2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub...
7 Yanvar 2021 13:23 Siyasətİlham Əliyev: "Amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb"
Dünyanı cənginə almış koronavirus pandemiyası iqtisadi sarsıntılarla müşahidə ounmaqdadır. Belə ki, dünyada baş verən iqtisadi sarsıntılar hətta hegemon dövlətləri öz iqtisadi strategiyalarında dəyişiklik etməyə vadar edib. Dünyanın aparıcı dövlətləri nə qədər iqtisadi inkişaf tempindən, uğurlu pul kredit siyasətindən danışsalar da reallıq ondan ibarətdir ki, artıq iqtisadi təlatümlər həmin ölkələri də silkələyib. Azərbaycan iqtisadiyyatı isə hələ 2004-cü ildən etibarən yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu ildən icrasına başlanılan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının və eləcə də digər məqsədyönlü tədbirlərin nəticəsində ölkə iqtisadiyyatında xüsusi paya malik olan sənaye istehsalı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər həlli istiqamətində əhəmiyyətli işlər görülmüş, sənayenin infrastruktur təminatı xeyli yaxşılaşdırılıb. Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı dövlət investisiyaları bir sıra istehsal təyinatlı layihələrə, neft-qaz hasilatı, neft emalı və neft-kimya sahələrinin inkişafına, alternativ enerji qurğu və avadanlıqlarının, alüminium emalı, gəmi istehsalı və müdafiə sənayesi müəssisələrinin yaradılmasına yönəldilib. Bununla yanaşı ölkədə əlverişli biznes investisiya mühiti yaradılıb, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi və zərurət yarandığı təqdirdə dövlətin bu layihələrdə pay iştirakı təmin edilib. Etiraf edilməlidir ki, ölkə sənayesinin inkişafında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində fəaliyyətə başlayan sənaye parkları və sənaye məhəllələri xüsusi əhəmiyyətə malikdir. Belə ki, sözügedən parklarda istehsal olunan məhsullar elə bölgələrin də iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan vermiş olur. Məhz sadalanan bütün amillər, xüsusən ölkədə həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət bütövlükdə ölkə iqtisadiyyatının dayanaqlığını təmin edib.
Elə Prezidenti İlham Əliyev də yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib ki, Azərbaycan digər ölkələrə nisbətən mövcud vəziyyətdən daha az itkilərlə çıxıb: "Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir. Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Çünki mən göstəriş vermişəm, azad edilmiş torpaqlarda indi payızlıq əkini aparılır. Bu barədə də danışacağıq".
Yeri gəlmişkən qeyd edək ki, ölkə iqtisadiyyatının inkiafı əhalinin rifah halının yüksəlməsində ənəmiyyətli rol oynayıb. İqtisadi uğurlar nəticəsində əldə edilən gəlir əhalinin maddi rifah halının yüksəlməsinə yönəlib. Nəticədə ölkə vətəndaşlarının sosial durumu yüksəlib, sosial problemlərin həllində yüksək nəticələr əldə edilib. Uğurlu sosial-iqtisadi siyasət iqtisadiyyatın digər sektorlarının da inkişafına öz müsbət təsirini göstərib. Xüsusən, qeyri-neft sənayesi sektorunda iqtisadi aktivlik müşahidə olunub. Dövlət başçısının məlum müşavirədə qeyd etdiyi kimi orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır: "Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5 faiz artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni, bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik".
Ancaq bu son deyil, ölkə iqtisadiyyatının inkişafı davamlı olacaq, iqtisadi potensialdan maksimum istifadə yeni-yeni naliyyətlərə imza atmağa imkan yaradacaq. Heç şübhəsiz ki, yeni iqtisadi resusrsların işə salınması əhalinin maddi rifah halı ilə yanaşı, ordunun da inkişafına təsirsiz ötüşməyəcək. Azərbaycanın həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələr ölkə iqtisadiyyatının dayanıqlığını təmin etməkdə əvəzsiz rol oynayacaq. Bu layihələr nəinki ölkə iqtisadiyyatının, eləcə də bir sıra Avropa dövlətlərinin iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək: "İlin sonunda - dekabrın 31-də daha bir şad xəbər gəldi, Cənub Qaz Dəhlizi tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. "Şahdəniz-2" layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu, həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda, digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi. Vaxtından əvvəl nə isə demək istəmirəm. Amma, eyni zamanda, biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq. Vaxt gələndə bu barədə də məlumat veriləcək. Yeni layihə bizim potensialımızı böyük dərəcədə gücləndirəcək". Göründüyü kimi Azərbaycanı iqtisadiyyatının inkişafı üçün kifayət qədər potensialımız mövcuddur. Yetər ki, həmin potensialdan səmərəli və xalqın, dövlətin maraqlarına uyğun istifadə edilsin. Azərbaycan prezidentinin amalı xalqın güzərananını yaxşılaşmasından ibarət olduğundan iqtisadi gəlirlərin vətəndaşların sosial rifahına yönəldiləcəyi də şübhə doğurmamalıdır.
Zəka