Təxribat, yoxsa uzaq gələcəyə hesablanmış hiyləgər gediş?

Təxribat, yoxsa uzaq gələcəyə hesablanmış hiyləgər gediş?

İndi rus dili, sonra məktəblər, sonra rusdilli əhalinin təhlükəsizliyi tələbi...

Qondarma Dağlıq Qarabağ rejimi rus dilini rəsmi dil elan edib. Buna dair qanunvericilikdə dəyişikliklər layihəsi dırnaqarası rejimin  parlamentinin saytında yerləşdirilib. "Dağlıq Qarabağın rəsmi dilləri erməni və rus dilləridir", - məlumatda bildirilib. Sənədə əsasən "dövlət orqanları", hüquqi şəxslər, müəssisə və təşkilatlar ofis işlərini erməni dilində, lazım gələrsə rus dilində aparmağa borcludurlar. Maraqlıdır, bir qədər əvvəl Avropaya üz tutaraq Rusiya ilə bütün siyasi, iqtisadi, mədəni, humanitar əməkdaşlıqdan yayınan Ermənistan nədən fikrini üç yüz altımış dərəcə dəyişdi? Atılan addım Rusiyanın, yoxsa Ermənistanın maraqlarına vidmət edir? Cənubi Qafqazda mövqe üstünlüyü əldə etmiş Rusiyanın bu kimi planlarının  Azərbaycana təsiri nədən ibarət ola bilər?

Qazi-hüquqşünas Vugar Dadasov qeyd edib ki, rus dilinin Qarabağda qondarma rejim rəhbəri tərəfindən rəsmi dil elan edilməsi  bir çox qaranlıq mətləblərin üzünü açır, ancaq biz  hələ də arzularımızı reallıq kimi görməkdə davam edirik. Müzakirə etdiyimiz məsələ nə Ermənistanla, nə də  o Araiklə bağlı iş deyil. Təbii ki, Rusiyanın məsuliyyət zonasında razılığı olmadan Araikin belə bir addımı mümkünsüzdür və bu baş verənlər təxribat sayılmamalıdır: "Qarabağda rus dili ilə bağlı şahidi olduğumuz proses ümumən Rusiya dövlət siyasətinin tərkib elementi kimi ən sərfəli və uzun müddətli perspektivə hesablanmış  siyasi hədəfli  yeni mərhələdir. Hansı ki, Rusiya bu  məlun "dil" kartından Qarabağda da  istifadə etmək  niyyətindədir. Əlavə olaraq yadımıza salaq ki, Rusiya postsovet ölkələri ərazisində siyasi məqsədləri üçün ən əlverişli vasitə kimi məhz "rus dilli əhalinin müdafiəsi" adı altında  faktiki  işğalçılıq siyasətini gerçəkləşdirdi. Rusiyanın    Moldovanın Dnestryanı əyalətinə, Gürcüstanın  Abxaziya və Osetiyasına,  Ukraynanın Krımına və  Donbasına ordu yeritməsi məhz rus dilli əhalinin müdafiə altında baş tutub. Məlumdur ki, Azərbaycanda Qarabağda  44 günlük müharibədən öncə, Rusiyanın  rus dilindən bir siyasi vasitə kimi o istifadəsi mümkünsüz idi. Baxmayaraq ki, məhz Rusiya Qarabağı erməni sifəti ilə 90-cı illərdə işğal etmişdi. Ancaq indi, 44 günlük müharibədən sonra Qarabağda 90-cı illərdən tam fərli bir situasiya meydana gəlib  və strateji baxımdan Rusiyanın Qarabağda daimi mövcudluğu  ancaq  rus dilli əhalinin və Rusiya vətəndaşlarının  təhlükəsizliyinin təmini adı ilə mümkün görünür. Artıq məlumdur ki, Rusiya bundan sonra Qarabağda ermənilərə rus vətəndaşlığı verməyi  planlaşdırır. Görünən odur ki, baş verənlərə qədər narahatçılıqlarımız  tam əsaslı imiş və Rusiya daha təhlükəli prosesə start verdi, təbii ki, növbəti  mərhələdə  isə yerli erməni əhalisinin rus dilinin kütləvi öyrədilməsi üçün rus dili tədris müəssisələri yaradılacaq".

Onun sözlərinə görə, ümumiyyətlə tarix sübut edir ki, Rusiya dövləti  öz siyasi məqsədləri üçün hər bir mümkün əxlaqi, qeyri-əxlaq, mədəni, iqtisadi, sosial, elmi, dil və  ədəbiyyatdan geniş istifadə edir: "Rus dövlətinin  öz qadınlarından belə  siyasi məqsədlərlə istifadəsi artıq dünya miqyasında qəbul edilmiş faktdır. Bu baxımdan  rusların Qarabağda rus dilindən  siyasi hədəfləri üçün istifadə  etməsi tam aydın  və şübhəsizdir. Hələ 2019-cu ilə  mətbuatda geniş yayımlanmış məqaləmdə rus dilinin Azərbaycan xalqı və dövləti üçün təhlükə mənbəyi olması haqqında yazmışdım və  gördüyümüz kimi, heç də yanılmamışam. Ancaq, o vaxtın və zamanın gələcəyinə əminəm ki, biz də bir dövlət, millət olaraq yolumuzdan dönməyəcək, məqsəd  və hədəflərimizə addım-adım yaxınlaşacağıq,  necə ki, yaxınlaşırıq.  Sadəcə bir həqiqət var: Bütün tarix boyu Rusiya Azərbaycanın  bir  nömrəli problemi və baş ağrısı qalmaqda davam edir. Allah dövlətimizi, xalqınızı qorusun!"

Politoloq Elxan Şahinoğlu bildirib ki, Dağlıq Qarabağdakı separatçıların rus dilini "ikinci dövlət" dili kimi tanıması təxribat olmaqla yanaşı, uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir. Onun sözlərinə görə, keçmiş sovet məkanında rus dilində ən zəif danışan millətlərdən biri ermənilərdir: "Ancaq bu ermənilərə Rusiyanın vassalı olmasına mane olmur.

Halbuki, Rusiyanın siyasi dairələrində də bilirlər ki, İrəvanda nə rus dilində məktəb, nə də Ermənistanda bu dilin geniş yayılması üçün zəmin var. Buna baxmayaraq, Qarabağdakı erməni separatçılarının rus dilini "ikinci dövlət" dili kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq. Erməni separatçılarının ümidi də bunadır. Başqa bir fakta müraciət edək. 10 noyabrdan bu yana başda Azərbaycan prezidenti olmaqla cəmiyyətimizdə rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətlərinə dair xeyli suallar və iradları səslənib. Ancaq bu 3 ayda ermənilərin dilindən rusyalı hərbçilərin fəaliyyəti ilə bağlı bir irada rast gəlmədim. Bu o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdılar. Misal üçün, rusiyalı hərbçilər Laçın dəhlizi üzərindən Dağlıq Qarabağa keçmək istəyən Fransa nümayəndə heyətini geri qaytardılar. Aydındır ki, bu olay Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçıların xoşuna gəlməyib. Ancaq səslərini çıxartmadılar. Çünki bilirlər ki, kiçik istisnalar xaricində rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti ümumilikdə erməni separatizmini mümkün qədər qorumağa xidmət edir".

Zəka

Olaylar.az

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31