Bir başqa 26 fevral...
1 Mart 2021 11:58 SiyasətBizim nəslin, mənim və həmyaşıdlarımın gəncliyi, ictimai-siyasi fəaliyyəti hər ilin 26 fevralında... necə deyərlər, sönürdü - 28 il boyunca 26 fevrallarda çökürdük... Biz bizdən gücsüz, bizdən hər halı ilə balaca və məhz bizim tarixi torpaqlarımızda qurulmuş "dövlət" tərəfindən soyqırıma məruz qalmışdıq. Doğrudur, bu soyqırım Rusiyanın bədnam 366-cı motoatıcı alayının biləvasitə iştirakı və dəstəyi ilə baş tutmuşdu amma bütün hallarda məhz Ermənistan və onun Dağlıq Qarabağda bəslədiyi oyuncaq rejim "qalib ədası" ilə gəzir, məhz Ermənistan siyasi-hərbi rəhbərliyi açıq mətnlə Xocalıda mülki əhalinin qanına qəltan edilməsini "əsaslandırır", "haqq" qazandırırdı... Bəs biz ötən uzun illər ərzində bu müsibətə necə dözdük, səbr etdik? - Əgər ən yığcam şəkli ilə ifadə etsək, haqqın nazilsə də, üzülməyəcəyinə inanaraq, müstəqil dövlətimizə, dövlətimizin apardığı hərbi quruculuq, intensiv xarici siyasət işinə, iqtisadiyyatımızın çiçəklənməsinə, dövlət-xalq birliyinə, xalq ruhunun cəsarətinə inanaraq, Ali Baş Komanadanımıza, Ordumuza inanaraq bugünə gəlib çıxa bildik... Və gün gəldi, Ali Baş Komandan Silahlı Qüvvələrəimizə "İRƏLİ!" əmri verdi, fədakar Ordumuz "Oldu!" dedi. Sonra həqiqət və gerçəkliklər bir-bir üzə çıxdı; biz bildiyimizi bilirdik, dünya gördü, Ermənistanın illərdir aldalılan cəmiyyəti gördü, dünya erməniliyi gördü o həqiqət və gerçəklikləri. Müzəffər Ordumuz Ali Baş Komandanın mükəmməl rəhbərliyi ilə 44 gün kimi qısa bir müddət ərzində 30 illik işğal illərində Qarabağda strukturlaşmış, 3-5 qat eşalonlaşaraq möhkəmlənmiş Ermənistan silahlı qüvvələrini darmadağın etdi, nəfəsini kəsdi, belini qırdı. Ali Baş Komandan dedi ki "Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa"... Prezident 44 günlük Vətən Müharibəsi müddətində dünyanın aparıcı media orqanlarına 30 yaxın müsahibə verdi. Bir yandan Azərbaycan ordusu irəlilədi, digər yandan Azərbaycan həqiqətləri yayıldı, tirajlandı. Ordumuz ruh bədənə qayıdan kimi, axın-axın, dalğa-dalğa öz dədə-baba torpağına yayıldıqca, Azərbaycan həqiqətləri də televizya, radio, portal, qəzet, jurnallar üzərindən tirajlandı; ordumuz aldadılmış erməni cəmiyyətini, yaxası dəmir-dümür dolu "yenilməz ordu" generalitetini həqiqətin sərt üzü ilə tanış etdikcə, informasiya sahəsində görülən işlər dünya ermənilərinin illərlə aldadaraq "qazandığı" ünvanları düşndürməyə başladı, aldadılmış dünya ictimai fikri önəmli dərəcədə dəyişdi, həqiqətlərlə tanış oldu. Hər iki cəbhənin tək lideri Prezident, Ali Baş Komandan İlham Əliyevdi! Ölkə başçısı 2021-ci ilin 26 fevralında yenidən dünya ictimai fikrini, Azərbaycan ictimai fikrini həqiqət və gerçəkliklərlə tanış etdi. 4 saatdan çox və 4 dildə! - Artıq etiraf olunduğu kimi bu formatda, bu qədər uzun və 4 dildə mətbuat konfransı keçirməklə dövlət başçımız rekorda imza atmış oldu. Əlbəttə, əsas kəmiyyət deyil, bu kəmiyyətləri aşan keyfiyyətdir - işin mahiyyətidir əsas olan. - Tək kəlmə ilə: BİZƏ QÜRUR YAŞATDIĞINIZ ÜÇÜN SİZƏ MİNNƏTDARIQ, CƏNAB PREZİDENT!
Qənirə Paşayeva