Vətənpərvər gənclər ordusunun formalaşmasının təməlində uğurlu dövlət gənclər siyasəti dayanır

-Sizcə ölkədə milli şüura malik, vətənpərvər gənclərin yetişməsi, formalaşması qısa müddətli bir prosesdir. Yoxsa bunun üçün müəyyən bir zaman lazımdır?

Emin Həsənli: "Azərbaycanda Ali Baş Komandanın ətrafında kifayət qədər vətənpərvər gənclər ordusu formalaşıb"

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması bütün dövrlərdə aktual olan məsələlər sırasındadır. Xüsusilə Azərbaycanda bu məsələ daim öz aktuallığını qoruyub. Çünki ölkəmizun müharibə şəraitində olması bunu labüd, zəruri edirdi. Müstəqilliyin ilk illərindən, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi qeyd etdiyimiz istiqamətdə də müsbət tendsiyanın müşahidə edilməsi tezliklə Azərbaycanda güclü vətənpərvər gənclər ordusunun formalaşmasına gətirib çıxardı. Elə "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli də bu qəbaətdədir. Onunla söhbətimizdə hazırda gənclər arasında mövcud olan əhval-ruhiyyə, onların mılli-mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar və əldə edilən nəticələrdən danışdıq.

-Emin müəlllim, bu günkü Azərbaycan gəncini kifayət qədər vətənpərvər, milli-mənlik şüuruna sahib bir təbəqə kimi səciyyələndirmək olarmı?

-Əlbəttə. Təkcə 44 günlük İkinci Qarabağ savaşı, Vətən müharibəsinə nəzər yetirdikdə tam əminliklə belə br qənaətə gəlmək olar. 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycanda Ali Baş Komandan İlham Əliyevin ətrafında kifayət qədər vətənpərvər gənclər ordusu formalaşıb və həmin gənclər hər an Vətənin müdafiəsinə hazır vəziyyətdədirlər. Fürsətdən istifadə edərək mən təşkilatımız, eləcə də öz adımdan Vətən müharibəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüzünlə başsağlığı verirəm. Eyni zamanda torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda qəhrəmancasına döyüşən, döyüşlərdə müxtəlif dərəcəli xəsarət alan qazilərimizə Allahdan şəfa diləyirəm. Ümid edirəm ki, tezliklə onlar da öz sağlamlıqlarına qovuşacaq və normal həyata qayıdacaqlar. Çünki hər bir döyüş iştirakçısı, hər bir şəhid ailəsi, qazi dövlətimizin, şəxsən dövlət başçımızın diqqət və qayğısı ilə əhatə olunub. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında şəhid ailələri və qazilərə dəstək, yardım məqsədilə "YAŞAT" Fondunun yaradılması da bunun əyani sübutudur. Artıq kütləvi informasiya vasitələrindən də aldığımız məlumatlara görə, Fond qısa müddətdə kifayət qədər şəhid ailəsi və qazilərə dəstək olub, onların müxtəlif səpkili problemlərinin həllinə yardım göstərib. Sevindirici hal ondan ibarətdir ki, bu tendensiya müsbət istiqamətdə davam edir.

-Atılan bu kimi addımlar, şəhid ailələri və qazilərə yönəlik yaradılan təşkilat və qurumlar da gənclərin vətənpərvərlik hisslərinin artmasına öz təsirini göstərirmi?

-Təbii ki. Tamamilə doğru buyurursunuz. Bu gün 44 günlük Vətən müharibəsinin şahidinə çevrilən, qohumunda, qonşusunda, yaxınlarında, hətta ailə üzvündən belə İkinci Qarabağ savaşının şəhid və qazisi olan gənclərimiz açıq-aşkar görürlər ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş igidlərimiz, qəhrəman oğul və qızlarımız diqqətdən kənarda qalmır, dövlət istər şəhid ailələri, onların valideynləri, istərsə də qazilərimizin bütün zəruri ehtiyaclarını ödəyir, onlara hərtərəfli dəstək göstərir. Bu müsbət tendensiyanı görən gənc nəsildə də belə bir fikir formalaşır ki, sabah o da əlinə silah alıb Vətənin müdafiəsinə qalxsa gözü arxada qalmayacaq. Dövlət onun ailəsinin bütün ehtiyaclarını qarşılayacaq. Ona görə də gənclər daha vətənpərvər olur, daha mübariz böyüyürlər. Qeyd etdiyim kimi 44 günlük Vətən müharibəsi günlərində də biz bunun əyani şahidinə çevrildik. Hətta hərbi xidmət yaşı çatmayan yeniyetmələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrinə müraciət edərək müqəddəs savaşda iştirak etmək arzularını ifadə edirdilər. Onların bu istək və arzuları haqlı olaraq nəzərə alınmadıqda isə yeniyetmə gənclərimiz başqa üsul və vasitələrdən istifadə etməklə, öz aralarında müəyyən məbləğdə pul toplayıb Silahlı Qüvvələrimzə, Müzəffər Azərbaycan Ordusuna dəstək olmaqla bu qələbədə, zəfərdə hansısa formada iştirakçı olmağa çalışırdılar. 44 günlük müharibə dövründə özüm şəxsən dəfələrlə bunun şahidi olmuşam. Belə gənc, vətənpərvər, milli şüura malik gəncləri gördükdə qürurlanır, fərəhlənir və insanda bir əminlik hissi yaranır ki, bu gün vətənpərvər gənclər ordusu olan dövlət, xalq qarşısına qoyduğu bütün hədəflərə nail ola bilər. Necə ki, 44 günlük Vətən müharibəsi dövründə biz bunun əyani şahidinə çevrildik.

-Sizcə ölkədə milli şüura malik, vətənpərvər gənclərin yetişməsi, formalaşması qısa müddətli bir prosesdir. Yoxsa bunun üçün müəyyən bir zaman lazımdır?

-Mən deməzdim ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan vətənpərvər gənclərimiz son bir neçə ayda, yaxud bir il ərzində yetişdi, formalaşdı. Onlarda vətənpərvərlik hissləri bir il müddətində üzə çıxdı. Qətiyyən belə deyil. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsinin qalibləri olan gənclərimiz, qəhrəmanlarımız ümummilli lider Heydər Əliyevin yetişdirdiyi və Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən igidlərimizdir. Əgər zamanında gənclərlə iş düzgün qurulmasaydı və ümummilli liderin gənc nəslə diqqət və qayğısı özünü büruzə verməsəydi təbii ki, bu gün hansısa vətənpərvər gənclərdən danışmaq olmazdı. Eyni zamanda 44 günlük Vətən müharibəsi bizim zəfərimizlə, torpaqlarımızın erməni işğalından azad edilməsi ilə yekunlaşmazdı. Bu gün Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin ətrafında vətənpərvər gənclər ordusunun birləşməsinin təməlində məhz ümummili lider Heydər Əliyevin zamanında həyata keçirdiyi uğurlu dövlət gənclər siyasəti dayanır. Hər kəsə bəllidir və bunu heç bir halda inkar etmək olmaz ki, ümummili ldier Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycanda dağınıq şəkildə, öz qayğıları, problemləri ilə baş-başa buraxılmış gənc nəsil mövcud idi. Dövlətin gənclərə biganə yanaşması, onları diqqətdən kənarda saxlaması gəncləri də öz növbəsində küskün salmışdı, onları bədbinliyə sürükləmişdi. Təbii ki, belə bir halda gənclərin vətənpərvərliyindən danışmaq yersiz olardı. Ancaq Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də yeni bir yanaşma ortaya qoyuldu, bu sahəyə diqqət daha da artdı.

-Belə demək mümkünsə bu gün Azərbaycan gənclərinin milli şüura malik, vətənpərvər kimi böyüməsində Heydər Əliyev siyasi kursunun öz payı, öz yeri var.

-Əlbəttə elədir. 2003-cü ildən dövlət başçısı kimi fəaliyyət göstərən Cənab Prezident İlham Əliyev də Heydər Əliyev siyasi kursuna sadiq qalaraq gənclərlə iş sahəsinə xüsusi diqqət yetirdi, onların daha vətənpərvər, dövlətinə, xalqına sadiq ruhda böyüməsi üçün məqsədyönlü addımlar atdı. Ötən 17 il ərzində biz dəfələrlə bunun şahidinə çevrilmişik. Xüsusilə, Ali Baş Komandan kimi Azərbaycan Silahlı Qüvvələrinə yönəlik dəstəyi, Cənab İlham Əliyevin hər bir əsgərin, zabitin qayğısına qalması, lazım gələndə onlarla eyni səngəri bölüşməsi heç şübhəsiz ki, gənclərin vətənpərvərlik hisslərinin daha da artmasına gətirib çıxaran amillərdir. Biz 2016-cı ilin Aprel zəfəri günlərində bunun açıq şahidinə çevrildik. Aktiv döyüş əməliyyatlarından cəmi bir neçə gün sonra Cənab İlham Əliyev heç nədən qorxmadan, çəkinmədən düşmənlə cəmi bir neçə metr məsafədə yerləşən bölmələrimizə gedərək Ali Baş Komandan kimi əsgər və zabitləri ilə eyni səngəri bölüşdü, onları əldə edilən qələbə münasibətilə təbrik edib mükafatlandırdı. Məhz bu məqam ölkə gəncləri arasında istər Ali Baş Komandana, istərsə də Azərbaycan Ordusuna olan inam, güvənc hissini daha da artırdı.  Onlarda bir əminlik yaratdı ki, Cənab İlham Əliyev hər zaman əsgərinin, zabitinin yanındadır və onlara diqqət-qayğısı sonsuzdur. Məhz bu kimi sadaladığım məqamlar gənclərin vətənpərvərlik hisslərinin daha da artmasına təsir edən amillərdəndir. Eləcə də Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində bu istiqamətdə atdığı digər mühüm addımlar, Ramil Səfərovun ölkəyə ekstradisiyasına nail olması, Mübariz İbrahimov və Fərid Əhmədovun nəşinin düşməndən geri alınması, ən son 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşən igidlərimizin dövlət başçısı tərəfindən orden və medallarla təltif edilməsi, bütün bunlar gənclərin vətənpərvərlik hisslərinin daha da artmasına öz müsbət təsirini göstərir. Ancaq bütün bunlara arxayınlaşmayıb biz yenə də davamlı olaraq gənclərimizin milli şüurda və vətənpərvər olaraq yetişməsi, gələcək nəsillərin bu yöndə tərbiyələndirilməsi istiqamətində müntəzəm şəkildə çalışmalıyıq. Cənab Prezident İlham Əliyevin dediyi kimi "Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir".

Süleyman İsmayılbəyli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31