Milli Prioritetlər ölkəmizin müasir innovasiyalar məkanına çevriləcəyindən xəbər verir

"Müstəqil və suveren dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığı, cəmiyyətdə dövlətçilik ənənələrinin gücləndiyi, müasir sosial-iqtisadi infrastruktur quruculuğunun uğurla həyata keçirildiyi son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcminin 3 dəfədən çox artması nəticəsində respublikamız regional iqtisadiyyatı dəyişdirməyə qadir olan böyük layihələrin təşəbbüskarı kimi dünyanın enerji təhlükəsizliyini təmin edən etibarlı tərəfdaşlardan birinə çevrilmişdir."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.

R.Hüseynov bildirib ki, ölkə Prezidentinin qlobal iqtisadi reallıqları, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olunan iqtisadi gücün respublikanın siyasi və iqtisadi suverenliyinin daha da möhkəmləndirilməsinə yönləndirilməsini, yeni inkişaf mərhələsində ölkənin uzunmüddətli inkişaf vektorunu, əsas sosial-iqtisadi inkişaf istiqamətlərini və buna uyğun milli prioritetləri müəyyən etməklə bağlı imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında sərəncam növbəti on il üçün qarşıya qoyulmuş strateji məqsədləri özündə ehtiva edir: "İqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayan müstəqil və suveren Azərbaycan dövləti artıq postkonflikt dövründə keyfiyyətcə yeni onillik mərhələyə daxil olur. Ölkə başçısının "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq olunması ilə bağlı sərəncamında bu onillikdə qarşıda duran əsas strateji vəzifələr müəyyənləşdirilib. Sərəncamda ölkənin sosial-iqtisadi inkişafına yönəldilən 5 strateji prioritet müəyyən edilib ki, bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata nail olunması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunması, Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməsidir."

YAP şəhər təşkilatının sədri qeyd edib ki, dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olan proqram dövlətin idarəolunmasında risklərin azaldılmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət etməklə bərabər, həm də ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir: "Perspektiv həyatın dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olan müasir dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün təsdiq olunmuş proqram XXI əsrin tələblərinə uyğun təhsilin qurulması, yaradıcı və innovativ cəmiyyətin formalaşdırılması, vətəndaşların sağlam həyat tərzinin formalaşdırılması kimi növbəti üç məqsədə nail olunmasını qarşıya məqsəd qoyur.Prezident İlham Əliyevin rəhbərliyi altında 30 illik işğaldan əbədiyyən qurtarılmış və qalib dövlətə çevrilərək sürətli və dinamik inkişaf yolunda inamla addımlayan qüdrətli Azərbaycanın hər bir sahədə əldə etdiyi uğurlar insanlarımız tərəfindən böyük qürur hissi ilə qarşılanır və hər vəchlə dəstəklənir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan, vətəndaşların sosial rifahının, sağlam həyat tərzinin, rəqabətqabiliyyətli təhsilinin, innovativ düşüncə tərzinin, təmiz ekoloji mühitinin təmin edilməsinə böyük töhfələr verəcək "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" bu gün Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan və yaxın gələcəkdə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevriləcəyindən xəbər verir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31