Monitorinq Mərkəzi Rusiya sülhməramlılarının fəaliyyətini də çərçivəyə salacaq
3 Fevral 2021 17:17 SiyasətMərkəzin fəaliyyətə başlaması ilə artıq təkcə Rusiya deyil, Türkiyə də Qarabağda atəşkəsə nəzarət edəcək ki, bu da Azərbaycan tərəfini narahat edən bir sıra problemlərin daha operativ şəkildə aradan qaldırılmasına imkan verəcək
Yanvarın 30-da Ağdamda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub və Mərkəz rəsmən fəaliyyətə başlayıb. Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyənin təmsilçiliyi isə xüsusi olaraq əhəmiyyətlidir. İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
"Azərbaycanın Vətən müharibəsində qələbə qazanması və ümumiyyətlə, müharibəyə qədər gedən siyasi proseslər, qəbul edilən qərarlar və müharibə zamanı aparılan uğurlu döyüşlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi istər uğurlu siyasətçi, istərsə də müzəffər Sərkərdə kimi bütün dünyaya tanıtdı. Xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsi, şanlı Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları və Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Müharibədən sonra imzalanan 10 noyabr Bəyanatında göstərilən bəndlərə əsasən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasını isə Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirmək olar."
Bu fikirləri "İki sahil"ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Mərkəzin fəaliyyəti ilk növbədə təbii ki, regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək
Həmsöhbətimiz qeyd edib ki, həmin Mərkəz artıq işə başlayıb: "Qısa bir zamanda Azərbaycan tərəfi Monitorinq qrupunun işləməsi üçün çox yüksək səviyyədə şərait yaratmışdır. Mərkəzin fəaliyyətə başlaması ilə artıq təkcə Rusiya deyil, Türkiyə də Qarabağda atəşkəsə nəzarət edəcək ki, bu da Azərbaycan tərəfini narahat edən bir sıra problemlərin daha operativ şəkildə aradan qaldırılmasına imkan verəcək".
Mərkəzin fəaliyyəti həmçinin Rusiya sülhməramlılarının fəaliyyətini də çərçivəyə salacaq
Ş. Ramaldanovun sözlərinə görə, bu Monitorinq Mərkəzi yaradılana qədər gördük ki, Rusiya sülhməramlıları bəzi hallarda neytral deyillər və bunun nəticəsində də səhvlərə yol verildi: "Ermənistanın xarici işlər naziri Azərbaycanln icazəsi olmadan ölkəmizin ərazisnə daxil olmuşdu. Ermənistan XİN başçısının separatçı rejimin rəhbəri ilə Azərbaycan ərazisində keçirilən görüşü heç də o ərazidə sülhün bərqərar olmasına xidmət etmir. Orada olmasaq da, təxminən onların niyyətlərini bilirik. Digər tərəfdən sülhməramlılar vəzifləri olmadığı halda, ermənilərə aid olan evlərdə və s. digər infrastruktur obyektlərdə bərpa işləri aparıblar. Azərbaycan ərazisində faşist Njdeyə heykəlin qoyulması onların məkrli niyyətlərini üzə çıxarır. Daha bir məsələ Azərbaycan ərazisində yaşayan 5-10 erməni tərəfindən Kəlbəcərə gedən yolun bağlanması və müəyyən "tələblər" irəli sürülməsidir. Rusiya sülhməramlıları isə böyük təsir imkanları olmasına baxmayaraq demək olar ki, ermənipərəst mövqe tutraq, bu təxribatların qarşısını almayıblar. Rusiyalı sülhməramlılar bilirlər ki, Azərbaycan ərazisindədirlər və şəhərin adının Xankəndi olmasına baxmayaraq, Rusiya sülhməramlılarının rəhbərləri şəhəri Stenapanakert adlandırırlar. Bəzi materiallardan da görünür ki, Rusiya sülhməramlıları, yəni, icraçı zabitlər hətta "Artsax" adını çəkməkdən belə, çəkinmirlər. Bu da onu göstərir ki rus sülhməramlıları neytrallıq əvəzinə ya ermənipərəst mövqe tuturlar , ya da müəyyən bir şəkildə ermənilərin təzyiqi altındadırlar. Ermənistandan bəzi halda məcburi şəkildə ermənilər Qarabağa köçürülür. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, əvvəl yaşayan ermənilər qayıda bilərlər. Burada isə görünür ki, hətta orada yaşamayan erməniləri gətirirlər və məqsəd həmin ərazidə yaşayan ermənilərin sayını süni şəkildə çoxaltmaqdır. Bəzi şübhələr var ki, bu qüvvələrə Rusiyanın sülhməramlı tərəfindən yardım edilir."
Monitorinq Mərkəzində Türkiyənin olması Cənubi Qafqazın geostrateji əhəmiyyətini, siyasi və iqtisadi nüfuzunu həm dəyişəcək, həm də daha təhlükəsiz edəcək
Şair Ramaldanov vurğulayıb ki, ona görə də bu məqamların hamısı nəzərə alınaraq Monitorinq Mərkəzi yaradılıb və məqsəd atəşkəsə nəzarət etmək və sülhməramlı fəaliyyətin daha uğurlu formada həyata keçirilməsini təmin etməkdir: "Burada məqsəd beynəlxalq norma və qanunlar çərçivəsində məsələlərin həllinə nail olmaq, sülhməramlının fəaliyyəti əsasında sülhün bərqərar olmasına şərait yaratmaqdır. Fikrimcə, Türkiyə rəsmilərinin də dediyi kimi, Mərkəzdə xidmət edən türklər hərbçilər Azərbaycanın mövqeyindən çıxış edəcək və Azərbaycan maraqlarını orada təmsil edəcəklər. Bundan sonra Türkiyənin iştirakı ilə monitorinq qrupunun fəaliyyəti nəzarət altına alınacaq və bütün proseslər artıq müəyyən çərçivələr daxilində qaydaya düşəcək. Buna daha tez nail olmaq üçün monitorinq qrupunun fəaliyyəti böyük əhəmiyyət daşıyır. Türkiyə kimi böyük və nüfuzlu dövlətin Azərbaycanla birgə olması, ölkəmizin maraqlarını qoruması baxımından vacibdir. Eyni zamanda azad edilmiş ərazilərimizdə infrastrukturun bərpa edilməsi, erməni tərəfindən mümkün təxribat xarakterli fəaliyyətin qarşısının alınması, bölgədə təhlükəsizliyin təmin edilməsi və bu fonda azərbaycan əhalisinin həmin ərazilərə qayıdışı təmin ediləcək. Monitorinq Mərkəzinin digər əhəmiyyətini isə zamanla görəcəyik. Fikrimcə, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazi və orada gedən proseslər haqqında Azərbaycan təırəfi həmin bu monitorinq qrupunun fəaliyyətini nəticəsində məlumatlandırılacaq və bundan sonra bütün proseslər Azərbaycan maraqlarına uyğun cərəyan edəcək."
"İki sahil"