Milli maraqların əleyhinə fəaliyyət göstərən qüvvələrə siyasi meydanda yer olmayacaq- ŞƏRH
11 Fevral 2021 20:00 Siyasət"Azərbaycanın reallıqlarını təhrif etməklə, dövlətin imicinə xələl gətirməyə cəhd etmək və öz siyasi maraqları naminə anti-Azərbaycan təbliğatı aparmaq heç kimə baş ucalığı gətirməz. Amma təəssüf ki, belə təbliğatı özünün sevimli peşəsinə çevirən siyasilər az deyil."
Bu fikirləri "İki sahil"ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə söyləyib.
A.Əlizadə qeyd edib ki, istər 44 günlük müharibə dövründə, istərsə də müharibədən sonrakı dövrdə belə xoşagəlməz hadisələrin şahidi olduq: "Əslində bu və ya digər səbəblərlə əlaqədar Azərbaycanın üzləşdiyi çətinliklərə sevinmələri onların əsl mahiyyətini ortaya çıxardı. Hər şeyi yalnız qara rəngdə görmək və bu prizmadan yanaşaraq mövqe sərgiləmək birmənalı olaraq məkrli niyyətdən xəbər verir. Aydındır ki, 44 günlük müharibədə qazandığımız tarixi Qələbədə hərbi əməliyyatlarla yanaşı, siyasi, diplomatik, iqtisadi sahədə əldə edilən uğurlar da həlledici amil oldu. Bu uğurlara nail olmaq üçün illər lazım olub. Ona görə də hər bir məsələyə qərəzsiz, rasional düşüncə ilə qiymət vermək lazımdır. Azərbaycan xalqı və dövləti böyük sınaqlardan keçib. İstənilən milli məsələdə yumruq kimi birləşməliyik."
Həmsöhbətimiz əlavə edib ki, İkinci Qarabağ savaşında xalq və millət olaraq bu birliyin modelini ortaya qoya bildik: "Hesab edirəm ki, bu birlik və bərabərliyi qorumaq əvəzinə öz marginal maraqlarına xidmət edən qüvvələrə yaxın gələcəkdə siyasi meydanda yer olmayacaq. Millətin və dövlətin ağır günlərində onun yanında olmayan qüvvələrə aramızda yer ola bilməz".