Erməni vandalizminin izlərini sənədləşdirməliyik

"Cənab Prezidentimiz dəfələrlə işğaldan azad olunmuş ərazilərin bərpasının planlı şəkildə həyata keçiriləcəyi ilə bağlı fikir bildirmişdir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin  tamamilə bərpa edilməsi ilə bağlı hələ ötən ilin noyabır ayında dövlət başçısı və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən də bu məsələyə toxunmuşdu.  Bu proses cənab Prezidentin də qeyd etdiyi kimi mərhələli şəkildə baş verməlidir."

Bu fikirləri "İki sahil"ə  açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Ə.Kazımova qeyd edib ki, geniş bərpa işlərinə başlamazdan öncə beynəlxalq təşkilatların, o cümlədən beynəlxalq media nümayəndələrinin ərazilərə səfərləri təşkil olunmalıdır. Erməni yalan və böhtan maşınının fəaliyyətini diqqət mərkəzində saxlayaraq, erməni vandalizminin izlərini sənədləşdirməliyik.

Partiya sədri qeyd edib ki, bu gün işğal olunmuş ərazilərdə, bərpa proseslərinə başlanılıb: "Bütün Qarabağ üçün yeni bir dövr başlayır. Hesab edirəm ki, bu yeni dövrdə xalqımız səbrli və mətanətli olmağa davam edəcək. Bildiyimiz kimi, işğal olmuş ərazilərdə erməni separatçıları tərəfindən minalanmış sahələrdə bu gün də zərərçəkən soydaşlarımız var. Bu baxımdan da cənab Prezidentin xalqa müraciətinə diqqət etməliyik. Ərazilərimizin minadan təmizlənməsi prosesi tamamilə həyata keçirilməyənə qədər həmin ərazilərə getmək icazə əsasında baş verməlidir. Fikrimcə, dövlət başçısı tərəfindən Qarabağda başladılan yeni bərpa dövründə əsas məsələlərdən biri də xalqımızın həmrəy olmağıdır. Həmrəyliyimiz və qətiyyətli  iradəmizlə zəfər qazana bildiksə, xalq olaraq həmrəyliyimizlə, qətiyyətli iradəmizlə dəf edə bilməyəcəyimiz heç bir maneə yoxdur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31