Horadiz-Ağbənd dəmir yolu xəttinin davamı Naxçıvanla nəqliyyat dəhlizi olacaq
16 Fevral 2021 18:07 SiyasətRusiya həmin dəhlizdən istifadə edərək öz yüklərini Türkiyə və Yaxın Şərq istiqamətində daşımaq imkanı əldə edir
"Artıq Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvada əldə etdiyi razılaşmadan sonra regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı real tədbirlərin görülməsinə başlanılıb. Yanvarın 11-də imzalanan bəyanat 2020-ci ilin noyabrın 10-da qəbul edilən bəyanatın 9-cu bəndinin həyata keçirilməsinin konkret mexanizmini müəyyənləşdirir və bütün iqtisadi və nəqliyyat əlaqələrin bərpasını təmin edir. Razılaşmanın məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmir yol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil yolunun qurulması və dəmiryolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir. Bu məsələlər olduqca vacib əhəmiyyət kəsb edir".
Bu fikirləri "İki sahil"ə açıqlamasında ekspert Azər Allahverənov söyləyib.
A.Allahverənov qeyd edib ki, cənab Prezidentin işğaldan azad olunmuş rayonlara səfərləri çərçivəsində strateji əhəmiyyət kəsb edən layihələrin təməli qoyulur. Füzulidə beynəlxalq hava limanının təməli qoyulub və orada işlər uğurla davam etrdirilir. Fevralın 14-də dövlət başçısı İlham Əliyev Füzulidə Horadiz-Ağbənd dəmir yolunun təməlini qoydu, Laçında Güləbird Su Elektrik Stansiyası istifadəyə verildi. Azərbaycanda işğaldan azad olunmuş rayonlarda çox vacib infrastruktur layihələri həyata keçirilir. Bu layihələrin əsas qayəsini işğaldan azad olunmuş torpaqlara həyatın qaytarılması və Azərbaycanın bütün regionlarının bir-biri ilə əlaqələndirən nəqliyyat infrastrukturunun qurulması təşkil edir. Bu layihələr həm iqtisadi cəhətdən həmin regionların potensiallarının artırılması, həm də həmin ərazilərdə yaşayacaq əhalinin gələcəyinin təmin olunmasına hesablanmış layihələrdir.
Həmsöhbətimiz əlavə edib ki, Naxçıvanla və Azərbaycanın əsas ərazisini birləşdirən nəqliyyat dəhlizinin yaradılması Horadiz-Ağbənd dəmir yolu xəttinin davamı olacaq. Bu, nəinki Naxçıvanla Azərbaycanı əlaqələndirən dəhlizin qurulması, həm də Azərbaycanla Türkiyə nəqliyyat dəhlizinin qurulması deməkdir. Burada söhbət birbaşa olaraq Azərbaycan ərazisindən Türkiyəyə keçəcək dəhlizdən gedir. Kifayət qədər strateji bir dəhlizdən söhbət gedir.
Ekspert vurğulayıb ki, tək Azərbaycan yox, eyni zamanda, regionda maraqları olan dövlətlər də bu dəhlizdən maksimum yararlanmaq imkanı əldə edəcəklər: "Misal üçün Rusiya uzun müddətdir ki, Yaxın Şərqə quru yolla yüklərin daşına bilməsi üçün marşrutlar axtarışındadır. Bu baxımdan çox əlverişli vəziyyət yaranır. Rusiya da məhz həmin dəhlizdən istifadə edərək öz yüklərini Türkiyə və Yaxın Şərq istiqamətində daşımaq imkanı əldə edir. Eyni ilə də Türkiyənin Rusiya bazarlarına çıxışı həmin dəmir yolu vasitəsilə baş verəcək. Yəni, bu iqtisadi cəhətdən, həm də geostrateji nöqteyi-nəzərdən olduqca uğurlu layihədir. Həmçinin Mehridən Naxçıvana gedən dəmir yolunun qurulmasını Rusiya həyata keçirəcək. Çünki Ermənistan dəmir yollarının səhmləri Rusiya şirkətlərinə məxsusdur. İlk növbədə dəmir yol şəbəkəsinin qurulması Azərbaycan, Ermənistan və Rusiyaya böyük imkanlar yaradacaq. Rusiya bu xətdən istifadə etməklə Türkiyəyə asan çıxış əldə edəcək. Ermənistan dünyaya çıxış üçün quru yolu kimi əsasən Gürcüstan ərazisindən istifadə edir. Amma qurulacaq nəqliyyat əlaqələri Ermənistana alternativ yollardan istifadəyə şərait yaradacaq. Azərbaycanın isə imkanları daha da genişləncək. Regionda ən yaxşı nəqliyyat infrastrukturuna məhz Azərbaycan sahibdir. Ölkəmiz beynəlxalq yükdaşımalarda meqatranzit regional layihələrin icraçılarından biridir. Azərbaycandan istər Şərqlə Qərbi, istərsə də Cənubla Şimalı əlaqələndirən nəqliyyat dəhlizləri keçir. Biz regionda nəqliyyat sahəsində faktiki olaraq aparıcı ölkəyik. Üçtərəfli razılaşmanın imzalanması Azərbaycanın meqatranzit nəqliyyat layihələrində üstünlüyünü bir qədər də gücləndirəcək.
Sonda həmsöhbətimiz fikirlərinə bu cür tamamlayıb: "Bütün bu səbəblərdən mən Horadiz-Ağbənd dəmir yolunun təməl qoyma mərasimini və bundan irəli gələrək atılacaq addımları çox yüksək dəyərləndirirəm. Ümidvaram ki, çox qısa müddətdə biz həmin dəhlizin işə salınmasının və tərəflərin bu prosesdən maksimum yararlanmaq imkanı əldə etdiyinin şahidi olacağıq.