Xocalı dəhşətinin canlı şahidi- “Ayaqlarım o qədər donmuşdu ki,  heç nə hiss etmirdim”- MÜSAHİBƏ-ÖZƏL

Aynur Abışova: "Qarlı, şaxtalı havada meşədə günlərlə yol qət edərkən bacım soyuqdan donmuşdu. Anam onu qucağında bərk-bərk sıxır  və tez-tez nəfəs verirdi ki, həyatda qalsın"

Bu günlərdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçidikləri soyıqırımın 29-cu ili tamam olur. 29 il əvvəl erməni separatçıları və terrorçularının həyata keçirdikləri həmin soyqırım zamanı yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, bir o qədər vətəndaşımız müxtəlif dərəcəli xəsarət alıb. Həmin hadisələrin canlı şahidləri, yaxınları, doğmaları Xocalıda erməni vandalizminin qurbanına çevrilən vətəndaşlarımız bu gün də o anları qəhər içərisində xatırlayır, Onlardan biri də Xocalı sakini, erməni vəhşiliklərini öz gözləriylə görən Aynur Abışovadır. "OLAYLAR"-a verdiyi müsahibədə Aynur Abışova 29 il əvvəl erməni vandallarının doğulub boya-başa çatdığı Xocalıya hücumu və azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklərdən danışıb.

-Aynur xanım, bu günlərdə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın 29-cu ildönümü qeyd edilir. Siz bir Xocalı sakini kimi həmin hadisələri necə xatırlayırsınız?

-Bəşəriyyətə qarşı törədilmiş ən ağır faciə olan Xocalı soyqırımından artıq 29 il keçir. Aradan 29 il keçməsinə baxmayaraq həmin faciəni indi də gün kimi xatırlayıram. Gecə saat 12 radələri olardı və biz adəti üzrə yatmışdıq. Qəflətən qapımız döyüldü. Qonşumuz Yelmar kişi  bildirdi ki, ermənilər artıq Xocalıya girib. O, anama dedi ki,  uşaqları təlaşlandırmadan əyinlərini geyindir və bizim zirzəmiyə gəlin. Anam tələsik bizim paltarlarımızı geyindirdi və biz qonşunun zirzəmisində gizlənməli olduq. Ertəsi gün axşam saatlarına qədər biz həmin zirzəmidə qaldıq və biz zirzəmiyə sığınan zaman artıq ermənilər kəndə daxil olmuşdu. Ermənilər evləri yandırır, qız-gəlini  əsir aparırdı. Məhəlləmizin kişiləri artıq ermənilərin kəndə daxil olub qız-gəlini əsir aparmasını görürdülər. Ancaq bizi qorxutmamaq üçün bunu açıq deyə bilmirdilər. Səhərə yaxın artıq açıq şəkildə məlumat verdilər ki, ermənilər kəndi aliblar. Biz gizlincə zirzəmidən çıxıb 5 mərtəbə deyilən yeni tikilmiş binaya doğru getdik. Ermənilər bildilər ki. biz ordayıq, dərhal binanı mühasirəyə aldılar. Səhərə qədər binanı müxtəlif silahlarla atəşə tutdular. Əmim ermənilərin açdığı atəş nəticəsində orada yaralandı. Bir müddət sonar isə atəş səsləri kəsildi. Həmin an biz çətinliklə də olsa binanı tərk edib meşəyə doğru istiqamət aldıq. Güclü qar yağmışdı və anam bizə dedi ki,  ayaqqabılarınızı çıxarın. Çünki ayaqqabı ilə hərəkət edərkən geri qalırdıq və digər insanlarla ayaqlaşa bilmirdik.  Arxada qalan kimsəni gözləmək olmurdu. Biz ayaqqabılarımızı çıxarıb meşəyə girdik. Ayaqlarım o qədər donmuşdu ki,  heç nə hiss etmirdim. Ayaqlarımızın donmaması üçün anam paltarını cırıb bizim ayağımıza baglamışdı. Ancaq buna rəğmən böyük bacım tamamilə donmuşdu. Anam bacıma nəfəs verə-verə onu ayaqda saxlamağa çalışırdı. Digər balaca bacım isə aclıqdan aglayırdı və çörək istəyirdi. Tam 2 gün meşə  ilə ac-susuz  yol gedərək çətinliklə də olsa gəlib Ağdama çadıq.

-Xocalı soyqırımı zamanı yaşadığınız müsibətlər, qorxu, təhlükələr yadınızdadırmı və hansı şəraitdə erməni vandallarından canınızı sağ qurtara bildiniz?

-Mən həmin faciə zamanı azyaşlı idim. Ancaq hər şey xatirimdədir. Uşaq yaddaşı silinməz olur deyirlər və bu düzgün fikirdir. Yaxşı yadımdadır ki, biz ermənilərin əlindən qaçıb meşədə gizləndikdə onlar Azərbaycan dilində bizləri çağırırdılar. Bizi aldadılar ki, üzə çıxın, guya bizə kömək etmək istəyirdilər. Əslində isə bu bir qurğu idi və məqsəd bizi də tapıb öldürmək idi. Çünki neçə-neçə insanlar ermənilərə  inanıb onların çağırışına səs verib üzə çıxdıqdan sonra ya vəhşicəsinə qətlə yetirilib, ya da əsir götürülmüşdü. Ermənilər meşədə belə rahat hərəkət etməyə, addımlamağa bizə imkan vermirdi. Güllə yağış kimi üzərimizə yağırdı. Həmin anlar yanımda neçə-neçə insanlar erməni gülləsinə tuş gələrək həlak oldu. Ananın gözü qarşısında balası dünyasını dəyişirdi. Çox ağır bir mənzərə idi. Anam bizi çox əziyyət, əzabla gətirib Ağdama çıxara bildi. Bu da Allahın bir qisməti idi və görünür qismətdə ölüm yox idi. Onu da qeyd edim ki, həmin dəhşətli, qorxulu anlarda mənim azyaşlı olmağım elə bil mənə güc verirdi. Çünki nə olub bitdiyini anlamırdım. Elə bilirdim yenə evimizə qayıdacağıq.

-Səhv etmirəmsə bacınızın soyuqdan vəfat etdiyini də zənn etmisiniz, lakin sonradan həkimlərin səyi nəticəsində xilas edilib.

-Bəli, doğru deyirsiniz. Qarlı, şaxtalı havada meşədə günlərlə yol qət edərkən bacım soyuqdan donmuşdu. Anam onu qucağında bərk-bərk sıxırdı və tez-tez nəfəs verirdi ki, həyatda qalsın. Bacımın artıq nəfəsi gəlmirdi. Buna baxmayaraq anam bir an belə olsun onu qucağından yerə qoymadı. Elə bilirdik ki, bacım artıq dünyasını dəyişib. Ağdama çatanda bizi bir evə apardılar və isti sobanın kənarında bizə yer açdılar. Bir müddətdən sonra bacımın nəfəsi geldi. Həmin anları heç vaxt unuda bilmirəm.

-Bəs soyqırım zamanı yaxın qohumlardan erməni vəhşiliyinin qurbanına çevrilibmi?

-Yuxarıda da qeyd etdiyim kimi, faciə zamani özümüzü qorumaq üçün 5 mərtəbə deyilən binaya daxil olarkən əmim düşmən gülləsinə tuş gələrək yaralandı. Həmçinin əmim oğlu şəhid oldu.

-Erməni zülmünü görən, o dəhşəti yaşayan biri kimi nə qədər həmin qorxu hissi sizdə mövcud oldu və öz doğma torpağınızı məcburiyyət qarşısında tərk edib bir başqa əraziyə yerləşmək ağrıdıcı deyildimi?

-Həmin faciədən sonra sanki yaddaşım donmuşdu. Yalnız Xocalıda yaşadığımız dəhşətlər xatirimdə idi. Bu hal bir müddət davam etdi və hər dəqiqə həmin ağır durumu xatırlayırdım. Yuxudan tez-tez qışqıraraq ayılırdım. Çox çətin günlər idi. Uşaqlığım, uşaq dünyam məhv olmuşdu. Sualınızın ikinci hissəsinə gəlincə, əlbəttə ki, öz doğulduğum torpaqdan məcburən çıxıb başqa bir yerdə yerləşmək elə də asan olmadı. Qətiyyən yeni mühitə uyğunlaşa bilmirdim, hər gün  ağlayırdım və evimizə getmək istəyirdim. Çünki yaşımın az olması əslində nəyin baş vediyini düşünməyə imkan vermirdi. Anam hər dəfə bizi sakitləşdirmək üçün evimizə qayıdacağımızı deyirdi və bir müddət bizə belə yalanlar demək məcburiyyətində qaldı. Sonra böydükcə əslində nəyin baş verdiyini anladım.

-Aynur xanım, Xocalı soyqırımını öz şəxsi həyatında, ətrafında hiss etmiş, yaşamış biri kimi bu illər ərzində bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı addımlar atmısınız?

-Xocalı faciəsinin canlı şahidi kimi hər zaman calışmışam ki, bu faciənin dünya birliyinə çatdırılmasında mənim də müəyyən mənada əməyim olsun. Xocali faciəsinin təbliği ilə bağlı bir çox xarici ölkələrdə olmuşam, geniş məruzələrlə çıxış etmişəm. Başımıza açılan bu zülmləri dünya birliyinə çatdırmaq biz xocalıların borcudur.

-Ümumiyyətlə, Xocalı soyqırımını dünya tam olaraq niyə tanımaq istəmir? Nə üçün 20-ci əsrin insanlıq faciəsinə biganə yanaşılır?

-Xocalı faciəsi misli görünməmiş bir faciədir. Çünki bu faciə dinc əhaliye qarsi yönəlmiş bir soyqırımdır. Ancaq buna baxmayaraq deyərdim ki, bir çox dövlətlər bu faciəyə laqeyd münasibət bəsləyirlər. Dünya birliyi hələ də bu həqiqətin qarşısında susur. Xocalı faciəsi insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir. Bunu bütün dünya bu cür qəbul etməlidir və əminəm ki, gec-tez haqq öz yerini tapacaq.

-Xocalı soyqırımın 29-cu ildönümündə deyə bilərikmi ki, Vətən müharibəsində qələbəmiz Xocalı qurbanlarının da ruhunu şad edib?

-Bəli, tamamilə doğru deyirsiniz. Bu gün Xocali şəhidlərinin ruhu şaddır. Çünki 29 ildən sonra nəhayət ki, zəfər çaldıq. Cənab prezidentimizin şücaəti, ordumuzun səyi nəticəsində düşmən tapdağında olan torpaqlarımız azad işğaldan edildi. Bununla artıq Xocalı şəhidlərinin də qisası alınıb. Bütün şəhidlərimizə ulu tanrıdan rəhmət diləyirəm. Qarabag Azərbaycandır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31