Regionun yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları
21 Yanvar 2021 11:58 Siyasət44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə, 30 ilə yaxın işğal altında olan şəhər və rayonların düşməndən azad edilməsi regionda yeni bir reallıqla yanaşı, yeni əməkdaşlıq perspektivləri üzə çıxardı, imkanlar açdı. İndi dünyanın əksər ölkələri həmin reallıq fonunda regionda yeni yaranan əməkdaşlıq formatlarından yararlanmaq istəyir. Bu əməkdaşlıq formatlarında həm siyasi, həm də iqtisadi elementlər özünü büruzə verir. Məsələn, yanvarın 11-də Moskvada keçirilən Putin-Əliyev-Paşinyan görüşünün nəticələrinə əsasən imzalanan üçtərəfli bəyanatdan aydın oldu kl, region üçün yeni nəqliyyat-tranzit imkanları açılır. Azərbaycan ərazisindən keçməklə Rusiyaya çəkiləcək nəqliyyat dəhlizi Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, regional əməkdaşlığa maraqlı olan digər ölkələrin də bu imkanlardan yararlanmasına imkan yaradacaq. Bu da heç şübhəsiz ki, Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradacaq və tranzit gəlirlərini artıracaq.
İqtisadi layihələr və onun perspektivləri ilə yanaşı Vətən müharibəsinin uğurlu sonluğu yeni siyasi əməkdaşlıq imkanlarını da ortaya qoyacaq. Artıq Vətən müharibəsi dövründə bu əməkdaşlığın ilkin konturları mövcud idi. Bu sırada Azərbaycan-Türkiyə-Əfqanıstan, yaxud Azərbaycan-Türkiyə-Pakistan formatlarını qeyd etmək yerinə düşər. Düzdür, hər iki formatda normal əlaqələr, əməkdaşlıq imkanları var. Lakin bu imkanları daha da artırmaq üçün potensial da var və Vətən müharibəsinin uğurlu sonluğu bu potensialı bir qədər də artırmış oldu. Paralel olaraq Azərbaycan-Türkiyə-Pakistan-İsrail formatı da mümkün variantlardan sayıla bilər. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, deyib ki, Azərbaycanın Ermənistanın işğalına son qoyması regionda yeni çağrışlara və siyasi nizamın formalaşmasına gətirib çıxarır. Politoloqun sözlərinə görə, ölkəmiz Türkiyə və Pakistanla hərbi texniki əməkdaşlığı inkişaf etdirməklə, üçtərəfli hərbi təlimlərin keçirilməsini reallaşdırmalıdır: "Türiyə ilə birgə bu təlimlər həyata keçirilir. Azərbaycana Qarabağ müharibəsində real dəstək verən Türkiyə, Pakistan və İsraillə ortaq bir platformanın qurulmasını həyata keçirmək lazımdır. Qarabağ müharibəsində İsrail və Türkiyə arasında sıx əməkdaşlıq iki ölkənin yenidən geosiyasi reallıq nəticəsində yaxınlaşmasına gətirib çıxardı. Pakistanla İsrail arasında da əlaqələrin qurulması istiqamətində Azərbaycan mühüm rol oynaya bilər. Paksitanla İsrail arasında siyasi əməkdaşlıq yoxdur və rəsmi İslamabad İsraili bir dövlət kimi tanımır. Hər iki ölkə Azərbaycanın yaxın hərbi-siyasi tərəfdaşıdır və ortaq nöqtələri var. Bir çox regionlarda hər iki dövlətin maraqları üst-üstə düşür. Azərbaycan İsrail və Paksitan arasında siyasi münasibətlərin qurulması üçün bir təşəbbüs edə bilər".
Məhəmməd Əsədullazadə qeyd edib ki, İsrail ötən ildən müsəlman ərəb ölkələri ilə siyasi əlaqələr qurur: "Azərbaycan Pakistanla İsraili bir araya gətirməsi üçün İslamabadla təmaslar qura və danışıqlar aparmaq üçün hər iki ölkənin təmsilçilərini Bakıya dəvət edə bilər. Hətta Bakıdakı səfirlər çərçivəsində ilk təmasın qurulması üçün təşəbbüs göstərə bilər. Türkiyəni də bu barışıq üçün danışıqlara cəlb etməlidir. Təbii ki, iki ölkə arasında münasibətlərin qurulması çətindir. Ancaq hər iki ölkə də uzun illərdir ki, Azərbaycana hərbi-siyasi dəstək verir".
Politoloq hesab edir ki, Pakistanın İsraili tanıması regional maraqlarına uyğundur: "Bu ölkədən müasir silahlar almaqla, öz hərbi arsenalını daha da gücləndirə bilər. Bundan əlavə, Hindistan İsrail əlaqələrində daha da önə çıxa bilər. Qeyd edim ki, iqtidar Kəşmir məsələsində daha da açıq mövqe tutmalı və Paksitana bu məsələdə istənilən yardımı edə biləcəyini daima bəyan etməlidir. İndiyə qədər Qarabağ probelminə görə buna getmirdi. Qarabağ münaqişəsi Azərbaycan üçün bitib. Qarabağın statusu heç bir sənəddə təsbit edilməyib və ölkəmiz müəyyən məsələləri Rusiya ilə həll etməli olacaq. Ona görə də çəkinmədən Kəşmir məsələsində Paksitanın mövqeyini beynəlxalq təşkilatlarda konkret şəkildə dəstəkləməliyik".
Süleyman
Olaylar.az