Xocalı FACİƏSİ-ermənilər azərbaycanlıların başını kəsir, gəlinlərin qanına pişik doldurur, uşaqların yarasına isti çay tökürdülər...

1992-ci il 26 fevral... Bu təqvim  tarix səhifəmizdə  qara hərflərlə yazılıb. 613 günahsız azərbaycanlının  ermənilər tərəfindən qətlə yetirildiyi gün..  Xocalı adı çəkilən kimi o qanlı gecə gözlər önündə canlanır...

Xocalı şəhəri 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildi  və yeganə nəqliyyat vasitəsi vertolyot olub. Xocalıya sonuncu vertolyot isə 1992-ci il yanvarın 28-də gəlib. Lakin Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilib.

Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayır. Nəticədə fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan təqribən 2500 nəfər  yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olur. Lakin şəhəri yerlə -yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutur.

Və ürəkləri paramparça edən həmin rəqəmlər: 613 nəfər bu soyqırımın qurbanı olur. Onlardan  63-ü uşaq, 106-ı qadın, 70-i qocalardır. Xocalı genosidi nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Bununla bitmir. 1275 nəfər əsir götürülüb, 150  nəfər isə itkin düşüb. Hər biri bir ana, bir ata, Azərbaycanın gələcəyi  əllərində olan gənc azərbaycanlılar idi.  

Bu faciənin şahidi olan vətəndaşlarımız danışır:

Səidə Ələkbərova: "Mən fikirləşmirdim ki, Xocalı  faciəsi baş  verə  bilər və  biz oradan çıxa bilərik. Ermənilər  həm öldürürdülər, həm də öldürdükdən sonra avtomatın nizəsi ilə meyitləri deşirdilər ki, görək, kim sağdır. Erməninin biri  qulağmdakı sırğanı istədi,  gec açdım, digəri  gəlib gözümə  yumruq vurdu. O vaxtdan gözüm zədə aldı. 

Özlərini elə  aparırdılar ki, elə  bil biz onlarla bir yerdə  yaşamışıq. Əsirlərin meyitləri gələndə hamısının sümükləri qırıq- qırıq idi. Tankla təzədən meyitlərin üstündən keçdiklərinə  görə, heç  kəs öz meyidini  tanıya bilmirdi. Onlar mənim doğulmamış körpəmi öldürdülər. " 

Hüseynağa Quliyev: "Biz onların qabağında aciz idik. Silahsız qabağa çıxmaq, qabaqda durmaq mümkün deyildi. Lap ov tüfəngiylə nəyin qabağında durasan? Əsgəran istiqamətindən yolu bağlamışdılar. Guya ki, Əsgərandan keçməyə  dəhliz veriləcəkdi . Amma onlar yalan danışdılar və  camaatı aldatdılar. 

Üç, dörd, beş yaşlı uşaqları güllələyirdilər. Bu cür vəhşiliklər ağılagəlməz vəhşiliklər idi. İnsanların evlərindən çıxmaqlarına imkan vermirdilər, evləri tankla  dağıdırdılar."

Quliyeva Rəhilə: "Övladımın iki yaşı vardı. Nə  silah tanıyırdı, nə də  düşmən. Məndən keçən güllə ona dəydi və o, öldü. Özüm 3 aylıq hamilə idim. Insanların çığırtılarını, orada gülləbarana tutulan uşaqların naləsini rəhm etmir, qoca, cavan demədən nə bilirdilərsə edirdilər. Xocalı faciəsində şəhid olan 613 nəfərdən 22-si  mənim yaxınlarım, əzizlərim idi. 63 uşaqdan biri mənim oğlum, biri qaynımın 8 yaşlı qızıdır, biri 3 yaşlı,16 yaşlı  baldızlarımın övladıdır. 8 ailə  tamamilə  məhv edilibsə onlardan biri  də  mənim ailəmdir."

Mürmət Məmmədov: "Həmin ildə mənim 14  yaşım var idi. 25-dən 26-na keçən gecə  şiddətli  döyüş gecəsi qardaşım gəlib anama dedi ki, "Ermənilər evlərə girir. Hazırlaşın, çıxırıq  evdən". 15 dəqiqə keçməmişdi ki, evimiz mühasirəyə  alındı. Nə qədər müqavimət göstərsələr də ermənilər daha da yaxınlaşdılar. Evimizə əl qumbarası  atdılar. Mən ayağımdan yaralandım, qonşumuz Sara xala və  3 yaşında körpəsi qumbaraya görə dünyasını dəyişdi.

Ermənilər evimizə gəlib bizi tərk silah etdilər, bir otağa yığdılar. Bizi yandırmaq istəyirdilər. 3 yaşlı qardaşım var idi, qorxdu dedi "əmi ,öldürməyin məni". 366-cı motoatıcı alayın  rus kapitanı bizi öldürməyə qoymasa da, əvəzində  evimizdə  nə  zinət əşyaları vardısa hamısını onlara verməyimizə məcbur etdi.

Sonra bizi UAZ maşına qoyub harasa aparırdılar. Həmin vaxt Sara xalanın və uşağının meyitini çölə atanda Sara xalanın yoldaşı Pənah dayı ( bizi müdafiə etmək üçün evin arxasında gizlicə ermənilər seyr edirdi) bu mənzərəni gördü və onlara avtomatla silah açmağa başladı. Pənah dayı və bizi döyə- döyə Əsgəran rayonuna apardılar. 15 yaşlı qardaşım erməniyə tüpürdü ki, zinət əşyalarımızı da sizə veririk ,niyə  vəhşilik edirsiniz. Atamı və  qardaşımı bizdən ayırdılar. Qarşımıza torpaq atırdılar ki, alın yeyin. Həmin gün  balaca qardaşımın doğum günü idi. Bunlar bunu bildilər, dedilər sənə  elə hədiyyə verəcəyik ki, bizi  heç vaxt unutmayacaqsan. Bütün əsirlərin içində balaca qardaşımın əlinin içinə avtomatla silah açdılar. Sonra özlərinə dəmlədikləri isti çayı qardaşımın yarasının üstünə  tökdülər.

Əsir dəyişmək adıyla apardıqları şəxslərin başını kəsib futbol oynayırdılar. Atam və  qardaşımdan 15 il xəbərimiz olmadı, sonra bildik ki, atam və qardaşımın da başını kəsiblər."

Bahar Göyüşqızı: "Yanımıza lüt halda bir cavan gəlin meyidi gətirdilər. Başına nə oyunlar gətirmişdiər. Bir də gördük ki, qarnını tikiblər. Həmin gəlinin qarnında nəsə tərpənir. Yanımızda rus qadın jurnalisti Nadejda var idi. O da şahiddir. Meyidin qarnının tikişini tərpədən kimi 4 dənə pişik balası gördük.Jurnalist də bu mənzərədən sonra huşunu itirdi.

Əsirlikdən gələnlər danışırdı ki, onları qardaşı bacıyla, atanı qızıyla münasibətə məcbur edirdilər. Etmədiklərinə görə həmin adamları məftillə ağaca bağlayıb sonra da  benzinlə yandırıblar.

Bir ailədən 3- 4 nəfəri tabuta qoyurdular."

Mehdi Əliyev atası, anası, qardaşları və  bacısını həmin gecə  itirib.

"Biz Xocalıdan hazırlıqsız çıxmışdıq. Heç nəyimiz yox idi. Kəndimizi də yandırmışdılar.

Bir ağsaqqal kişi məni çiynində daşıyırdı, artıq yüksəkliyə qalxanda həmin yaşlı kişi  ağırlığa dözə bilmədi, məni bağladığı şaldan açdı. Mən yuvarlandım dərəyə. 6 saatdan çox meşədə qalmışdım. Sonra atamın məni "Mehdi" deyə səslədiyini  eşitdim. Lakin qısa zaman ərzində o çağırış səslərini daha eşitmədim. Bildiyim qədərilə bütün ailəmiz meşəyə  düşüb. Amma qaranlıq olduğuna görə, bütün ailə pərən-pərən olmuşdu. Bir erməni məni  meşədən əsir götürdü. Məni qaranlıq və  soyuq otaqda saxlamışdılar. Əsir dəyişməyə aparan zaman gözlərimin önündə  babamı iki nəfər avtomatla döydü. Babamla Bakıya gəldim və nənəm böyütdü, sonra ata qohumlarım saxladı məni."

Xocalı hdisələrinin şahidi olan bir qəhrəmanımız da var. Bəli, həmin şəxs hamımızın qəhrəman oğlu Çingiz Mustafayevdir. Çəkdiyi kadrlar içimizi yandırdığı qədər, çiynində kamera olarkən hönkürtüsü də  qulaqlarımızdan getmir:  "Uşaqların meyitini aparın"

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənən insanların axtarışını aparır, tapdıqlarını əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdu. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma hallarının şahidi olublar.

Çox keçmədi  ki, ermənilərin törətdiyi vəhşilik dünya mediasında yer aldı:

Krua l Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı - şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.

Xocalı soyqırım insanlığa sığmayan vəhşilik idi.  "Azərbaycan xalqı dözümlü xalqdır" ifadəsini nahaq yerə işlətməyiblər. Xocalı  soyqırımı kimi bir faciəni yaşayan xalq 30  ildən sonra qisasını  aldı. 30 il çox uzun müddətdir. Nə qədər gec olsa da, əsas odur ki, ordumuz bu vəhşiliklərin qurbanı olan günahsız insanların qisasını aldı.

Qeyd:  Materialda  müxtəlif sosial media hesablarında çıxış edən Xocalı şahidlərinin nitqindən istifadə olunub.

Gülər  Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31