılmır, aylardı komada olan döyüşçünün ayılacağına ümid azdı. Çünki onun müalicəsi xaricdə mümkündü. Qazinin pulu yoxdu, əlaqədar şəxslərin də vicdanı donub. Donmuş vicdanla pulsuzluğun savaşı gedir...
Dərd təkcə bu deyil ki? Savaşdan dönən döyüşçünün işsizliyi, pulsuzluğu ailədə gərginlik yaradıb. Müharibə günlərində oğulları, qonşuları, qohumları savaşda olan analar evlərindəki son ərzaqı cəbhəyə göndərdilər. Amma bu gün cəbhədən dönən övladları acdı. Əsgərlərin nənələri, babaları pensiyalarını orduya kömək məqsədilə yaradılan fonda bağışlayarkən düşünmədilər ki, nəvələri gəlib iş üçün qapılarda qalacaqlar. Yaralı əsgərlərə dərmanla kömək edən, pal-paltar alan insanlar bu işi könüllü etdilər, son qəpiklərinəcən xərclədilər, "uf" demədilər. Bu gün sonuncu manatını, ərzaqını, təzə aldığı, amma geyinməyə fürsət tapmadığı paltarını, ən əsası əsgər sevgisini, Vətən eşqini əsirgəməyən ailələrin döyüşdən gələn övladları məmur adlı "dərdlə" savaşırlar...
***
Bir müddət əvvəl Milli Məclisin plenar iclasında deputat Azay Quliyev döyüş bölgəsində qulluq edən hərbçilərin maaşlarının artırılması ilə bağlı məsələ qaldırır. Anındaca onun ağzından vurulur: "Hazırda Qarabağ döyüş bölgəsi deyil".
Xəbəri oxuyanda, sözün həqiqi mənasında, şoka düşdüm. "Qarabağ döyüş bölgəsi deyil" nə deməkdi? Niyə bu cür düşünürlər? Yəqin ətraflarında, qohum - əqrəbalarında hərbçi yoxdu. Varsa da yüksək vəzifədə olanlardı. Əks halda belə təpki verməzdilər. Oturduqları kürsüdə yerləri rahatdı. O, dağda-dərədə döşəyi daş, yorğanı qar olan, düzəngahlarda torpaq üzərində yatan, meşələrdə ağaclarda gecələyən hərbçinin nələr çəkdiyini anlamazlar, əlbəttə. Görəsən həmin hərbçilərin maaşlarının ikiqat olmasında hansı eyib var ki? Halbuki təkcə döyüş bölgəsində deyil, Azərbaycanın hər yerində xidmət edən hərbçilər də ən yüksək maaş almağı haqq edirlər.
Hamı bilməlidi ki, Qarabağ 200 ildi müharibə bölgəsidi. Ermənilərin Qarabağa köçürüldüyü gündən orada savaş başlayıb, hələ də davam edir və Allah bilr daha neçə yüz illər davam edəcək. Tanrı bu gün Azərbaycan Ordusunun əsgər və zabitlərinə şans verdi ki, illərlə qurulan böyük Ermənistan ideyasının bir parçasını yerlə-yeksan etsin, tarixə Zəfər damğasını vursun. Amma bu o demək deyil ki, döyüş bitdi. Döyüşmək nə qədər ağırdırsa, alınan torpaqları qorumaq iki o qədər çətindi.
Nə xoş ki, bu məsələ ölkə başçısının nəzarətindən kənarda deyil. Vətən oğullarının zəhməti dəyələndirildi, maaşlar artırıldı.
***
Bir ildi dünya COVİD-19 adlı kabusla savaşır. Biz isə "birlikdə güclüyük" deyib koronavirusun kürəyini yerə vurmaq əvəzinə bir-birimizlə savaşırıq. Erməni adlı virusu məhv etdik. COVİD- 19-dan da xilas olacağıq. Amma nə sirri-xudadırsa məmur adlı virusdan can qurtara bilmirik. Doğrudanmı bu savaşda qalib gəlməyimiz mümkün deyil? Yoxsa yenidən müharibəmi gərəkdi?
Ki... bu savaşa son qoyulsun...