Özünü “kiçik padşah” hesab edən məmurlara sonuncu xəbərdarlıq
21 Yanvar 2021 13:17 Siyasətİlham Əliyev: "Kimsə özünü toxunulmaz hesab etməsin"
Azərbaycanda həyata keçirilən kadr islahatları öz səmərəsini verməkdədir. Bir sıra mühüm vəzifələrə təyin edilən gənc, intellektual kadrların fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən qənaətbəxş hesab olunur. Lakin buna baxmayaraq hələ də dövlət strukturlarında şəxsi mənafelərini dövlət və xalq mənafeyindən üstün tutan, bütün addımlarının arxasında yalnız maddi maraqlar dayanan məmurlar da yox deyil. Prezident İlham Əliyevin dəfələrlə "məmur vətəndaşlar üçün çalışmalıdır" xəbərdarlığına, "məmur xalq üçün işləməlidir, xalqın yanında olmalıdır" çağırışına baxmayaraq hələ də özünü kiçik padşah hesab edən məmurlar iş başındadır. Ancaq hansı məmurun necə işləməsini, nəyin nə vaxt və necə edilməsini dövlət başçısı daha yaxşı bildiyindən dövlət strukturlarında təmizləmə işləri mütəmadi aparılır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda bəzi iş adamları və iri məmurların qeyri-qanuni yolla milyonlar əldə etdikləri barədə kifayət qədər məlumatlar dolaşmaqdadır. Hətta dövlət vəsaitinin mənimsənilməsi hesabına əldə edilən milyonların hara və hansı məqsədlə xərclənməsi barədə müxtəlif fikirlər səslənməkdədir. Azərbaycanın iri məmurlarının ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı da heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi də gün kimi aydındır. Məlum məsələdir ki, məmurlar halal əmək haqları ilə bu qədər varidatın yarıbayarısını sahib ola bilməzlər. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil. Birmənalı şəkildə qeyd edilməlidir ki, belə hallar yalnız məmurların qeyri-qanuni fəaliyyəti nəticəsində mümkündür. Lakin, Azərbaycanın əldə etdiyi "Zəfər qələbəsi"ndən sonra ölkədə yeni mərhələyə start verilib. Qanuni, yaxud qanunsuz yolla əldə edilən vəsaitin xaricə çıxarılmasına yox, işğaldan azad edilmiş rayonların dirçəldilməsinə yönəldilməsinə ehtiyac var.
Elə Prezident İlham Əliyev də Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" MMC-nin sulfat turşusu istehsalı, "Glassica" QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və "Azerfloat" QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib ki, kimsə özünü toxunulmaz hesab etməsin: "Əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin".
Düzdür, dövlət başçısının xəbərdarlığı əsasən məmur özbaşınalığının aradan qaldırılmasına, məmurların xalqa xidmət etməsinə yönəlib. Ancaq məsələ orasındadır ki, rüşvətxor və korrupsioner imici qazanmış məmurlar əksər hallarda miyonlarını dəxli olmayan, xəyallara belə sığmayan sahələrə xərcləyirlər. Belə imkanlı şəxslərin çoxsaylı dəbdəbəli villalarının, dünyanın ən məhşur firmalaraına məxsus maşınlarının, qızıl, daş-qaşlarının olması adi haldır. Odur ki, bu insanlar məcara axtarışına çıxaraq bahalı səfərlər, bahalı otellər, şam yeməkləri, saunalar və ən nəhayət qadınlara milyonlar xərcləməkdə xəsislik etmirlər. Amma hansısa xeyriyyəçi əməllərə, kiminsə ağır xəstəlikdən xilas olmasına gəldikdə daş atıb baş tuturlar. İndi isə məqamıdır ki, rüşvətxor məmurlar qeyri-qanuni yollarla əldə etdikləri vəsaitləri işğaldan azad edilmiş torpaqlarımızın bərpasına yönəlsinlər. Əgər bunu açıq şəkildə etməkdən çəkinirlərsə dağıdılmış rayon və şəhərlərimizə investisiya adı ilə sərmayə yatırtsınlar. Çox təəssüf ki, bəzi məmur və iş adamları belə fəaliyyətdən kənarda qalaraq, ümumiyyətlə özlərini bu sahədə təsəvvür etmirlər. Baxmayaraq ki, onlar Azərbaycanın sərvətləri, Azərbaycan insanının əməyi hesabına bu mərtəbəyə yüksəliblər, lakin heç bir sosial layihədə təmsil olunmurlar. Qətiyyətlə demək olar ki, xarici banklarda üzə çıxan gizli hesablardakı məbləğlər Azərbaycanın bəzi məmur-oliqarxları üçün kiçik məbləğ hesab oluna bilər. Lakin həmin vəsaitin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə yönəldilməsi dövlət və millət qarşısında borcun yerinə yetirilməsi anlamına gələr. Həm bu belə bir addımın atılması maliyyə amnistisiyyası kimi başa düşülə bilər.
Nurlan
Olaylar.az