AZADLIQDAN ABADLIĞA…- Əkbər QOŞALI yazır

Qarabağın azad olunması prosesi tarix kitablarının altun səhifəsini təşkil edən qeyri-adi hadisə olduğu kimi, Qarabağda infrastrukturun bərpası, həyatın canlanması da qeyri-adidir, altun səhifəlikdir. Əcdadımız çox şəhərlər, kəndlər salıb, qurub-yaradıb. Onlardan günümüzə gəlib çıxanları da var, böyük dəyişimə uğrayanları da, təəssüf ki sıradan çıxanları da. Əcdad müharibələr, fəthlər də edib, ancaq öz ləyaqətini qoruyub - əsl qalib qalibkən öz ləyaqətini qoruya biləndir - buna müharibədə altun ləyaqət deyirlər. Dövlətçilik tarixi 100 il öncələrdə dövlətsizlik tarixindən ibarət olan, 100 il civarı vaxtdan bərisə uğursuz dövlətçilik təşkil edən ermənilər nəinki müharibədə, sülhdə, adi məişətdə ləyaqətdən nə qədər yoxsun olduqlarını təkrar-təkrar sübut ediblər. - İşğaldan azad edilmiş torpaqlarımızda müşahidə edilənlər erməni ləyaqətsizliyinin böyük sərgi salonudur - ibrət meydanıdır...

Tarix tarixdi. Olan olub bir kərə. İnsanoğlu dağıtmağı bir kateqoriya olaraq sıradan çıxarmayıb, qurub-yaratmaqsa yeganə variant kimi qəbul edilməyib, lakin "Yenə də Allaha şükür, yenə də şeytana lənət"! - Allah "Qur!" deyir, "Yarat!" deyir, "Xeyir ver!", "Ək-biç!" buyurur. Füzuli, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl, eləcə də, Ağdam, Kəlbəcər... - Şeytanın, şeytanlığın izlərini görmək istəyənlər buralarda aydın şəkildə görə, çəkə, yaza bilər. Əlbəttə, sonunda Allahın dediyi olur, əlbəttə, şeytanın təntənəsi müvəqqətidir, qalibiyyəti ötəridir. Şeytanlıq çəkilir Qarabağdan...

Dövlətimiz əcdadımızın adına layiq olmaq arzu, inam və eşqi ilə Qarabağda yeni quruculuq, abadlıq işlərinə başlayıb. Dövlət başçımızın şəxsi nəzarəti ilə həyata keçirilən bərpa, quruculuq-abadlıq işləri Qarabağı ağgünə çıxarır.

Azərbaycan dövləti azad etdiyi torpaqlarda həyatı dirçəltməyə başlayıb. Möcüzə kimi hadisələrdir: ermənilər sanki balalayan meyidlərini yığıb-qurtara bilməzkən, biz saxta təxəyyüldən və işğalçıların murdar meyidlərindən arındırdığımız torpaqlarda yol çəkir, işıq çəkir, çinar əkir, torpağı havalandırırıq. Külək enerjisi, Günəş enerjisi, su elektrik stansiyası, "yaşıl enerji" zonası... - təbiət də biz deyəni deyir. Bəli, qurub-yaratmaq, ev tikmək, yol çəkmək, ağac əkmək Allaha xoş gedən əməllərdir. Şeytanlıq edənlər Allahın buyurduğunu edənlərə uduzur yenə...

Azərbaycanın dövlət başçısı işğaldan azad olunan torpaqlara növbəti dəfə səfər edərək, ismarınclar verdi, açılışlar etdi, vətəndaşda müəyyənliklər hasil etdi.

Prezidentin xanımı və qızı ilə işğaldan azad edilmiş torpaqlara qısa müddət içində növbəti dəfə səfərə çıxması dostda sevinc, düşməndə qüssə, ələm yaradır. Yəni xəlqi duyğular, mehribanlıq, qurub-yaratmaq eşqi qayıdır Qarabağa. Azərbaycanın xeyirxah üzü qayıdır Qarabağa. Qarabağı Dəmir Yumruqla azad edən Azərbaycan artıq mədəniyyət iqlimini müəyyənləşdirir o torpaqlarda. Azərbaycanın dövlət başçısı öz düşünülmüş, ölçülü-biçili addımları ilə Qarabağa əbədi xoşbəxtlik qaytarır. Bilirsiz, şəxsən mənim diqqətimi ən çox o məqam çəkir ki nizam-intizamlı, ölçü-biçili yanaşma ilə işlərin təxirəsalınmazlığı, yüksək sürəti məhz yüksək uyumluluqla eyni müstəvi üzərində maddiləşir. Bu universal yanaşmanın da tarixin altun səhifələrində öz yerini alacağına inanıram.

Qarabağda Azərbaycan möcüzəsi görəcək dünya. Yerin təkindən göyün yeddi qatına, floradan faunaya, dərədən dağa, mövsüm bitkilərindən həmişəyaşıl ağaclaradək, iti çaydan, sərt küləkdən altunsaçlı Günəşədək, uçarı, qaçarı və üzənindən insanınadək... Qarabağ gülür, canlanır. Çünki Qarabağda azadlığın bayrağı - Azərbaycan bayrağı dalğalanır - müqəddəs bayraq! Qarabağ abadlaşır.

*

Ümumi uzunluğu 100 km. olan, strateji önəm daşıyan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması,

Zəngilan rayonunun Üçüncü Ağalı kəndində birinci "Ağıllı kənd" layihəsinin icrasının başlanması,

Laçının Güləbird kəndində Su elektrik stansiyasının açılışı,

Zəngilandakı Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına başlanması,

Bəsitçaya balıq buraxılması,

Cəbrayıl rayonunun Soltanlı kəndində əkin sahələrində görülən işlərlə tanışlıq və s. - Dövlət başçısının proqramı zəngin və öyrədiciydi. - "Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin".

Qarabağda ağılsız erməni işğalının izləri aradan qaldırılır; Qarabağ öz əsl sahibinin əli ilə ağıllı kəndlərlə şenlənir, özümüz öz torpağımızda abad yaşayış məntəqələri qururuq...

Biz müharibə etməyi də bacarırıq, qurub-yaratmağı, sülh təsis etməyi də...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31