Vətən torpağından pay eşqinə düşən məmurlar xalqın heysiyyatına toxunurlar
2 Fevral 2021 14:29 SiyasətAzərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf ölkənin simasını dəyişməklə yanaşı, əhalinin də sosial rifahına müsbət təsir göstərib. Azərbaycan müstəqillik elan etdikdən sonra özünü sosial dövlət elan edərək bu istiqamətdə olduqca əhəmiyyətli işlər görülüb. Etiraf edilməlidir ki, ölkənin sosial-iqtisadi inkişafı birbaşa prezident İlham Əliyevin həyata keçirdiyi siyasəin nəticəsində mümkün olub. Lakin o da etiraf edilməlidir ki, ölkənin tərəqqisinə nail olmaq kimi ümumi işə maneə olan, görülən işlərə badalaq vurmaq istəyində olan kəsimlər də yox deyil. Həmin kəsilmlərin sırasında dövlət məmurlarının olması isə daha ağrıdıcı məqamdır. Dövlət başçısının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq özündənrazı məmurlar özlərini təvazökar aparmaq əvəzinə, xüsusi status istəyində bulunurlar. Əslində isə onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, dövlətin və millətətin maraqlarına uyğun qərarlar qəbul etməkdir. Xatırladaq ki, hələ bir müddət öncə dövlət başçısı bəyan etmişdi ki, məmurların fəaliyyətinə qiymətdə bu amillər əsas rol oynayacaq. Ancaq deyəsən, Prezident İlham Əliyevin bu sərt xəbərdarlığı bəzi üzdəniraq məmurların tükünü də tərpətməyib. Dövlət başçısının xəbərdarlığından nəticə çıxararaq, millətə və dövlətə xidmət etmək yerinə, bəzi məmurlar Vətən torpağından pay eşqinə düşüblər. 30 il düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi işində heç bir maddi və mənəvi əməyi olmayan, orduya, hərbçilərimizə heç bir dəstəyi ilə yadda qalmayan harınlaşmış məmurlar indi Şuşadan torpaq əldə etmək niyyətinə düşüblər. Halbuki Şuşa kimi Qarabağın digər rayon və şəhərlərinin azad olunmasında həmin məmurların zərrə qədər də xidməti olmayıb. Şuşa, ümumiyyətlə Qarabağ bütövlükdə qəhrəman əsgər və zabitlərin canı, qanı, dişi, dırnağı hesabına azad edilib. Belə halda onlara hansı əsasla millətin, xalqın heysiyyatına toxunan iddia ilə çıxış etmək haqqı verilib?
Xalqla həmişə səmimi və mehriban ünsiyyətdə olan Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də açıq danışaraq bəzi gizli məqamları vətəndaşlara çatdırdı: "Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik".
Bu işlərlə indi artıq müxtəlif yerli və xarici şirkətlərin məşğul olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra "xruşşovkalar"la bağlı, - indi qabaqlamaq istəmirəm, - mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir. Ancaq bununla bağlı mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm. Amma necə olacaq, onu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa, bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək".
Prezident qeyd edib ki, müvəqqəti idarəetmə strukturu yaradıb. "Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin", - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovu, Fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərovu, Azərbaycan Hava Yolları QSC-nin (AZAL) sədri Cahangir Əsgərovu, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevi, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi sərt tənqid edib. Millət vəkili Vahid Əhmədov bildirib ki, Prezidentin dünən axşamkı çıxışı göstərdi ki, bu məmurlar "köhnə hamam, köhnə tas" prinsiplərindən əl çəkmirlər:"Vətən müharibəsi gedəndə o qədər birlik, bərabərlik nümayiş olundu ki, düzü hər şeyin başqa cür olacağına inanmışdım. Hətta illərdir barələrində danışdığımız korrupsioner, rüşvətxor məmurların da özlərinə bir dərs götürəcəyini düşünürdüm. Amma cənab Prezidentin dünən axşamkı çıxışı göstərdi ki, bu məmurlar "köhnə hamam, köhnə tas" prinsiplərindən əl çəkmirlər". V.Əhmədovun sözlərinə görə, bəzi məmurlar öz əməllərindən əl çəkmirlər: "İllərdir cənab Prezident tənqid edir, tapşırıq verir, amma dünən konkret adlar çəkildi. Bunu da mətbuat yazmadı ki, desinlər təhrif edilib, kimsə onları tənqid edir. Ölkə rəhbərinin tənqidləri həmin məmurların əməllərinin adekvat cavabı idi. Hesab edirəm ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar. Əksi heç yaxşı olmayacaq". Parlamentari deyib ki, şəhidlərin qanı qurumayan Şuşanı zəbt etmək həvəsi insanlığa sığmır: "Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İllərdir Bakıda, ayrı-ayrı bölgələrdə hektarlarla torpaqlar zəbt olunub, Xəzər hasara alınıb. İndi eyni şeyi gedib Şuşada etmək istəyirlər. Otelləri, obyektləri, villaları azlıq edir?! Bu, sadəcə ayıbdır. Biz ermənilərin viran qoyduğu Qarabağı insanların yaşaya biləcəyi hala gətirməliyik. Niyə Qarabağı dirçəltmək üçün qollarını çırmamırlar, əvəzində öz aləmlərində bölgü aparırlar? Qubadlı, Kəlbəcər Laçınla sərhəddə görüləcək işlər var. Niyə orada xidmət aparan hərbçilərimizin şəraitini yaxşılaşdırmaq üçün nəsə etmirlər? Bəsdirin büdcəni taladığınız, nə qədər demək, nə qədər tənqid etmək olar?".
Alim
Olaylar.az