Həyata keçirilən layihələr işğaldan azad edilən ərazilərimizi inkişaf etdirəcək

44 günlük Vətən müharibəsindəki uğurlu və tarixi qələbədən sonra Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələr dayanıb. Bu sırada işğaldan azad edilmiş ərazilərdə quruculuq-abadlıq işlərinin aparılması xüsusi yer tutur. Artıq bu istiqamətdə işlərə demək olar ki, start verilib. Hətta dövlət başçısı tərəfindən bu məqsədlə bir neçə sənəd də imzalanıb. Bu sırada Şuşaya avtomobil yolunun çəkilişi, Füzulidə aeroportun tikilməsini xüusi qeyd etmək lazımdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2020-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair keçirilən iclasında çıxışı zamanı qeyd edilənlərə xüusi diqqət çəkib. Dövlət başçısı deyib ki, azad edilmiş torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb. Dövlət başçısı qeyd edib ki, birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil: "Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik".

Prezident çıxışı zamanı qeyd edib ki, digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur: "Bu da çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq. Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz "AZAL" bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin".

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, sözügedən layihələrin reallaşması, xüsusilə Füzulidə hava limanının tikintisi Qarabağın sosial-iqtisadi inkişafına böyük töhfə olacaq. Onun sözlərinə görə,  dövlət başçısı İlham Əliyevin qısa bir vaxtda Füzulidə bəynəlxalq aeroportun tikilib istifadəyə veriləcəyini qeyd etməsi strateji əhəmiyyət kəsb edir: "Bununla da Xocalı aeroportu bağlanacaq. Xocalı aeroporotu kiçik tutumlu təyyarələri qəbul edir və müasir standartlara cavab vermir. Baxmayaraq ki, hazırda orada bizim nəzarətimiz yoxdur, ancaq ümumilikdə hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil. Hətta Paşinyan istəsə belə bundan sonra,  helikopterlə Xocalı aeroportuna gələ bilməz. Dərhal havada məhv edilər. Bundan əlavə, Rusiya tərəfi "sülhməramli" qüvvələrinin lojistik dəstəyi üçün Xocalı aeroportunun açılmasında israrlıdır. Kiçik tutumlu hərbi nəqliyyat təyyarələrinin bura eniş etməsinə çalışır.  Azərbaycan buna razılıq vermir. Çünki,  bu, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadları mümkündür".

MCP rəsmisi deyib ki, Füzuli aeroportu  açılandan sonra, Azərbaycanın nəzarəti altında Rusiya təyyarələri bura eniş edəcək: "Nəzərə alaq ki, Türkiyə hərbiçiləri də Qarabağdadi və Füzuli aeroportuna Türkiyə hərbi təyyarələri də eniş edəcək. Buradakı hərbiçilərinin təminatını hər iki ölkə  qısa vaxtda təmin etmək iqtidarında olacaq. Xocalı aeroporotundan isə təktərəfli Rusiya istifadə edəcəkdir".  

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Füzuli aeroportunu tikməklə Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək və ümumiyyətlə adi bir Helikopter uçuşuna icazə verməyəcək: "Bu aeroportu beynəlxalq aviasiya sistemindən çıxaracaq. Füzuli aeroportu Qarabağ zonasında bir beynəlxalq aeroport olacaq".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31