Ardıclılar Prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

1988-ci ilin dekabr ayında zorla öz doğma torpaqlarından qovularaq, deportasiya edilərək Azərbaycanda məskunlaşmış  Ermənistan SSR-nin Quqark (keçmiş adı Qarakilsə)  rayonunun Arçut (Ardıc) kəndinin sakinlərinin işğaldan azad olunmuş  Dağlıq Qarabağa köç etmək və orada Ardıc kəndini salmaq üçün Azərbaycan Respublikasının  Prezidenti möhtərəm İlham Əliyevə

M Ü R A C İ Ə T İ

Bakı şəhəri: 23 noyabr 2020-ci il

III  HİSSƏ:

Əsli:           Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız möhtərəm İlham Əliyevə;

Surəti:        Azərbaycan Respublikasının 1 Vitse -prezidenti  Mehriban xanım Əliyevaya;

Surəti:        Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova;

Surəti:  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri  cənab İnam Kərimova;

Surəti:        Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova;

Surəti:        Azərbaycan Respublikası  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə

Çox hörmətli Prezidentimiz, Ali Baş Komandanımız, möhtərəm İlham Əliyev!

Biz-Ardıc (Arçut) kəndinin sakinləri olaraq, əvvəlcə Sizi, həmçinin  Ali Baş Komandanımız kimi,  Siz başda olmaqla bütün müzəffər, rəşadətli və  qalib ordumuzu, eləcə də bütün xalqımızı cəbhədə göstərilən şücaətli zəfər  münasibətilə, eyni zamanda  Dağlıq Qarabağın işğaldan azad olunması kimi  şərəfli, əlamətdar    hadisə  ilə əlaqədar səmimi qəlbdən təbrik edirik, göz aydınlığı veririk!  Son 44 günlük "Vətən müharibəsi"nin qaliblərinin səbəbkarları kimi Sizə və şanlı ordumuza, eyni zamanda ətrafınızda yumruq kimi birləşən bütün  xalqımıza   öz minnətdarlığımızı bildiririk! Kəndimizin sevinci xalqımızın sevincinə qarışıb, torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və Azərbaycan tarixində nadir qələbələrdən olan şanlı zəfərimiz elimizdə-obamızda yeni ruh yaradıb. Bu qüdrətli, əzəmətli qələbə kəndimizin də  ictimai həyatında yeni şəraiti və gerçəklikləri meydana gətirib Xalqımızın bütövlüyü çərçivəsində kəndimizin də yenidən həməryləşməsi, sosiallaşması və bütövləşməsi üçün tarixi məqam yetişib.

Dəyərli Milli Qəhrəmanımız (Bu şərəfli adı uca zirvələri fəth etdiyinizə görə məhz xalqımız Sizə verib), Ali Baş Komandanımız, məlumat üçün bildirmək istəyirik ki, biz, -vaxtilə, Ermənsitan SSR-nin Quqark (Qarakilsə)  rayonunun, Arçut (Ardıc)  kəndindən 1988-ci ilin dekabr ayında, məlum Spitak zəlzələsindən sonra,  tarixi doğma yurdumuzdan zorla qovulmuş və nəticədə  qaçqın düşmüş və Azərbaycana pənah gətirmiş sakinlər, -Sizə müraciət etməklə  uzun müddətdir ki, qəlbimizdə gəzdirdiyimiz, birləşməyimiz və yenidən sosiallaşmağımız  yolunda  arzuladığımız xoş niyyətimizi reallaşdırmaq və məhz  Sizin köməkliyiniz sayəsində həyata keçirmək istəyimizi ifadə edirik.

Zati -Aliləri,  bütün xalqımız kimi biz Ardıclılara da məlumdur ki, Milli Liderimiz Heydər Əliyevin  Azərbaycana rəhbərliyi  ancaq və ancaq xalqımızın sosial-rifahının yaxşılaşmasına, insanlarımızın firavan həyatına  və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edib. Ürəyi  daima xalqla döyünən, zəkası və siması  xalqın rifahı ilə aydınlaşan və  nurlanan  Heydər Əliyev-Xalq; Xalq-Heydər Əliyev birliyi əbədi olub və  qəlbimizdə dərin izlərlə əbədi olaraq da qalacaqdır. Hamımız bilirik ki,  Milli Liderimiz daima xalqımızın rifahını, xoşbəxtliyini öz həyatının başlıca amalına, qayəsinə və  kredosuna  çevirib. Düşüncələrini yalnız xalqımızın əmin-amanlığına, sabitliyinə, dirçəlməsinə, birliyinə  və dövlətimizin möhkəmlənməsinə yönəldib. Həyatını xalqın yolunda qurban verməyə hər an hazır olub və bu yolda bütün çətinliklərə sinə gərib.  Hamımıza məlumdur ki, Milli Liderimiz Sovet hökumətinin rəhbərliyindən haqsız yerə uzaqlaşdırıldıqdan sonra xalqımızın başına bəlalar gəlməyə başladı. Etnik ayrıseçkiliyin qurbanına çevrildik.  Dağılmaqda olan Sovet rəhbərliyinin himayəsi ilə erməni caniləri  öz hiyləgər və məkirli siyasətinə əl atdı, azərbaycanlılara qarşı düşmənçiliyə başladı. Həmin düşmənçiliyin acı nəticəsi və faciəsi olaraq ilkin mərhələdə  biz azərbaycanlılar öz doğma yurdlarımızdan didərgin düşdük, qaçqına çevrildik. Faciədən, qırğınlardan yaxamızı qurtarmaq məqsədilə çoxəsrlik yurdlarımızı qoyub Azərbaycana pənah gətirdik. Silah gücünə dədə-baba torpaqlarımızdan qovulduq.

Açıq şəkildə etiraf etməliyik ki, o zamankı Azərbaycan SSR-nin  rəhbərliyi bizə bir o qədər də qayğı göstərə bilmədi. Qaçqın köçünü məqsədyönlü şəkildə yönləndirmədi.  Onları öz yaşadıqları təbiətə uyğun regionlarda kompakt şəkildə yerləşdirə bilmədi.    Ermənistandan qovulmuş azərbaycanlılar kütləvi şəkildə Dağlıq Qarabağa köçmək istədiklərini bildirsələr də, ölkə rəhbərliyi bu məsələyə ögey yanaşdı və laqeyd qaldı.  Bizim bu xoş niyyətimizi separatçı akt kimi qiymətləndirdilər.  Nəticə etibarilə Azərbaycan SSR  rəhbərliyindən maddi kömək görməyən qaçqınlar olaraq biz öz vəsaitimiz hesabına  birtəhər yerləşə bildik, evlər aldıq.  Zəhmətimiz hesabına özümüzə ev-eşik qura bildik. Dağlıq Qarabağ müharibəsinə, torpaqlarımızın müdafiə olunması proseslərinə bütün xalqımız kimi biz Ardıc kəndi də könüllü olaraq qoşulduq. Qan tökdük, şəhidlər verdik, yaralılarımız, müharibə veteranlarımız  oldu. Cəbhədə şücaətli qəhrəmanlar yetişdirdik.  Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın ilk milli qəhrəmanlarından biri olan, şəhidimiz   Fərhad Qənbər oğlu Hümbətov kəndimizin adını şərəfli və şanlı lövhələrə həkk etdi.  Biz hər zaman o qəhrəman evladla fəxr edir, onunla qürrələnirik. Onun xatirəsini daima əziz tuturuq. Dövlətimiz də onun adını daiam uca zirvələrdə qərarlaşdırıb. Fəxr edirik ki, xalqımızın bütün şəhidləri və qəhrəmanları kimi Ardıc adını tarixin şərəf lövhəsinə həkk edən Fərhad Hümbətov kimi əbədiyaşar evladımız var.

Xalqımızın tələbi ilə Milli Liderimiz Heydər Əliyevin 1993-cü ildə təkrar olaraq ölkəmizə rəhbərliyə gəlməsi hamı kimi bizim də sevincimizə səbəb oldu. Gələcəyə inamımız, güvənimiz artdı. Bəlalardan qurtarmağımıza əmin olduq.  Elə ilk günlərdən onun həyata keçirdiyi bütün siyasəti dəstəkləməyə başladıq, icraçısı olduq. Milli Liderimizin  rəhbərliyi sayəsində məcburi köçkünlərlə yanaşı, biz qaçqınlara da  sosial güzəştlər, o cümlədən təhsil güzəştləri (dövlət ali müəsissələrində ödənişli təhsil haqqından azad)  və digər imtiyazlar  tətbiq olundu. Yaşadığımız əmlaka olan hüquqlarımız tanındı. Məhz onun hakimiyyəti dövründə  bizə qarşı əvvəlki hakimiyyətin ögey münasibətinə son qoyularaq, isti ab-hava yarandı. Bununla da həyata olan ümidlərimiz çoxaldı. Dövlətimizə inamımız gücləndi.

Möhtərəm Prezidentimiz İlham Əliyev, Siz 2003-cü ildən bu yana dövlətimizə uğurla rəhbərlik edirsiniz! Rəhbərliyiniz dövründə uğurlu və daxili siyasətiniz xalqımız tərəfindən dəstəklənir. Biz Qərbi Azərbaycanlıların tərkibi olan Ardıclılar da hər zaman Sizin  siyasətinizin  dəstəkləyicisiyik. Ətrafınızda sıx birləşmişik. Sizi özümüzə arxa-dayaq sanırıq. Ölkəmizin birinci xanımı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı  "Xalqımızın xeyirxah anası", "Xalqımızın qayğıkeş bacısı" kimi qəbul edirik.  Onun xalqımız və Milli Liderimiz adına gördüyü işləri, Sizin davamçınız, sirdaşınız, yoldaşınız və tərəfdaşınız  kimi  həyata keçirdiyi layihələri ürəkdən bəyənirik, təqdirəlayiq hadisə hesab edirik.

Çox əziz, İlham Heydər oğlu, məhz Sizin uğurlu siyasətiniz sayəsində dövlətimiz sentyabrın 27-dən başlanan  "Vətən Müharibəsi"ndə qalib gəldi. Dünyaya elə bir nümunə göstərdiniz ki, bu zəfər  dünyanın yaddaşından heç zaman silinməz izlər buraxıb!  Siz uzun müddət səbr nümayiş etdirərərk, uğurlu diplomatiya ilə hərbi siyasətin vəhdətini yaratdınız və nəticə etibarilə ölkəmiz yağı düşmən üzərində qalib gəldi.  Vətən müharibəsi müraciətinizə bütün xalqımızla yanaşı, biz ardıclılar da dərhal qoşulduq. Cəbhəyə igidlər yola saldıq. Siyasətinizə dəstək olduq.    Bu qalibiyyət tarixi ədaləti özünə qaytardı və məcburi köçkünlərimiz üçün öz doğma yurdlarına qayıtmaq şansı verdi. Torpaqlarımız öz doğma sakinlərinə qayıtdı. Məlumdur ki, artıq rəhbərliyiniz sayəsində məcburi köçkün soydaşlarımızın doğma yerlərinə qayıtmaq proqramları hazırlanır.  İşğaldan azad olunmuş rayonların sənaye və kənd təsərrüfatı mərkəzlərinə çevrilməsi dövlət siyasətinin prioritetini təşkil etməkdədir. Biz Ardıc sakinləri inanırıq ki, bu işin də öhdəsindən layiqincə gələcəksiniz. "Böyük Qayıdış layihəsi"ni uğurla həyata keçirərək,  Müqəddəs Qarabağ torpağımızı cənnətə çevirəçəksiniz!

Cənab Prezidentimiz, kəndimiz indiki Ermənistanın  Loru- Pəmbək mahalında Kiçik Qafqaz dağlarında yerləşir. 1988-ci ildə kəndimizdə 655 yaşayış evi olmuş, əhalisi də 6545 nəfərdən ibarət idi. 1988-1989-cu  ildə əhalinin çoxusu Bakı şəhərində məskunlaşıb. Bir qismi də digər yerlərdə pərən-pərən düşüb. Kəndimiz  xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan çoxlu sayda ziyalı yetişdirib.   Bakı şəhərinin  böyüklüyü kəndimizin çoxəsrlik adət-ənənəsinin birgə şəkildə yerinə yetirilməsində olduqca çoxlu sayda çətinliklər yaradıb. Həmçinin əslər boyu qanımıza hopmuş kənd təsərrüfatı vərdişlərindən uzaqlaşdırıb. Kənd adət-ənənəsini saxlamaqda çox çətinlik çəkirik. Hesab edirik ki, təkrarən bir kənddə yaşsaq xalqımıza daha çox dəyərlər bəxş edə bilərik.

Möhtərəm Prezidentimiz, Azərbaycanın Qarabağ bölgəsində meydana gəlmiş yeni iqtisadi, sosial, xüsusilə,   kənd təsərrüfatı reallıqlarında biz Ardıclılar da iştirak etmək marağındayıq. Belə ki, hesab edirik ki, regionun iqlimi və təbii landşaftı məhz bizim kəndimizə uyğundur. Nəslimizin sağlam həyatını təmin edə biləcəkdir.  Eləcə də kənd təsərrüfatı potensialı imkan verəcək ki, biz kəndlilər təsərrüfatla məşğul olaq və quruculuqda iştirak edək. Dövlətimizin gəlirlərinin artmasında öz töhfəmizi verək.

Onu da dərk edirik ki, imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanata uyğun olaraq ilk növbədə daxili köçkünlər yerləşdirilməli və onlar  öz doğma yerlərinə qayıtmalıdır. Hesab edirik ki, bundan sonra Ermənistandan gələn azərbaycanlı qaçqınlara da dövlətimiz və hökumətimiz  tərəfindən o münbit torpaqlarda məskunlaşmaq üçün    şərait yaradılacaqdır.

Hörmətli Prezidentimiz, deyilənləri nəzərə alaraq, həmçinin yaranmış yeni gerçəkliklərə görə, eyni zamanda   tarixi ədalətin bərpası naminə, xalqımızın birliyi tərkibində kəndimizin birliyini istəyərək,  çoxəsrlik adət-ənənəmizin bütövlüyü naminə biz,  Ardıc sakinləri,  Sizdən xahiş edirik ki, işğaldan azad olunmuş Dağlıq Qarabağ regionunda boş qalmış yerlərdə  yeni kənd (Ardıc adında)  salmaq üçün bizə torpaq  sahəsi ayırasınız. Ya da gələcəkdə  boş qalmış  kəndlərdən birinə köçürülməyimizi təmin edəsiniz!

Əvvəlcədən Sizə və xalqımıza öz təşəkkürümüzü bildiririk və sağlam, çiçəklənən Azərbaycan yolunda bol-bol uğurlar, yeni-yeni nailiyyətlər, zəfərlər  arzulayırıq! Kəndimiz Sizə çox sağ olun, deyir! Ümid edirik ki, tərəfinizdən müraciətimizə müsbət yanaşılacaqdır! Köməkliyiniz sayəsində  yaxın gələcəkdə Dağlıq Qarabağda "Ardıc" adında yeni bir kəndə nəfəs veriləcəkdir!

Müraciətin hazırlanması (tərtib olunması) tarixi: 23 noyabr 2020-ci il

Müraciətə qoşulanların nümayəndəsi

Elşən Misir oğlu Nəsibov

Siyasətşünas-alim, yazıçı, publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31