Xocalı qurbanlarının qisası alındı

Cahangir Hüseynov: "Tezliklə Azərbaycan bayrağı Xocalıda da dalğalanacaq"

"Aradan 29 il keçməsinə baxmayaraq hələ də Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirən erməni separatçıları, terrorçuları, insan qatilləri həmin cinayətə görə məsuliyyətə cəlb edilməyiblər. Bu da dünyada mövcud olan ikili standartlar, haqlı davamıza, haqq işi uğrunda mübarizəmizə bəzi beynəlxalq təşkilatların biganə qalması ilə bağlıdır". Bu fikirləri "OLAYLAR"-a sabiq deputat Cahangir Hüseynov səsləndirib. O, bildirib ki, Azərbaycan tərəfi ötən illər ərzində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərib. Cahangir Hüseynov bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işləri xüsusi qeyd edib: "Ötən illər ərzində onlarla ölkə parlamenti və digər strukturlarının bu soyqırımı pisləməsi, onu tanıyan qərarlar qəbul etməsi, bəyanatlar verməsi məhz "Xocalıya ədalət" kampaniyasının uğurlu nəticələrindəndir".

Cahangir Hüseynov onu da qeyd edib ki, bu il Xocalı qurbanlarının xatirəsi fərqli bir situasiyada anılır: "44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində şanlı qələbə əldə etməsi ilə belə deyərdim ki, Xocalıda erməni vandallığının qurbanına çevrilmiş azərbaycanlıların ruhunu bir növ şad etdi. Hesab edirəm ki, qismən də olsa Xocalı qurbanlarının qisası alındı. Qismən ona görə deyirəm ki, həmin soyqırımın birbaşa iştirakçısı olan köçəryanlar, sərkisyanlar beynəlxalq ədalət məhkəməsi qarşısında tökdükləri qanlara görə cavab verdikdə, cinayət məsuliyyətinə cəlb edildikdə Xocalı qurbanlarının ruhu tam şad olacaq".

Cahangir Hüseynov əmin olduğunu bildirib ki, qısa müddətdə məcburi köçkünlər, eləcə də xocalılar öz doğma yurdlarına qayıdacaq və Azərbaycan bayrağı Xocalıda da dalğalanacaq: "Sonda bir daha 29 il əvvəl Xocalıda erməni vandallarının qurbanına çevrilmiş insanlarımıza Allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31