Milli Vəhdət Partiyası: "Azərbaycan 2020-ci ili uğurlar, nailiyyətlər, ən əsası tarixi qələbə ilə başa vurdu"
30 Dekabr 2020 17:14 Siyasət"Bunun təməlində isə düzgün idarəçilik, uğurlu daxili və xarici siyasət kursu dayanır"
"Bütün risk, təhdid və problemlərə baxmayaraq Azərbaycan 2020-ci ili də uğurlar, nailiyyətlərə, ən əsası tarixi qələbə, zəfərlə başa vurdu". "OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının 2020-ci illə əlaqədar dəyərləndirməsi və 2021-ci ildəki gözləntiləri ilə bağlı açıqlamasında yer alıb. Partiya hesab edir ki, 2020-ci il dünya dövlətləri, hətta ən inkişaf etmiş ölkələr üçün mənfi çalarlarla yadda qalsa da, lakin Azərbaycan istisna təşkil etdi və ili müsbət nəticələrlə başa vurdu.
Milli Vəhdət Partiyasının başa vurmaqda olduğumuz 2020 və qarşıdan gələn 2021-ci illə bağlı dəyərləndirməsində o da qeyd edilir ki, Azərbaycanın hər il olduğu kimi 2020-ci ili də uğurla başa vurmasının təməlində düzgün idarəçilik, uğurlu daxili və xarici siyasət kursu dayanır: "2003-cü ildən etibarən bu kurs, idarəçilik ən yüksək səviyyədə icra edilir. 17 ildir ki, məhz həmin siyasi kursun doğru, düzgün şəkildə həyata keçirilməsi Azərbaycan üçün yeni-yeni dividentlər gətirir. Bu illər ərzində ölkəmiz Cənab İlham Əliyevin rəhbərliyi altında bütün parametrlər üzrə inkişaf edib, uğurlara, nailiyyətlərə imza atıb. Bu 17 ilin elə bir ili olmayıb ki, Azərbaycan həmin ili mənfi elementlər, tənəzüllə başa vursun. İldən-ilə artan iqtisadi gücümüz, yaxşılaşan sosial rifahımız, güclənən beynəlxalq mövqeyimiz, inkişaf edən ölkəmiz və ordumuzun timsalında bunu aydın şəkildə görürük".
MVP hesab edir ki, hətta bütün dünyanın koronavirus pandemiyasından zərər çəkdiyi və bütün sahələrdə geriləmələrlə üzləşdiyi bir vaxtda Azərbaycan bu ili uğurla, Qələbə, zəfərlə başa vurdu: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşməndən təmizləyərək tarix yazdı. Çoxlarının məğlubedilməz erməni ordusu kimi qiymət verdiyi düşmən qüvvələri cəmi 44 günə məhv edildi və Ermənistan kapitulyasiyaya imza atmağa məcbur oldu".
Partiyanın açıqlamasında o da qeyd edilir ki, Azərbaycan dövləti, eyni zamanda Azərbaycan Ordusu Cənab İlham Əliyevin rəhbərliyi altında hərb tarixinə də yenilik gətirdi: "Təsadüfi deyil ki, Şuşanın düşməndən azad edilməsi əməliyyatı əksər ölkələrin hərbi mərkəzlərində ciddi şəkildə təhlil edilir, öyrənilir. Digər tərəfdən Azərbaycan indiyə qədər iddia edilən "tarixdə qan tökməklə alınan ərazilərin sülh yolu ilə geri qaytarılması qeyri-mümkündür" mifini də qırmış oldu. Kəlbəcər, Ağdam və Laçını 1 güllə belə atmadan düşməndən azad etdi. Bununla da Azərbaycan tarixdə bir ilkə imza atmış oldu".
Milli Vəhdət Partiyası qeyd edir ki, 2020-ci il daxili siyasi proseslər baxımından da önəmli oldu. Ölkədə siyasi konfurantasiyadan siyasi konfiqurasiyaya keçidin sürətlənməsi müşahidə olundu: "Hakimiyyətin müxalifət partiyaları ilə dialoqu daha da inkişaf etdirmək istiqamətində cəhdləri, Prezident Adminstrasiyasında bu işlə cavabdeh olan şöbənin müntəzəm olaraq siyasi partiyalarla görüşlər keçirməsi, dövlət və millətimiz üçün vacib olan məsələlərin birgə müzakirə edilməsi deyilənlərin əyani sübutudur. Bununla yanaşı uzun illər qeydiyyat problemi yaşayan siyasi partiyaların dövlət qeydiyyatına alınması, son günlərdə onlarla partiyanın dövlət tərəfindən ofislə təmin olunması 2020-ci il ərzində siyasi sahədə həyata keçirilən uğurlu islahatlardan sayıla bilər".
Milli Vəhdət Partiyasının 2021-ci ildən də gözləntiləri böyükdür. Partiya hesab edir ki, qarşıdan gələn 2021-ci il 2020-ci ildən yarımçıq qalan proseslərin tamamlanması, müxtəlif sahələrdə həyata keçirilən islahatların dərinləşməsi, ən əsası işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-abadlıq işlərinin həyata keçirilib Qarabağın öz əvvəlki simasına qayıdacağı şübhəsizdir: "Cənab Prezident İlham Əliyev də müntəzəm olaraq işöaldan azad edilən rayonlarımıza səfərləri zamanı bunu açıq şəkildə bəyan edir. Biz inanırıq ki, Azərbaycan dövləti Cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə Qarabağa yenidən cənnət məkana döndərəcək və dünyanın əsas diqqət mərkəzi Qarabağa yönələcək. Bu dəfə ermənilər tərəfindən xarabalığa çevrilən Qarabağa deyil, gözəlləşən, inkişaf edən, dünyanı heyrətləndirən Qarabağa".
Süleyman
Olaylar.az
--