İlham Məmmədov: “Ordumuzun zəfər qalibiyyəti nəticəsində Xocalı soyqırımının qurbanlarının qisası alındı”
26 Fevral 2021 10:25 SiyasətXX əsrin faciəsi olan Xocalı soyqırımı mənfur və cinayətkar erməni siyasətinin nəticəsidir. Çünki XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı Xirosima və Naqasaki kimi dəhşətli faciələr ilə bir sırada dayanır. Ümumilikdə isə xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.
Müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyev Xocalı həqiqətlərini bütün dünyaya çatdırmış böyük tarixi şəxsiyyətdir. Ulu öndərimiz Xocalı faciəsindən bəhs edərəkən haqq səsini ucaldaraq söyləmişdir ki, "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır". Bəli həqiqətəndə bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayətdir. Məhz Azərbaycanın ümummilili lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Tariximizin acı həqiqətlərindən biri olan Xocalı faciəsi dünya azərbaycanlılarının qəlbində dərin hüzn dolu izlər buraxmışdır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət" kampaniyası, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir. Əksər dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırım kimi tanıyır. Heydər Əliyev Fondu tərəfindən hazırlanan vəsaitlər-kitablar, albomlar, videodisklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Həmçinin sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Vətən müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçıları da var idi. Ümummilli liderin layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun erməni təcavüzkarlarını məhv edərək qazandığı möhtəşəm zəfər Qələbəsi Qarabağ Azərbaycandır ifadəsinin əyani sübutu idi!. Bununla yanaşı Ordumuzun zəfər qalibiyyəti nəticəsində Xocalı soyqırımının günahsız qurbanlarının qisası alındı və ümumilikdə torpaqlarımızın azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin əziz ruhu əbədi rahatlığa qovuşdu.
İlham Məmmədov-Milli Məclisin deputatı