Şərqi Zəngəzur məsələsinin gündəmə gətirilməsinin özü Azərbaycanın gələcək hədəflərindən xəbər verir - Araşdırmaçı yazar
1 Mart 2021 21:33 SiyasətBu sözləri mediaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 Fevralda keçirdiyi mətbuat konfransını şərh edərkən Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dr.Dərya Akdemir deyib. Dr.Dərya Akdemir bildirib ki Azərbaycan Prezidenti keçirdiyi mətbuat konfransında qardaş ölkənin ordusunun qazandığı zəfərdən sonra ictimaiyyət üçün qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirdi və ölkənin gələcək hədəfləri və planları barəsində çox incə mesajlar verdi. Bu mesajların verilməsinin indiki halda olduqca vacib olduğunu qeyd edən araşdırmaçı yazar artıq qələbədən sonra nəhai hədəflər haqqında danışmağın beynəlxalq ictimaiyətdə və daxili auditoriyada ölkə başçısının zatən yüksək olan nüfuzunun daha da yüksəldiyini sözlərinə əlavə edib: "Jurnalistlərin verdiyi suallara dörd saat yarımlıq müddət ərzində çox dəqiq və hədəfləri müəyyən edib ona uyğun olaraq cavablar verən Azərbaycan Prezidenti ölkədə və dünyada baş verən proseslərdə ölkəsinin rolu və yeri barəsində verdiyi informasiyalarda hadisələri necə dərindən analiz etdiyini və verdiyi qərarları məhz bu analizlərə əsaslanaraq verdiyini də nümayiş etdirdi. Özəlliklə, işğaldan azad olunan torpaqlar, geriqayıdış siyasəti, münaqişənin diplomatik həlli, Ermənistandakı revanşist qüvvələri və onların uğrayacağı aqibət bütün bunlar prezidentin verdiyi cavablar nəticəsində bütün dünyaya çatdırıldı. Bu mətbuat konfransının həyata keçirilməsinin özü belə müasir dövrdə KİV lə işləməyin önəmini bir daha göstərdi və onu da sübut etdi ki, ölkə başçısı bu cür incə nüansları daim diqətdə saxlayır və beynəlxalq medianın gücündən lazımınca istifadə etmək iqtidarındadır".
Dr.Derya Akdemir sözügedən mətbuat konfransında ölkə başçısının işğaldan azad olunmuş ərazilərdən bəhs edərkən "Şərqi Zəngəzur" siyasi terminindən istifadə etməyinə diqqət çəkərək, bunun Azərbaycanın xarici siyasət və diplomatiya tarixində yeni mərhələ olduğunu vurğulayıb. Araşdırmaçı yazarın sözlərinə görə, ölkə başçısının Qarabağ haqqında danışarkən oranı Şərqi Zəngəzur adlandırması, yaxın gələcəkdə Azərbaycanın Zəngəzurla bağlı tarixi gerçəklikdən çıxış edəcəyinin ilkin siqnalları sayıla bilər: "Şərqi Zəngəzur terminindən istifadə rəsmi Bakının Sovet hakimiyyəti dövründə Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilən Zəngəzurdan əsla vaz keçmədiyinin göstəricisidir. Qərbi və Şərqi Zəngəzur olaraq iki yerə ayrılan ərazinin bütöv bir ərazi vahidi kimi Azərbaycana geri veriləcəyi günü bütün Qərbi Azərbaycanlılar heç şübhəsiz səbrsizliklə gözləyirlər. Bu gün tarixi torpaqlarımız olan Qərbi Azərbaycan məsələsinin ölkə başçısı tərəfindən dünyanın aparıcı mətbu orqanlarının iştirak etdiyi mötəbər bir tədbirdə dilə gətirilməsi şübhəsiz ki, Azərbaycanın gələcək hədəflərindən xəbər verir. İnşallah irəliləyən dövrlərdə bu prosesin canlı şahidi olacağımızdan əmin olduğumu bildirmək istəyirəm. O zaman bizim oralarda qalan əcdadlarımızın ruhu bir az da olsa rahatlıq tapacaq".