Paşinyanın boykotu da ermənicədir
5 Fevral 2021 11:15 SiyasətErmənistan ötən ilin sonundan Türkiyə istehsalı olan mal və məhsullara embarqo tətbiq etmişdi.
Ermənistan Dövlət Gəlirləri Komitəsinin yaydığı bəyanata görə, yarım il davam edəcək yasaq, sadəcə, Türkiyədən yox, bütün ölkələrdən Ermənistana gətirilən və Türkiyə istehsalı olan mallarla məhsullara şamil olunur.
İrəvan bu minvalla 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycana dəstək verən Türkiyəni "cəzalandırmaq" fikrinə düşmüşdü.
Embarqo qərarından ziyan çəkən Türkiyə şirkətləri və iş adamları yox, Ermənistanın sıravi vətəndaşları oldu, çünki paytaxt İrəvandan tutmuş, ən ucqar erməni kəndinədək elə bir dükan yox idi ki, orada Türkiyə istehsalı olan mal və ya məhsul satılmasın.

Ermənistanın Baş naziri Nikol Paşinyan "embarqo Türkiyəyə dərs olacaq" tipli absurd açıqlamalar verərək bütün erməniləri bu yasağa əməl etməyə çağırmışdı.
Lakin qərarı onun özü pozub.
Qazaxıstanın Almatı şəhərində keçirilən "Almaty Digital Forum 2021"ə və Avrasiya Hökumətlararası Şurasının toplantısına qatılan N.Paşinyan hazırda Almatı şəhərindəki beşulduzlu "Rixos Almaty" otelində qalır.
Paşinyanı müşayiət edən rəsmi nümayəndə heyəti də bu oteldədir.
Türkiyə istehsalı olan mallarla türk şirkətlərinin boykotuna çağıran N.Paşiyan, deyəsən, bilmir ki, "Rixos Almaty" oteli Türkiyənin "Rixos Hotelçilik" şirkətinindir.
Lüks otellər şəbəkəsindən ibarət olan və baş ofisi Türkiyənin paytaxtı Ankarada yerləşən şirkətin banisi və sahibi isə Fettah Temincedir.

N.Paşinyanın və Ermənistanın rəsmi nümayəndə heyətinin türk otelində qalmalarının xərcini isə erməni vergi ödəyiciləri çəkirlər.
O şəxslər ki, İrəvandakı iqtidarın marazmatik qərarları nəticəsində Türkiyə istehsalı olan malları almaq imkanından məhrum ediliblər. milli.az