Baydenin dövründə Vaşinqtonun daxili və xarici siyasətində gözlənilən dəyişiliklər

Birləşmiş Ştatlar tarixinin ən qalmqallı seçkilərindən biri arxada qaldı. Seçkilərdə məğlub olmasına baxmayaraq məğlubiyyətini bir müddət etiraf etmək istəməyən Donald Tramp  yanvarın  20-də Ağ Evi tərk edərək onu yeni seçilmiş Co Baydenə təhvil verdi. Bəs görəsən Co Baydenin zamanında Birləşmiş Ştatların daxili və xarici siyasət kursunda nələr dəyişəcək? Xüsusilə, Baydenin yeni Amerika prezidenti seçilməsi Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə hansı formada təsir göstərəcək?

Məsələ ilə bağlı bir sıra ekspertlər öz fikirlərini bölüşüblər.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, artıq Co Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. Politoloqun sözlərinə görə, o keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcək. Bəs, Baydenin xarici siyasəti necə olacaq?. Elxan Şahinoğlu hesab edir ki, ilk növbədə Bayden Trampdan fərqli olaraq İranla nüvə anlaşmasına yenidən qayıtmaq istəyir: "Bu baş verərsə, bölgədə gərginlik və müharibə ehtimalı azalacaq. ABŞ-la İran arasında gərginliyin azalması Azərbaycanın da maraqlarına uyğundur. Çünki Bakı Vaşinqtonla Tehran arasında seçim etmək istəmir. Azərbaycan həm İran, həm də ABŞ-la əməkdaşlığını davam etdirmək istəyir.

İkincisi, Bayden Trampdan fərqli olaraq NATO ilə əlaqələrə əhəmiyyət verəcək. Donald Tramp digər NATO ölkələrini ittiham edirdi. O deyirdi ki, üzv ölkələr NATO-ya Amerika qədər maliyyə ayırmalıdırlar. Məsələn, Tramp deyirdi ki, nəyə görə Amerika Almaniyanı Rusiyadan qorumalıdır. Almaniya Rusiyadan az alır. Bayden Avropadakı tərəfdaşlarıyla yenidən normal münasibətləri bərpa etməyə çalışacaq".

Mərkəz rəhbəri bildirib ki, Bayden Trampdan fərqli olaraq miqrasiya siyasətini yumşaltmaq istəyir: "Donald Tramp Amerikanın qapılarını miqrantlara bağlamışdı. Bayden isə qapıları miqrantlara açmaq istəyir. Bundan da milyonlarla insan istifadə etmək istəyir. Ancaq milyonlarla insan Amerikaya daxil olarlarsa, bu Vaşinqtona siyasi və iqtisadi problemlər yaradacaq".

Bəs Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?

Elxan Şahinoğlu bildirib ki,  Bayden konqresmen olarkən erməni lobbisi ilə sıx münasibətləri var idi: "Bayden Konqresdə Azərbaycan əleyhinə qərarlar qəbul edib. Bayden Dağlıq Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə dəstəyinin tərəfdarı olub. Halbuki, Amerikadan başqa dünyanın heç bir digər parlamenti Dağlıq Qarabağın erməni separatçılarına maliyyə yardımı ayırmayıb.  Bayden administrasiyasına erməni mənşəli iki Amerika vətəndaşını təyin edib. Bu təyinatlar Ermənistanda sevinclə qarşılanıb. Müharibədə məğlub olan Ermənistanın Baydenə ümidlər var. Bu ümidlər müharibə günlərində də var idi. Ancaq ABŞ yalnız Ağ Evdən ibarət deyil. Amerikanın idarə edilməsində Ağ Ev və Konqreslə yanaşı Pentaqon və Dövlət Departamenti də xüsusi rol oynayır. Bu iki qurum isə Amerikanın milli və təhlükəsizlik maraqlarını əsas tutur. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığı diqtə edir. Amerika üçün dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq faydalıdır".

Politoloq deyib ki, Azərbaycan bu ildən başlayaraq öz qazını Avropaya nəql etməyə başlayıb: "Amerika Avropa ölkələrinin qaz asılılığını azaltmasını istəyir. Bu asıllığın azalmasında Azərbaycan rol oynayacaq. Bu isə Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən müsəlman ölkəsi olan Azərbaycanın İsraillə siyasi və hərbi əlaqələri də Vaşinqton üçün faydalıdır. Baydenin ermənilərə simpatiyası olsa da, Ermənistanın Rusiyadan asılı olduğunu diqqətə almaya bilməz. Rusiya hərbçiləri Dağlıq Qarabağda yerləşib və separatçılarla əlbir hərəkət edir. Bayden ermənipərəst olsa da, Rusiyanın ən sərt tənqidçilərindəndir. Deməli, Bayden ABŞ prezidenti olaraq Rusiyadan asılı olan Ermənistana açıq-aşkar dəstək verməyəcək. Vaşinqtonun Bakı ilə münasibətləri əvvəlki kimi Dövlət Departamentinin və Pentaqonun kurasiyasında olacaq. Bu Azərbaycan üçün məqbuldur".

Elxan Şahinoğlu onu da deyib ki, Donald Tramp Amerikanın siyasi tarixinə imzasını vurdu: "Tramp seçkinin nəticələrini tanımadı, rəqibi Co Baydenin saxtakarlıq edərək prezident seçildiyini bildirdi, Konrqesə hücumun təşkilatçısı oldu və nəhayət yeni dövlət başçısının andiçmə mərasiminə qatılmadı. Bunların hər biri Amerikanın tarixində nadirən baş verən hadisələrdir və Tramp bunların hamısını birdən etdi. Yeri gəlmişkən yeni prezident Trampın daha bir "əsəri" olan Meksika ilə sərhəddə tikdiyi divarı sökəcəyini vəd edib. Vergi ödəyiciləri hesabına hörülən divar elə vergi ödəyicilərinin hesabına da söküləcək. Bayden Trampın başqa qərarlarını da ləğv etməyə hazırlaşır. Bu da Amerikan siyasi tarixində maraqlı ilk olacaq".

Hüquqşünas Əli İbrahimov isə Baydenin dövründə mümkün Amerika-Azərbaycan əlaqələrindən söz açıb: "Artıq Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Co Bayden səlahiyyətlərinin icrasına başlayır.

Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşündə bildirmişdi ki, "Prezident İlham Əliyev ilə görüşlərə ABŞ böyük əhəmiyyət verir". Bayden bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını bildirmişdi. Bayden seçkilərdə qələbə qazandıqdan sonra isə Azərbaycan Prezidenti İlham Əliyev təbrik məktubunda bildirdi ki, "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirlər. İnanırıq ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir".

Əli İbrahimov deyib ki, hər iki lider kifayət qədər təcrübəsi olan peşəkar siyasətçilərdir: "Bu isə iki dövlət arasında qarşıdakı illərdə müsbət mənada əlaqələrin inkişaf etdirilməsinə münbit zəmin yaradacaqdır".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31