Ermənistanın işğalçılıq siyasətindən əl çəkməkdən başqa yolu yoxdur
29 Dekabr 2020 15:35 SiyasətMVP rəsmisi: "Əks təqdirdə bu ölkəni daha böyük fəlakətlər gözləyə bilər"
Ermənistan hələ də 44 günlük müharibənin şok təsirindən, onun yaratdığı böhran vəziyyətindən çıxa bilmir. Baş nazir Nikol Paşinyanı təslimçi sənədə imza atmaqda günahlandıran Ermənistaın siyasi qüvvələri onu ciddi cəhdlə istefaya məcbur etmək istəyirlər. Öz növbəsində Nikol Paşinyan da kreslosundan bərk yapışaraq istefa vermək niyyətində olmadığını göstərir. Belə bir vəziyyət isə tərəflər arasında gərginliyi daha da artırır və ölkədə vətəndaş qarşıdurması riskini yaxınlaşdırır.
Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli də hesab edir ki, Ermənistanda vətəndaş qarşıdurması qaçılmazdır. Onun sözlərinə görə, 44 günlük müharibədə Azərbaycanın qələbə qazanmasına və Ermənistanın biabırçı şəkildə məğlubiyyətə uğramasına görə, sadə erməni xalqı, eləcə də hakimiyyətə iddialı olan siyasilər Nikol Paşinyanı günahkar bilib, onu hakimiyyətdən uzaqlaşdırmağa çalışsalar da əslində düşmən ölkənin belə bir vəziyyətə düşməsində qeyri-sağlam düşünən, qonşularına qarşı aqressiv olan, işğalçılıq və təcavüzkar siyasəti açıq şəkildə büruzə verən hər bir erməni günahkardır: "İndi ayrı-ayrı siyasilər 44 günlük müharibədə məğlubiyyətə görə suç keçisi axtarışına çıxıblar. Əksəriyyət Nikol Paşinyanı günahkar hesab edir. Ermənistanın baş nazirinə qarşı ən ciddi ittihamlar səsləndirən, onu xəyanətdə günahlandıran isə keçmiş prezident Serj Sərkisyandır. Bu da ondan irəli gəlir ki, Paşinyan məhz Sərkisyanı devirərək hakimiyyətə gəlmişdi. Ona görə də Sərkisyan bütün günahları Paşinyanın üzərinə atır. Bununla o, ermənilər arasında itən siyasi reputasiyasını bərpa etməyə çalışır. Ancaq Sərkisyan unudur ki, Ermənistanın indiki böhran və vətəndaş qarşıdurması vəziyyətinə gəlib çatmasında Nikol Paşinyan qədər elə onun özü də günahkardır. Çünki Azərbaycanın işğal edilmiş ərazilərində uzun illər dağıtılar törədib həmin ərazilərin təbii sərvətlərini mənimsəyən, şəhər və rayonlarımızı xarabalığa çevirən məhz Köçəryan və Sərkisyan olub. Yaxın gələcəkdə Ermənistanın törətdiyi həmin vəhşiliklərə görə, Ermənistana təzminat davası açılanda və düşmən ölkə buna məcbur ediləndə, o zaman Sərkisyanın erməni xalqına nə qədər böyük zərbə vurduğunu hər bir erməni öz gündəlik həyatında hiss edəcək".
MVP rəsmisinin sözlərinə görə, Ermənistan prezidenti Armen Sarkisyanın ölkəsinin ordusu barədə etirafları da onu deməyə əsas verir ki, sələfi Serj Sərkisyan hakimiyyətdə olduğu müddətdə yalnız və yalnız ölkəni, eləcə də Dağlıq Qarabağı talamaqla məşğul olub: "Armen Sarkisyan deyir ki, "26 il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf etdi, müasir texnologiyaların tətbiqinə üstünlük verdi. Ermənistan isə arzusunu reallıq kimi qəbul etdi. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur". Buradan çıxan məntiqi nəticə ondan ibarətdir ki, Ermənistanın 44 günlük müharibədəki uğursuzluğunda Paşinyan qədər Serj Sərkisyan da günahkardır. O, prezidentlik müddətində Ermənistan ordusunun modernləşməsi, orduda müasir texnilogiyaların tətbiqi istiqamətində heç bir addım atmayıb. Elə qısa müddət ərzində müzəffər Azərbaycan Ordusunun erməni ordusunu darmadağın etməsi də bunun açıq şəkildə göstərdi".
Süleyman İsmayılbəyli hesab edir ki, erməni siyasilər indiki vəziyyətdə suç keçisi axtarmaq əvəzinə irəliyə baxmalı, öz məkirli planlarından artıq əl çəkməli və normal qonşuluq münasibətlərinə sadiq olmalıdırlar: "Ermənistanın aqressivlik və işğalçılıq siyasətindən əl çəkməkdən başqa yolu yoxdur. Əks təqdirdə Ermənistanı daha böyük fəlakətlər gözləyə bilər. Bu erməni siyasilərə də gün kimi aydındır. Odur ki, vaxt itirmədən ölkələrinin gələcək taleləri barədə düşünsünlər və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsınlar. Çünki bu ölkənin yeganə çıxış yolu və inkişaf perspektivi Azərbaycanla normal münasibətlər qurmaqdan asılıdır".
Füzuli