Paşinyanın növbədənkənar seçki planı
21 Yanvar 2021 11:28 SiyasətVə rəqiblərinə vurulan gözlənilməz siyasi zərbə
Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Baş nazir Nikol Paşinyan 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra ona qarşı formalaşmış siyasi müxalifəti, rəqiblərini zərərsizləşdirmək üçün yollar axtarışındadır. Belə demək mümkündür ki, Nikol vəziyyətdən çıxış yolunu da tapıb. Belə ki, baş nazir mövcud siyasi gərginlikdən çıxış yolu kimi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib. Paralel olaraq Paşinyan daxildə aşağı düşən reytinqini artırmaq üçün də paralel gedişlər edir. Belə ki, onun müntəzəm olaraq qeyri-qanuni şəkildə Qarabağa nümayəndə göndərməsi məhz daxili auditoriya, cəmiyyət arasında yenidən reytinq qazanmağa hesablanıb. Elə əksər ekspertlər də bu fikirdədir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa növbəti heyətini göndərir. Onun sözlərinə görə, Ermənistanın diapor üzrə nümayəndələri Zara Sinanyan və Sara Andjarqolyan yanvarın 22 və 24-də Dağlıq Qarabağda olacaqlar: "Azərbaycan torpaqlarına növbəti qanunsuz gəlişin məqsədi kimi yerli separatçılarla diasporanın imkanlarından səmərəli istifadəni müzakirə etmək göstərilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son günlərdəki çıxışının mətniqinə görə bu səfərlərdə anormal heç nə yoxdur və Ermənistanla Dağlıq Qarabağdakı separatçılar Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilərlər. Məsələ burasındadır ki, dəhliz birtərəfli qaydada istifadə olunur, yəni əsasən Ermənistandan Dağlıq Qarabağa gəlirlər, halbuki separatçıların təmsilçilərini bu və ya digər məsələnin müzakirəsi üçün Ermənistana çağıra bilərlər. Etmirlər, özləri separatçıların ayaqlarına gedirlər. Deməli, Ermənistandan gələnlərin məqsədi heç də Dağlıq Qarabağ ermənilərinin problemləri ilə məşğul olmaq deyil, bunu rusiyalı hərbçilərə yükləyiblər. Xankəndiyə səfərlərin əsas məqsədi "Dağlıq Qarabağ Respublikasının" var olduğunu göstərməkdir. Bunu Moskva da anlayır. Əks halda səfərlərə anormal baxmayan Lavrov erməni rəsmiləri Dağlıq Qarabağa gələrkən təxribatçı açıqlamalardan çəkindirməzdi. Elə Azərbaycan ərazisinə qanunsuz səfərlərin məqsədi məhz budur".
Elxan Şahinoğlu Ermənistan baş nazirinin son gedişlərinə də diqqət çəkib: "Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 20-də parlamentdə etdiyi çıxışında və müxalifətdən olan deputatların suallarına cavablarında bır sıra məqamlara toxundu. Birincisi, Paşinyan dedi ki, o müxalifətlə erkən parlament seçkisinin tarixini müzakirə etməyə hazırdır. Paşinyan müxalifətə səslənərək bildirdi ki, "məni istəmirsinizsə seçki keçirək ən layiqlini baş nazir seçək". Paşinyan seçki tezisi ilə müxalifəti çətin vəziyyətə sürükləyib. Müharibədə məğlub olan Paşinyan bir müddət müxalifətin təzyiqi ilə üzləşdi, indi isə əks-hücuma keçib. Müxalifət seçki istəmir. Səbəbi sadədir. Müxalifət seçki nəticəsində hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamayacağını proqnozlaşdırır. Ona görə də Paşinyan müxalifətə zəif damarından basır. İkincisi, Paşinyan Dağlıq Qarabağ mövzusunda dedi ki, Minsk Qrupu çərçivəsində status danışıqlarına başlanılmasının tərəfdarıdır. Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da onun kimi düşündüyünü bildirdi.
Üçüncüsü, Paşinyan yenidən əsirlər mövzusunda toxunaraq bildirdi ki, bu mövzunun daima gündəmdə olması Ermənistanın maraqlarına ziddir. Yəni Paşinyan demək istədi ki, əsirləri qaytarmağa çalışsa da, bu alınmır və bu mövzunun daima müzakirə olunması Ermənistana əlavə problemlər yaradır. Başqa sözlə Paşinyan ona işarə etdi ki, əsirlər mövzusu erməni cəmiyyətini parçalayır.
Dördüncüsü, Paşinyan dedi ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlıların varlığını müsbət qiymətləndirir: "Təhlükəsizlik sahəsində Ermənistanla Arsax arasında dəyişən bir şey yoxdur. Digər tərəfdən rusiyalı hərbçilərin Dağlıq Qarabağda olmaları Arsax üçün əlavə təhlükəsizlik amilidir". Beləliklə, zaman geçdikcə Paşinyan erməni ictimaiyyəti qarşısında məğlub sindromundan qurtulmağa və fəallığını artırmağa çalışır. Paşinyan parlamentdə müxalifətin istənilən sualını cavablandıra biləcəyini göstərməyə çalışır. Əslində isə Paşinyan faktiki məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur. Bizə də elə bu lazımdır".
Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistandan Dağlıq Qarabağa edilən qanunsuz səfərlər daxili auditoriyaya hesablanıb. Politoloq deyir ki, bu birbaşa Nikol Paşinyanın planıdır: "Ermənistanın baş naziri Nikol Paşinyanın, xarici işlər naziri Ara Ayvazyanın Qarabağla bağlı verdiyi açıqlamaların bundan sonra Ermənistanın lehinə nəyisə müsbətə doğru dəyişəcəyi mümkün deyil. Ermənistanın baş nazirinin Xankəndiyə göndərəcəyi heyət, burada Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan separatçılarla görüşü, status məsələsini qaldırmaları Ermənistanın əleyhinədir. İlk növbədə Ermənistan Dağlıq Qarabağa heyət göndərib süni gərginliyi yaradacaqsa, Azərbaycan və Türkiyə ilə normal münasibətlər alinmayacaq".
Məhəmməd Əsədullazadə deyib ki, Nikol Paşinyan növbədənkənar seçkilərə qədər Xankəndiyə nümayəndələrini göndərəcək, status məsələsini qaldıracaq: "Bu da daxili auditoriyaya hesablanıb. Paşinyan bilir ki, status məsələsi hazırkı situasiyada gündəlikdə yoxdur, buradakı proseslər Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir".
Süleyman
Olaylar.az