Almaniya və Azərbaycan İqtisadiyyat nazirlikləri arasında birgə Niyyət Bəyannaməsini imzalandı
3 Mart 2021 12:01 SiyasətDünən Amaniya səfirliyinin iqamətgahında səfir Volfqanq Maniq və Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun iştirakı ilə Birgə Niyyət Bəyannaməsi imzalanıb.
Səfirlikdən "Olaylar.az"a verilən məlumata görə, bu sənədin məqsədi Azərbaycan şirkətlərində çalışan menecerlərin ixtisas artırılmasına dair əməkdaşlığının davam etdirilməsidir.
"Menecerlər üçün ixtisasartırma proqramı" artıq on ildir ki, Azərbaycanda uğurla həyata keçirilir. Birgə Niyyət Bəyannaməsi ilə proqramın növbəti illərdə də davam etdirilməsi təmin edəcək. Azərbaycanla həyata keçirilən proqram Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyinin menecerlərin ixtisasının artırılması üzrə "Almaniya ilə əməkdaşlığa uyğunlaşma" adlı qlobal proqramının tərkib hissəsidir.


Birgə Niyyət Bəyannaməsinin imzalanması münasibəti ilə səfir Maniq " Bu "mayak"- proqramı vasitəsi ilə Almaniyanın Azərbaycan iqtisadiyyatının gələcək inkişafına mühüm və davamlı töhfə verdiyinə görə şadıq. Bu gün biz proqramın Azərbaycanla uğurla davam etdirilməsinin təməlini qoyduq "- deyə qeyd edib.
Qeyd edək ki, proqramı Almaniya tərəfindən GIZ cəmiyyəti (Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) və Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) həyata keçirir.
Gülər Seymurqızı