Adı çəkilən və çəkilməyən məmurların hər biri ölkə başçısının çıxışından nəticə çıxarmalıdırlar- ŞƏRH
3 Fevral 2021 17:44 Siyasət"Azərbaycan televiziyasına müsahibəsində Prezident İlham Əliyevin toxunduğu olduqca vacib məqamlar var və bunlardan bəzilərinin üzərində xüsusi olaraq dayanmaq istərdim. Bunlardan biri dünyada vaksinasiya bölgüsündə yaranmış gərginliklə bağlıdır. Ölkə başçısının da dediyi kimi bu fakt özlüyündə olduqca narahatedicidir."
Bu fikirləri "İki sahil"ə politoloq Yusif Bağırzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərini şərh edərkən deyib.
Politoloq bildirib ki, "Our World in Data" internet saytının apardığı araşdırmalara görə, koronavirusa qarşı peyvəndin ən çox tətbiq olunduğu ölkələr siyahısına Almaniya, İsrail, İtaliya, İspaniya, Böyük Britaniya, ABŞ, Çin və Rusiya başçılıq edir: "ÜST-ün baş direktoru Tedros Qebreyesus isə xatırladır ki, dünyanın 49 zəngin ölkəsində indiyədək 40 milyondan çox peyvənd dozası tətbiq edildiyi halda, yoxsul ölkələrdə vurulan peyvəndlərin sayı cəmi 25 dozaya bərabərdir. Bu mənzərə dünyanın fəlakətli mənəvi uğursuzluğun astanasında olduğunu nümayiş etdirir. Zəngin ölkələrin peyvənd istehsal edən şirkətlərlə bağladıqları ikitərəfli müqavilələrin sayı isə hər keçən gün artır. Göründüyü kimi, bu istiqamətdə aparıcı dünya ölkələri nəinki kasıb ölkələri düşünmür, hətta bəzi hallarda onların ziyanına olan proseslərə belə əl atırlar. Dünya güclərinin bu cür ədalətsiz davranışı fonunda Azərbaycanın atdığı addımlar da göz önündədir."
Həmsöhbətimiz qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan fikirlər, ölkəmizin qlobal pandemiya dövründə atdığı addımları xatırlatmaqla yanaşı, həm də bəşəriyyətə ünvanlanan ciddi bir mesajdır: "Ölkəmiz pandemiya dövründə birgə mübarizə tədbirlərini həyata keçirməyə xidmət edən bir çox təşəbbüslərin müəllifi olmaqla yanaşı, həm də iqtisadi imkanları zəif olan xarici ölkələrə yardım etməyi özünə mənəvi borc bildi: "Prezidentin də qeyd etdiyi kimi, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərildi, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verildi. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etmişdir ki, peyvənd bütün ölkələrin xalqlarına bərabər çatdırılmalı və varlı kasıb ayrımçılığı olmamalıdır. Hətta Azərbaycan tərəfindən zəngin ölkələrə kasıb ölkələrin vətəndaşları üçün peyvəndin alınmasına köməklik göstərilməsi ilə bağlı çağırış da olunmuşdur. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir. Dövlətimizin qlobal pandemiya dövründə nümayiş etdirdiyi bu davranış tarixdə humanizm nümunəsi kimi qalacaq."
Y.Bağırzadə vurğulayıb ki, Prezidentin müsahibəsindəki daha bir vacib məqam isə heç şübhəsiz ki, məmurlarla, daha doğrusu onların öz füsünkarlığı ilə göz oxşayan Şuşaya tələsməsi ilə bağlı oldu. "Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!" söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara ciddi mesaj oldu. Ölkə rəhbərinin tənqidləri həmin məmurların əməllərinin adekvat cavabı idi. Hesab edirəm ki, adı çəkilən və çəkilməyən məmurların hər biri ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar.
Politoloqun sözlərin görə, Prezidentin müsahibəsindəki digər vacib məqam sözsüz ki, məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdış prosesi ilə bağlı oldu: "Dövlət başçısı bütün işlərin ardıcıllıqla həyata keçirildiyini bildirdi və dedi ki, ilk növbədə minalardan təmizləmə işi başa çatdırılmalı, ziyanın qiymətləndirilməsi həyata keçirilməli, dağıdılmış evlərin pasportlaşması aparılmalı, daha sonra infrastruktur layihələri icra edilməli və ən nəhayətdə yaşayış üçün evlərin tikintisi həyata keçirilməlidir. Doğurdan da ən vacib məsələ minalardan təmizlənmə işinin başa çatdırılmasıdır. Lakin təəssüf ki, bu işin sürətləndirilməsi üçün lazım olan xəritələr ermənilər tərəfindən hələ də təqdim olunmayıb. Hazırda Azərbaycan Ordusunun bölmələri işğaldan azad edilən ərazilərdə yerləşdirilib. Digər bölmələr kimi, mühəndis bölükləri də bu ərazilərdə tapşırıqlarını icra edirlər. Dağıdılmış ərazilərin bərpası, yeni yolların çəkilməsi, mina və digər maneələrdən təmizlənməsi üçün mühəndis qoşunları əlindən gələni edir. Ancaq biz görürük ki, minalanmış ərazilər həddən artıq çoxdur. Hətta müharibə başa çatandan sonra bir neçə hərbçimiz və mülki vətəndaşımız da minaya düşərək həlak olub. Odur ki, bu məsələdə tələskənliyə yol vermək olmaz. Ziyanın qiymətləndirilməsi də vacib məsələdir. Çünki bu qiymətləndirimə aparılmadan sabah təzminat davasında uğur qazanmağımız çətin olar. Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə Ermənistanın bu ərazilərimizdə dünyada analoqu olmayan vandalizm aktları həyata keçirib, mədəni irsimizə qarşı vəhşiliklər edib. Təqribi və hələ ilkin qiymətləndirmələrə görə ermənilərin işğal dövründə daşınan, daşınmaz mədəniyyət abidələrinə və turizmə vurduqları zərərin həcmi 177 milyarddır. Bunun da 88 milyardı ermənilərin maddi-mədəni irsimizə vurduğu zərərə aiddir. Bu mərhələrdən sonra həyata keçiriləcək infrastruktur layihələri də olduqca böyük həcmdə iş və maliyyə imkanları tələb edir. Amma tam əminlikdə deyə bilərik ki, Azərbaycanın maliyyə imkanları bu layihənin sürətli şəkildə həyata keçəcəyinə tam təminat verir. Ölkə Prezidentinin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərədə yaradılan xüsusi idarəetmə strukturu səmərəli və operativ idarəetmənin həyata keçirilməsinə və neqativ halların qarşısının alınmasına xidmət edəcək. Artıq bir sıra iri infrastruktur layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanı və Şuşa şəhərinə avtomobil yolunun çəkilməsinə başlanılıb və elektrik təminatı ilə bağlı işlər görülür".