Sədaqət Vəliyeva: “44 günlük Vətən Müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi”

"44 günlük Vətən müharibəsi Azərbaycanın haqq və ədalət savaşı idi. Azərbaycan dövləti və xalqı uzun illər idi ki, ədalətin bərpa edilməsi üçün hazırlaşırdı. Azərbaycan dövlətinin qüdrəti, Ali Baş Komandanın iradəsi və Ordumuzun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O, bildirib ki, haqq və ədalətin bərpası isə əlbəttə ki, şəhidsiz, qazisiz ötüşmədi. Hərbçilərimiz şəhidlik, qazilik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdi: "Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edildi. Məhz, onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı, xüsusilə gənc nəsil üçün örnək olmalıdır".

Deputat deyib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək, düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad ediblər: 2Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət nümayiş etdirdilər, vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş gənclər torpaqlarımızı işğalçılardan azad etdilər. İşğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşdular. Bu, bir tarixi hadisə idi və Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Məhz, 44 günlük Vətən Müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi. "Dəmir yumruq" birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı qələbə, zəfər tarixi yazdı".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Ermənistanın yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həll olunmasını mümkünsüz edirdi, buna görə də münaqişənin güc yolu ilə həlli qaçılmaz idi: "Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları Azərbaycanı və beynəlxalq ictimaiyyəti əmin edirdi ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Elə Ermənistanın məsuliyyətsiz hərəkətləri, qeyri-konstruktiv addımları, təxribatçı hərəkətləri 44 günlük müharibəyə gətirib çıxardı. Nəticədə isə Azərbaycan 30 ilə yaxın zamanda ədaləti bərpa edə bilməyən böyük dövlətlərin və beynəlxalq təşkilatların əvəzinə haqqı təmin etdi, ərazi bütövlüyünü bərpa elədi. Bu, artıq yeni reallıqdır və bunu heç kəs dəyişə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31