Yeni müharibə cəhdi Ermənistana da "artsax"ın aqibətini yaşadacaq

Ermənistanda cərəyan edən proseslərə diqqət çəkən siyasi şərhçi Xəyal Bəşirov deyib ki, 44 günlük müharibədən sonra məntiqi olaraq Ermənistanda hazırki siyasi təlatümlərin olacağı gözlənilən idi.

Ermənistanda Qarabağ məğlubiyyətindən sonra daxili siyasi gərginlik daha da artıb. Baş nazir Nikol Paşinyanı məğlubiyyətdə ittiham edən onun əleyhidarları, keçmiş prezidentlər hesab edirlər ki, Nikol bilərəkdən Ermənistanı Azərbaycan qarşısında məğlub duruma qoyub. Bu günlərdə müsahibə verən baş nazir isə bütün günühları keçmiş rəhbərlikdə, sabiq prezidenti Serj Sərkisyanda görüb.

Ermənistanda cərəyan edən proseslərə diqqət çəkən siyasi şərhçi Xəyal Bəşirov deyib ki, 44 günlük müharibədən sonra məntiqi olaraq Ermənistanda hazırki siyasi təlatümlərin olacağı gözlənilən idi. Onun sözlərinə görə, çünki, istənilən müharibədən sonra məğlub dövlətlərdəki hakimiyyətlərin dəyişilməsi bir zərurətə çevrilir: "Sadəcə nə qədər paradoksal olsa da hələ ki, Ermənistanda Paşinyan hakimiyyəti dirəniş göstərir. Əslində bunun da məntiqi bir cavabı var. Çünki, Ermənistan əhalisi bu məğlubiyyətin ən böyük payının hazırda Paşinyanı devirmək istəyən Qarabağ klanına aid olduğunu çox yaxşı anlayır.  Təsəvvür edin, hazırda Ermənistandakı siyasi müxalifət ümumilikdə elə bir tükənmiş vəziyyətdədir ki, müharibədə uduzan, kapitulyasiya aktına imza atan və özü özlüyündə çox zəif olan Paşinyan hakimiyyətinin laxlaması üçün onun hansısa yanlış bəyanat verməsini gözləyir. Ancaq hesab etmirəm ki, hansısa yanlış bəyanatla Ermənistanda hakimiyyət dəyişikliyi baş versin və xüsusilə də, bütün daxili və xarici siyasi resursları tükənmiş hazırki revanşist müxalif quvvələr iqtidara gələ bilsin".

Xəyal Bəşirov qeyd edib ki, Rusiyanın antirus bəyanatlara görə Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasında maraqlı olacağı ilə bağlı fikirlərə gəlincə isə, buna da heç bir ehtimal vermir: "Çünki, Rusiya ilə Qərbin Ermənistanda Paşinyanın hakimiyyətdə qalması ilə bağlı razılaşdıqları çoxdan hiss olunmaqdadır. Ən az, müəyyən müddətə bu belə davam edəcək. Məhz, elə buna görədir ki, Paşinyanda arxayınçılıq və özgüvən hiss olunmaqdadır. Bundan başqa 10 noyabr tarixli bəyanatın imzalanmasında iştirak və vasitəçilik edən, regionda sülh prosesinin təminatını öz üzərinə götürən Rusiya üçün bu cür qeyri-ciddi bəyanatlar o qədər də əhəmiyyət kəsb etmir. Rusiya Prezidenti Putinin Köçəryanla şəxsi münasibətlərini irəli sürənlər var, ancaq onlar unudurlar ki, şəxsi maraqlardan daha öndə dövlət maraqları var ki, həmin maraqlar hazırda tam başqa şərtləri diktə edir. Sadəcə, erməni müxalifəti Moskvanın siyasi dəstəyindən məhrum olduğuna görə bu cür əsassız və Ermənistandakı ictimai rəyi aldatmağa hesablanmış fikirlər səsləndirir. Bundan başqa Ermənistan müxalifəti də yaxşı bilir ki, İrəvandakı iğtişaşlar uzun müddət davam edə bilməz. Zaman daraldıqca həm insanlardakı çox kiçik inam ölür, həm də baş verənlərə hakimiyyətin qəti reaksiyası reallaşır. Bu günə qədər müxalifətin atdığı addımlara heç bir əhəmiyyətli reaksiya göstərməyən Paşinyan böyük ehtimal ki, müxalifətə böyük sürpriz hazırlayır. Hesab edirəm ki, bu geniş miqyaslı həbslərdən ibarət sürpriz də ola bilər".

Ekspert Paşinyanın son müsahibəsində qeyd etdiyi "İsgəndər" raketi məsələsinə də diqqət çəkib. Bildirib ki, Paşinyan bu günlərdə verdiyi müsahibədə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana İskəndər raketi atdıqlarını etiraf etdi: "Bu şəxsin ya biclikdən, ya da giclikdən Azərbaycana çox xeyri oldu. Düşmənimiz olsa da, içimizdəki bir çox illərdir boş-boş danışanlardan daha çox iş görür leyhimizə. Əslində, bir neçə gün əvvəl eks Prezident Serj Sarkisyan tərəfindən, daha sonra isə hazırki baş nazir tərəfindən bunun etirafı Azərbaycanın xeyrinədir. Çünki, Azərbaycan həm Avropa İnsan Haqları məhkəməsinə, həm də Beynəlxalq Cinayət məhkəməsinə müraciət edib. Bu baxımdan həmin etiraflar tərəf olaraq Azərbaycan üçün beynəlxalq məhkəmə müstəvisində ciddi əhəmiyyətli sübutdur. Sadəcə maraqlısı odur ki, bu cür ağılsız etiraf edən Ermənistan tərəfinin iqtidar və müxalifət rəsmiləri ya beynəlxalq səviyyədə məhkəmə məsuliyyətindən tam sığortalanıb, ya da ağıllarını tam itiriblər. Ancaq, bəlkə bundan sonra hakimiyyətə gəlmək üçün pafoslu müharibə çağırışları edən revanşistlərin bəhanə resursları bitəcək. Nəhayət anlayacaqlar ki, hətta nüvə silahları olsa belə, artıq məğlub olublar və yeni bir müharibə cəhdi Ermənistana da "artsax"ın aqibətini yaşadacaq".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31