İlham İsmayılov: “Xalqımız daha çox birlik və bərabərlik içərisində olmalıdır”
1 Yanvar 2021 13:03 Siyasət"Bu il xalqımızın həmrəyliyi, Ali Baş Komandan, xalq və ordumuzun birliyi bizim həmrəyliyimizi daha da gücləndirdi. Xalqımız yeni ilə Zəfər qazanmış qalib xalq kimi qədəm qoydu". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov səsləndirib. O, qeyd edib ki, biz bir xalq olaraq bu Zəfəri bizə qazandırmış əziz şəhidlərimizin xatirəsini əziz tutaraq, onların xatirəsini yad edirik: "Qarabağın işğaldan azad edilməsi üzümüzü güldürsə də, gözümüz şəhidlərimiz üçün hələ də nəmlidir. Artıq ölkəmizə yeni il qədəm qoyub. Bu yeni ildə xalqımız daha çox birlik və bərabərlik içərisində olmalıdır. Qarşıda bizləri azad olunmuş torpaqlarımızda quruculuq işləri, erməni qəsbkarları tərfindən dağıdılmış rayonlarımızın, kəndlərimizin yenidən abadlaşdırılması gözləyir. İnanıram ki, bundan sonra da Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin ətrafında daha sıx birləşib, bu birliyə və ölkənin inkişafına əngəl olmağa çalışan xarici və daxili qüvvələrə qarşı da birlik nümayiş etdirəcək, ölkəmizi daha da inkişaf etdirəcəyik".