Milli Vəhdət Partiyası: Ermənistan iki yol ayrıcındadır
MVP: “Ya revanşist cəhdləri bir kənara qoyub Azərbaycanla dinc, qonşuluq şəraitində yaşamağa davam etməli, ya da yenidən Azərbaycanın dəmir yumuruğunun dadını görməlidir”
18 Fevral 2021 12:32 SiyasətYa işıq gələn tərəfə, Azərbaycana sığınmalı, ya da it hürən tərəfə, onu regional maraqlar naminə oynadan, Ermənistandan bir vasitə kimi istifadə edən qüvvələrə istiqamət götürməlidir
Görünən odur ki, Ermənistanın bəzi siyasiləri, o cümlədən Dağlıq Qarabağda separatçı dəstə yaradan dairələr 44 günlük Vətən müharibəsində Azərbaycandan aldıqları dəmir yumruğun yenidən işə düşməsi, bu dəfə Ermənistanı tamamilə məhv etməsi istəyindədirlər. Əks halda son günlər Ermənistanda yenidən revanşist cəhdlər, fikirlər gündəmə gəlməzdi. Bu günlərdə həm Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın, həm də separatçıların lideri Araik Arutunyanın verdikləri açıqlamalar belə deməyə əsas verir.
Ermənistan tərəfindən səsləndirilən təxribat xarakterli fikirlər və revanşist cəhdləri ciddi şəkildə pisləyən Milli Vəhdət Partiyası hesab edir ki, düşmən ölkənin məkirli dairələrinə ən yaxşı cavabı elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı verdi. Milli Vəhdət Partiyası dövlət başçısının "Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın" fikirlərinə dayanaraq bəyan edir ki, Ermənistandakı həmin qüvvələr dövlət başçımızın xəbərdarlıq mesajlarından nəticə çıxarmalıdır: "Əks təqdirdə Azərbaycana qarşı atılacaq hər bir məkirli və təxribat xarakterli addım Ermənistan üçün acı fəsadlara səbəb ola bilər. Elə İrəvanın hazırda düşmüş olduğu acınacaqlı vəziyyət də məhz Ermənistan hakimiyyətinin Azərbaycan tərəfinin xəbərdarlıqlarına məhəl qoymamasının nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi başlayan ana qədər bütün beynəlxalq tribunalardan, keçirilən çoxtərəfli görüşlərdən istifadə edərək beynəlxalq aləmi Ermənistanın yeni işğalçılıq siyasəti ilə bağlı məlumatlandırır, qarşı tərəfin təxribatlarının davam edəcəyi təqdirdə bunun düşmən ölkə üçün yaxşı nəticələnməcəyini bəyan edirdi. Azərbaycan rəhbərliyinin xəbıərdarlığına məhəl qoymayan Ermənistanın faşizm ideyalarına xidmət edən hakimiyyəti 44 günlük Vətən müharibəsində ölkəmizin gücünü, qüdrətini gördü".
Milli Vəhdət Partiyası qeyd edir ki, Azərbaycan bütün dövrlərdə öz siyasətinə sadiq qalaraq bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olub və bu gün də həmin siyasətə sadiqdir: "İndi seçim qarşı tərəfin, yəni Ermənistanındır. Ya revanşist cəhdləri bir kənara qoyub Azərbaycanla dinc, qonşuluq şəraitində yaşamağa davam etməli, ya da yenidən Azərbaycanın dəmir yumuruğunun dadını görməlidir. Hesab edirik ki, Ermənistan birinci seçimi etsə onun üçün daha məqbul olar. Çünki iqtisadi cəhətdən həddən artıq bərbad vəziyyətə düşən, sosial problemlərdən ciddi əziyyət çəkən Ermənisatn üçün hazırda yeganə çıxış yolu Azərbaycanla qonşuluq münasibətlərini inkişaf etdirib, işğalçılıq və təcavüzkarlıq siyasətlərindən birdəfəlik imtina edib ölkəmizin bilavasitə təşəbbüsü olduğu layihələrə qoşulmaqdır. Məhz bu halda Ermənistan dövləti özünü ayaqda saxlaya, iqtisadiyyatını dirçəldə bilər. Bir sözlə Ermənistan iki yol ayrıcındadır. Ya işıq gələn tərəfə, Azərbaycana sığınmalı, ya da it hürən tərəfə, onu regional maraqlar naminə oynadan, Ermənistandan bir vasitə kimi istifadə edən qüvvələrə istiqamət götürməlidir. Sonuncu variant Ermənistan üçün həm də qaranlıq gələcək vəd edir".
Milli Vəhdət Partiyası onu da bildirib ki, Ermənistana rəhbərlik etmiş keçmiş hakimiyyətlərin öz ənənəsinə sadiq qaldığı, yaşananlardan nəticə çıxarmadığı da ortadadır: "Bu günlərdə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın verdiyi müsahibə və səsləndirdiyi müəyyən fikirlər də bunu təsdiqləyir. Əslində Sərkisyan biabırcasına əldən verdiyi hakimiyyəti yenidən zəbt etmək üçün daxili auditoriyaya hesablanmış fikirlər səsləndirir. Düşünür ki, erməni cəmiyyəti bəlkə yenidən ona etimad göstərə. Ancaq hesab edirik ki, Sərkisyanın bu cəhdləri mənasızdır. Çünki onun dövründə də erməni cəmiyyəti aclıq və səfalət içərisində yaşayıb. Digər tərəfdən məhz Sərkisyanınuzun illər qurduğu "məğlubedilməz Ermənistan ordusu" idi ki, Azərbaycan cəmi 44 günə həmin ordunu darmadağın etdi. Ona görə də Sərkisyanın yenidən hakimiyyəti ələ keçirmək cəhdləri yersizdir və belə bir cəhd etsə belə fiaskoya uğrayacaq".
Məhəmməd
Olaylar.az