Ermənistanın rüsvayçı müstəqillik tarixi

Azərbaycan beynəlxalq siyasətin zirvəsində, Ermənistan isə böhran içindədir

Azərbaycan beynəlxalq siyasətin zirvəsində, Ermənistan isə böhran içindədir

Tarix Ermənistanda hakimiyyətə sözün həqiqi mənasında xalqını və dövlətini düşünən şəxsin rəhbərlik  etdiyinin şahidi olmayıb, desək fikrimizdə yanılmarıq. Fakt ondan ibarətdir ki, bu ölkədə hakimiyyətə gələn şəxs "Böyük Ermənistan" kimi uydurma ideologiya ilə xalqı aldadıb, sonda da xalqına xəyanət edib. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda hakimiyyətdə olan rəhbər şəxslər sələflərinin bütün çirkin əməllərini üzə çıxarır. Məsələn, Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın araşdırmalarından məlum olur ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana quldurlar rəhbərlik ediblər. Məhz bu səbəbdən o vaxt hakimiyyətdə olan şəxslər məhşər ayağına çəkilir. Etiraf edilməlidir ki, hökumət rəhbərlərinin çirkin əməlləri həm də dövlətin adına yazılır. Bu halda belə məlum olur ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Deməli, Ermənistanın dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi bu fikri bir daha təsdiq etmiş olur. Məlumat üçün qeyd edək ki, Ermənistanda rəhbər şəxslərin öz dövlətləri barədə belə bir imic formalaşdırmaları təsadüfi deyil. Nəzərə almaq lazımdır ki,  "müstəqillik" illərində bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər, başqa sözlə qeyri-konstitusion yolla hakimiyyəti qəsb ediblər. Məhz bunun nəticəsində Ermənistan bu gün də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilmir. Siyasi ekspertlərin qənaətinə görə, 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxarıb. Daha doğrusu, Ermənistanda hakimiyyətə gələnlərin istinad etdikləri qəhrəmanlar faşist, terrorçu və cinayətkar olublar. Elə bu gün də çinayətkar dövlətdə eyni vəziyyət hökm sürməkdədir. Heç bir fərqi yoxdur, Ermənistanda xunta rejimi getdi, indi də diktatura rejimi hökm sürür. Xüsusən son bir neçə il ərzində Ermənistanda diktatura rejiminin formalaşması müşahidə olunmaqdadır. Elə bu səbədən də Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Özbaşınalıq, qanunsuzluq o həddə çatıb ki, Ermənistanda konstitusiyaya qanunsuz dəyişikliklər edilir, kimi istəyir hakimiyyətə gətirir, kimi istəyir hakimiyyətdən uzaqlaşdırırlar. Sanki konstitusiya dövlət üçün deyil, ayrı-ayrı şəxslər üçün yazılır. Ölkədə konstitusiya böhranı yarandığından siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır. Bir məsələyə xüsusi diqqət yetirilməlidir ki, Ermənistanda hakimiyyət bölgüsü yoxdur - baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və nəticədə  Ermənistanda diktatura idarəetmə üsulu formalaşıb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bu ölkədə nə baş verdiyinin fərqində deyillər. Belə məlum olur ki, beynəlxalq təşkilatlar Ermənistan adlı dövlətin varlığını duymurlar.. Məhz bu səbəbdən də Ermənistanda formalaşmış diktatura rejiminə heç bir reaksiya vermirlər. Bunun müqabilində gecə-gündüz Azərbaycan haqqında iftiralar uyduran, qərəzli mövqeyini dayanmadan ortaya qoyan beynəlxalq təşkilatlar ölkəmizə qarşı daha da fəallaşıblar. Əgər belə deyilsə,  Avropa Şurası Ermənistanı niyə tənqid etmir? Niyə Ermənistana siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Əslində isə Ermənistanda keçirilmiş bütün seçkilərdə Avropa qurumlarının saxtakarlığı aydın görünüb. Xatırladaq ki,  keçmiş prezident S.Sarkisyanın dövründə beynəlxalq müşahidəçilər Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesinə, seçkilərin saxtalaşdırılmasına müsbət rəy verdilər və ondan sonra xalq ayağa qalxdı. Sarkisyanın xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və faşist simvolikası daşıyan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay əvvəl 50 faiz səs toplayan partiya, sonradan cəmi  1-2 faiz səs toplayır? Deməli,  şübhə yoxdur ki, beynəlxalq təşkilatlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir. Fərq ondadır ki, Ermənistan beynəlxalq təşkilatların qarşısında baş əyir, diz çökür və buna görə də onun başını sığallayırlar. Özünü ləyaqətli aparan, ayaqda möhkəm duran və özünə qarşı hörmət tələb edən Azərbaycan kimi ölkələrə isə insan haqları, demokratiya pərdəsi altında hücum təşkil edilir. Bütün bunlara baxmayaraq, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsində, Ermənistan isə böhran içindədir.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31