Hər zaman tarix yazan Ali Baş Komandan
27 Fevral 2021 15:10 SiyasətAzərbaycan Prezidenti keçirdiyi mətbuat konfransı ilə də bunu sübut etdi
Bu günlərdə Azərbaycan dövləti, onun dövlət başçısı, müzəffər Ali Baş Komandanı bir daha dünyanın diqqətini özünə cəlb etməyi bacardı. Ümumiyyətlə, keçən ilin sentyabr ayının 27-dən Azərbaycan və onun Prezidenti Cənab İlham Əliyev dünya gündəminin bir nömrəli adamı, müzakirə mövzusu olub. Həm 44 günlük Vətən müharibəsi, həm də bu müharibədə uğurlu qələbə ilə. Bu günlərdə isə həmin qələbənin xarici KİV-lərlə təhlili, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından rəsmi Bakı və onun rəhbəri dünyanın diqqətində idi. Təbii ki, söhbət fevralın 26-da Bakıda xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyvin keçirdiyi mətbuat konfransından gedir. Hər şeydən əvvəl onu qeyd etmək yerinə düşər ki, mətbuat konfransının məhz 26 fevral tarixinə, Xocalı soyqırımının ildönümü gününə təsadüf etməsi informasiya mübarizəsində daha bir addım irəli istiqamətləndiyimizi sübuta yetirdi. Faciə günündə xarici KİV-lərlə bir araya gələn dövlət başçısı 29 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirdiyini medianın diqqətinə çatdırmaqla bir daha erməni vandalizmini, terrorizmini ifşa etmiş oldu. Bir daha Azərbaycan Prezidenti dünyanı bu vəhşilik barədə məlumatlandırdı.
Digər tərəfdən sözügedən mətbuat konfransı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin həyata keçirdikləri dağıntılar, vəhşiliklərin xarici KİV-lər vasitəsilə dünyaya çatdırılması baxımından da əlamətdar idi. Cənab Prezident ayrı-ayrı ölkələrin media nümayəndələrinin suallarına cavab verərkən ermənilərin işğal etdiyi ərazilərimizdə törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verdi, erməni vandalizminin, vəhşiliyinin iç üzünü açdı. Mətbuat konfransının ertəsi günü xarici KİV-lərin işğaldan azad edilmiş ərazilərə səfər edərək həmin vəhşilikləri öz gözləri ilə görməsi də Azərbaycanın təbliğatı baxımından önəmlidir.
Və nəhayət, Azərbaycan Prezidenti 4 saatdan artıq davam edən mətbuat konfransında işğaldan azad edilən ərazilərimizdə görüləcək işlər barədə də medianı biligiləndirdi, qarşımızda duran mühüm vəzifələri onlarla bölüşdü.
Onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin 4 saatdan artıq davam edən mətbuat konfransı ölkəmizin təbliği, erməni vəhşiliyinin dünyaya çatdırılması ilə yanaşı, dövlət başçısının bir sıra üstün keyfiyyətlərinin üzə çıxarılması baxımından da əlamətdar idi. İlk növbədə Azərbaycan Prezidenti ona ünvanlanmış sualları 4 dildə, Azərbaycan, rus, ingilis, türk dillərində cavablandırmaqla bir ilkə imza atmış oldu, nümunə rolunu oynadı. Təsadüfi deyil ki, hətta xarici KİV-lərin nümayəndələri belə bunu mətbuat konfransında açıq şəkildə ifadə etdilər. Məsələn, Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında Azərbaycan Prezidentinin bu bacarığını yüksək qiymətləndirərək deyib: "25 ildir jurnalistika fəaliyyəti ilə məşğulam. Amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmamışam". Bu həm də Azərbaycan dövlət başçısının bir rekorda imza atması demək idi. Həm sualları fərqli-fərqli dillərdə cavablandırması, həm də uzunmüddətli mətbuat konfransı keçirməsi baxımından. Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidenti 4 saatdan artıq media nümayəndələri ilə birlikdə olub və onların suallarını geniş, ətraflı şəkildə cavablandırıb ki, da zaman baxımından rekord göstəridir. Xarici media nümayəndələri özləri etiraf ediblər ki, bu vaxta qədər heç bir dövlət başçısının bu qədər uzun müddət davam edən mətbuat konfransı olmayıb.
Dövlət başçısının məlum mətbuat konfransına diqqət çəkən Milli Məclisin deputaı Eldəniz Səlimov da deyib ki, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransı ilə daha bir ilkə imza atdı. Onun sözlərinə görə, dövlət başçısı ilklər müəllifi kimi daha bir tarix yazdı, daha bir ustad dərsi keçdi: "Daha bir örnək nümunəsi oldu. 4 saat ərzində yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. 35-dən çox media qurumunun 50-dən çox sualını cavablandırdı...Özü də bir neçə-Azərbaycan, qardaş, doğma Türk dilində, o cümlədən, rus və ingilis dillərində. Bu məqamın, bu faktın özü xarici, əcnəbi media təmsilçilərini belə heyrətə gətirdi, onları yaxşı mənada təccübləndirdi".
Deputatın sözlərinə görə, 4 saatlıq mətbuat konfransında elə bir məsələ qalmadı ki, ona toxunulmasın, münasibət bildirilməsin.
Süleyman