“Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır”
9 Yanvar 2021 13:48 SiyasətMilli Vəhdət Partiyasının funksioneri Alim Hüseynli: "İlham Əliyevə dəstək olmalıdır ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü daha da möhkəmlənmiş olsun"
"Artıq geridə qoyduğumuz 2020-ci il siyasi, iqtisadi və beynəlxalq münasibətlər baxımından Azərbaycan üçün əhəmiyyətli il oldu. Belə ki, Azərbaycan həm daxili, həm də beynəlxalq qlobal problemlərdən alnı açıq, üzü ağ çıxmağı bacardı. Baxmayaraq ki, 2020-ci il hətta siyasi və iqtisadi baxımdan inkişaf etmiş bir sıra ölkələr üçün əlavə problemlər yaratdı, lakin ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan nəinki problemlər yaşamadı, hətta bir sıra uğurlara imza atdı".
Milli Vəhdət Partiyasının funksioneri Alim Hüseynli hesab edir ki, ötən il həm böyük nailiyyətləri, həm də uğurlu inkişafı ilə tarix yazanlar da oldu. Elə Azərbaycan xalqı və dövləti kimi: "Məlum olduğu kimi ötən ilin əvvvəllərindən bəşəriyyəri cənginə almış koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına ciddi təsir etməklə yanaşı, xeyli sayda sosial problemlər yaratdı. Pandemiyanın geniş yayılması əksər dünya ölkələrinin səhiyyə sistemində çatışmazlıqlar olduğunu üzə çıxardı. Lakin müharibə şəraitində yaşamasına baxmayaraq Azərbaycan hökuməti nəinki öz vətəndaşlarına, hətta iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə maliyyə dəstəyi göstərdi. Paralel olaraq Azərbaycan vətəndaşlarının sağlamlığı naminə koronavirusa qarşı mübarizə tədbirləri hazırlayıb həyata keçirdi. Pandemiyadan zərər çəkmiş hüquqi və fiziki şəxslərə hərtərəfli yardım göstərildi, həmin yardım kompaniyası bu gün də davam etdirilir.
Nəhayət, 2020-ci il Azərbaycan üçün tarixi Zəfər ili kimi yadda qaldı. Belə ki, Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını düşmən tapdağından azad etdi. Düşmənə sarsıdıcı zərbələr endirərək işğalçı dövlət olan Ermənistan üzərində tarixi qələbə çaldı. Etiraf edilməlidir ki, bu qələbənin Azərbaycan üçün böyük tarixi, siyasi əhəmiyyəti var. İlk olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu, eyni zamanda ölkəmizin beynəlxalq imici artmış oldu. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi "Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi". O da etiraf edilməlidir ki, Azərbaycan dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Məhz bunun nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Dövlət başçısının dediyi kimi "Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır".
Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti, ordunun gücü və iqtidar-xalq birliyi mühüm rol oynadı. Dövlət başçısı İlham Əliyev prezident kimi fəaliyyətə başladığı ilk gündən qeyd etmişdi ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq və ən nəhayət Azərbaycan münaqişəni istənilən yolla həll edəcək. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Beləliklə, 2020-ci il böyük Zəfərin fonunda həm də yeni uğurlarımızla yadda qaldı. Bu isə birbaşa Azərbaycan dövlətinin gücünün göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik".
Hazırda Azərbaycan işğaldan azad olunmuş torpaqlarında quruculuq-abadlıq işlərinə start verib. Artıq mədəniyyət beşiyimiz olan Şuşa şəhəri bötövlükdə elektrik enerjisinə qərq olub, digər infrastruktur işləri davam etdirilir. Sözsüs ki, belə fəaliyyətin davam etdirilməsi üçün bölgədə sülh və əminamanlığın bərqərar olması vacib şərtdir. Çox təəssüf ki, Ermənistanın təxribatçı qüvvələri bütün vasitələrdən istifadə edərək quruculuq işlərinə mane olmağa çalışırlar. Lakin buna baxmayaraq ermənilərin bütün cəhdləri boşa çıxacaq. Bunun üçün ilk növbədə bölgədə yerləşdirilmiş sülhməramlı qüvvələrin rolu dəqiqləşdirilməlidir. Azərbaycanın razılığı və icazəsi olmadan Qarabağa heç bir xarici ölkə vətəndaşının getməsinə icazə verilməməlidir. Bu kontekstdə sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin, eləcə də Ermənistanın xarici işlər nazirinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır. Xatırladaq ki, Azərbaycan sülhməramlı qüvvələr qarşısında məsələ qoyub ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq".
Alim Hüseynli qeyd edib ki, Azərbaycan cəmiyyəti, xüsusən ziyalılar, siyasi və ictimai təşkilatlar, vətəndaş cəmiyyətləri bundan sonrakı fəaliyyətdə prezident İlham Əliyevə dəstək olmalıdır ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü daha da möhkəmlənmiş olsun.