Qarabağa qeyri-qanuni səfərlərə son qoyulmalıdır

Rusiyanın bəzi siyasi dairələri nə üçün 10 noyabr bəyanatına zidd addım atırlar?

Görünən odur ki, Rusiyanın bəzi siyasi dairələri hələ də Qarabağdakı separatçı ünsürlərə dəstək nümayiş etdirir, onların qeyri-qanuni hərəkətlərini davam etdirmələrinə bu və ya digər yolla bəraət qazandırırlar. Bu sırada Azərbaycan ərazilərinə Ermənistan ərazisindən həyata keçirilən qeyri-qanuni səfərlər və Xankəndində separatçılarla müntəzəm olaraq keçirilən görüşləri qeyd etmək yerinə düşər. Baxmayaraq ki, Azərbaycan rəsmi şəkildə və ən yüksək səviyyədə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsinə kəskin etirazını bildirib, lakin nə şimal qonşumuzun müəyyən siyasi dairələri, nə də regionda atəşkəsə nəzarət etmək funksiyasını öz üzərinə Rusiya sülhməramlıları bu kimi qanunsuzluqları görməzdən gəlir və hətta bəzi hallarda ona bəraət də qazandırırlar. Bu sırada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikirləri xüsusi diqqət çəkir. Onun bu günlərdə mətbuata verdiyi açıqlamadan da belə nəticə hasil oldu ki, Lavrov erməni separatçılarının bu qanunsuz addımlarına normal baxır. Bu da Rusiyanın xarici siyasət idarəsi rəhbərinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyini ortaya qoymuş olur. Həmçinin Lavrovun erməni sevgisini açıq-aşkar ortaya qoyur.

Elə əksər ekspertlər də bu qənaətdədirlər. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarının bəzi məqamları növbəti dəfə Azərbaycana qarşı qərəz üzərində qurulmuşdu. Onun sözlərinə görə, Lavrovun ilk növbədə Ermənistan rəsmilərinin Qarabağa - Azərbaycanın ərazisinə icazəsiz gəlib-getməsi və status məsələsi ilə bağlı fikirləri kökündən yanlışdır və rəsmi Bakının mövqeyinə ziddir: "Sergey Lavrov hesab edir ki, Ermənistan rəsmilərinin Qarabağa icazəsiz gəlib-getməsində qeyri-adi heç nə yoxdur və buna adi hal kimi baxmaq lazımdır. Rusiya XİN rəhbəri dolayısı ilə Azərbaycanın Ermənistan rəsmilərinin Xankəndiyə səfər etməsinə qarşı çıxmasının 10 noyabr bəyanatına zidd olduğunu dilə gətirib. Lavrov elə danışır ki, sanki Laçın dəhlizi Ermənistana bağışlanılıb və onlar da istədikləri vaxt bu dəhliz vasitəsilə Qarabağa gəlib-gedə bilərlər. Xeyr, elə deyil. Lavrovun bu mövqeyi rəsmi Bakının mövqeyi ilə birmənalı şəkildə açıq ziddiyyət təşkil edir. Lavrova xatırlatmaq istərdik ki, prezident İlham Əliyev və Azərbaycanın xarici siyasət idarəsi (XİN) Ermənistan rəsmilərinə Qarabağa qanunsuz səfərlərin dayandırılması ilə bağlı qəti şəkildə xəbərdarlıq edib. Ermənistan rəhbərliyinin nəzərinə çatdırılıb ki, Xankəndiyə bütün səfərlər Azərbaycanla razılaşdırılmalıdır, əks halda, ciddi tədbirlər görüləcək".

Əlisahib Hüseynovun sözlərinə görə, eyni zamanda Lavrov da bilməlidir ki, onun istinad etdiyi 10 noyabr Bəyanatında Ermənistanın rəsmi şəxslərinin Xankəndiyə maneəsiz səfərləri ilə bağlı hər hansı müddəa yoxdur: "Sözügedən Bəyanatda sadəcə, Laçın dəhlizinin Dağlıq Qarabağla Ermənistan arasında kommunikasiya vasitəsi olduğu qeyd olunub. Bu isə heç də əsas vermir ki, Ermənistan rəsmiləri Qarabağı su yoluna döndərsinlər. Ancaq Sergey Lavrovun sonuncu  açıqlaması isə bunun əksinə, Ermənistan rəsmilərinin Qarabağa istədikləri vaxt gəlib-getmələrinə "yaşıl işıq" yandırmaq anlamına gəlir.  Lavrov hər şeyi öz arşını ilə ölçür. Amma o bir təcrübəli diplomat kimi beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdır. Beynəlxalq hüquq isə onu göstərir ki, rəsmi Bakının razılığı olmadan Ermənistan rəhbərlərinin və istənilən digər şəxslərin Xankəndiyə səfərlər etməsi Azərbaycanın suverenliyinin açıq şəkildə pozulmasıdır. Əlbəttə, biz Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistan ilə əlaqə saxlamasının əleyhinə deyilik. "Laçın dəhlizi" də məhz bu əlaqə üçün nəzərdə tutulub. Təkrar edirəm, "Laçın dəhlizi" yalnız Dağlıq Qarabağ ermənilərinin Ermənistanla əlaqəsi üçün nəzərdə tutulub, Ermənistan rəsmiləri və vətəndaşları üçün nəzərdə tutulmayıb. Ermənistandan kimsə Qarabağa gəlmək istəyirsə, mütləq Azərbaycandan razılıq almalıdır". Əlisahib Hüseynov bildirib ki, heç kim sərhəddimizi icazəsiz keçib Qarabağa gələ bilməz: "Ermənistanla Azərbaycan arasında sərhədlər artıq müəyyənləşdirilib. Odur ki, Azərbaycan sərhəddini keçən hər bir şəxs icazə almalıdır.  Lavrovun hərbi əsirlərin qaytarılması ilə bağlı söylədikləri də rəsmi Bakının mövqeyi ilə tam ziddiyyət təşkil edir. Lavrov Xocavənddə saxlanılan 62 nəfər erməni diversantı hərbi əsir hesab edərək, əsirlərin "hamının-hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edir. Onun fikrincə, 10 noyabr razılaşmasının şərtlərinə uyğun olaraq Azərbaycan 62 erməni hərbçisini geri qaytarmalıdır. Lakin rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Xocavənddə saxlanılan silahlılar hərbi əsir sayıla bilməz. Çünki onlar müharibə bitdikdən sonra Azərbaycan Ordusunun mövqelərinə hücum ediblər. Onlar terrorçu və diversantdır və bu fəaliyyətlərinə uyğun olaraq da məsuliyyətə cəlb olunublar. Müharibədən sonra Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə əsirlərin mübadiləsi həyata keçirilib. Azərbaycan 50-yə qədər hərbi əsiri qaytarıb, Ermənistan isə cəmi 14  nəfəri təhvil verib. Yəni Bakı 10 noyabr razılaşmasında üzərində düşən öhdəliyi artıq tam şəkildə yerinə yetirib".

Partiya sədrinin sözlərinə görə, Prezident İlham Əliyev həmçinin çıxışlarında dəfələrlə bildirib ki, heç vaxt Dağlıq Qarabağın ayrıca statusu olmayacaq: "Odur ki, Lavrovun "gələcəkdə Dağlıq Qarabağın statusuna baxılacaq" ifadəsini işlətməsi də tamamilə yersiz və əsassızdır. Status məsələsini süni şəkildə problemə çevirmək lazım deyil.  Maraqlıdır ki, Lavrov erməni rəsmilərinə məsləhət verir ki, vəziyyəti gərginləşdirə bilən düşünülməmiş bəyanatlar səsləndirməsinlər. Lakin Lavrovun özü də düşünülməmiş bəyanatlar verir və vəziyyəti gərginləşdirir. Bu isə onun təcrübəli diplomat olması ilə qətiyyən uyuşmur".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31