Amsterdam və Brüssel də Parisin yolunu gedir
24 Dekabr 2020 16:10 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbirincə desək 44 günlük Vətən müharibəsində qələbəmizə dostlarımız sevinsə də, düşmənlərimiz, xarici dairələrdə formalaşan antiAzərbaycan şəbəkə məyus oldu. Müharibə getdiyi müddətdə açıq və ya gizli formada Ermənistana dəstək olan həmin dairələr zəfər Azərbaycanın xeyrinə başa çatdıqdan sonra isə siyasi aspektdə rəsmi Bakıya təzyiq göstərməyə başladılar. Fransa, ardınca Niderland, eyni zamanda Belçika parlamentlərinin Azərbaycana qərəz yönündə keçirdikləri dinləmələr, qəbul etdikləri qərarlar belə deməyə əsas verir. Bir sözlə Amsterdam və Brüssel də Parisin yolunu gedir, onun çaldığı havaya oynayır. Ancaq bütün bu ədalətsiz və erməni maraqlarına xidmət edən qərarlara rəğmən Azərbaycan öz yolunu davam etdirir, heç bir ədalətsiz, qərəzsiz, açıq-aşkar işğalçılıq və separatizmə dəstək olan yanaşmaları qəbul etmir, onlara boyun əymir. Elə 44 günlük Vətən müharibəsi günlərində də bu mövqe qəti şəkildə bir daha özünü göstərdi. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənaətdədir. O, bildirib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən və Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanat Avropanın bəzi az sayda ölkələrində olduğu kimi erməni diasporu və lobbisinin təsiri altında Niderland Parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, İslamofob, ultra-sağçı və ultra-millətçi qüvvələrin hədəfinə çevrilib. Deputatın sözlərinə görə, müharibənin başa çatmasından sonrakı ilk günlərdə Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb: "Heç şübhəsiz ki, qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma "suriyalı terrorçular" məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən bu layihələrin müəllifləri anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Hazırda Niderland cəmiyyətində ultra-sağ, ultra-xristian və radikal-şovinist meyllər artmaqda davam edir. Təəssüf doğuran haldır ki, özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçilər, radikal elementlərin təbliğ etdiyi ideologiya müəyyən edir. Çox təəssüflər olsun ki, Türkiyə və digər müsəlman əsilli vətəndaşlara qarşı təhqir və hücumlar, ölkə mediasında açıq İslamofob təzahürlər, siyasətçilərin İslam dininin dəyərlərini təhqir etməsi, Avropa İttifaqı daxilində sonradan birliyə qoşulmuş ölkələrə qarşı ayrı-seçkilik Niderlandın dövlət siyasətinin bir hissəsinə çevrilib".
Deputat deyib ki, Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır: "Amma aydındır ki, Hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır. Bu gün erməni separatçılarının cinayətlərinə haqq qazandıran Niderland Parlamenti yəqin ki, vaxtilə Niderland hərbçilərinin İndoneziyada törətdiyi bir çox qətlləri yaddan çıxarmayıb. Yaxud da ki, Srebrenitsa soyqırımı ilə bağlı Niderland Ali məhkəməsinin ədalətsiz qərarı da yaddaşlaşdan silinməyib. Eyni zamanda, Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi, qardaş ölkənin xarici işlər naziri M.Çavuşoğluna, ailə və sosial siyasət naziri Betül Sayan Kayaya qarşı təxribatçı əməlləri də hələ də gözlərimiz önündədir. Görəsən, Niderland deputatları belə təxribatlara yol verərkən ölkələrinin Türkiyədə, Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi imicinə xələl yetirdiklərini anlamırlarmı? Belə addımları ilə onlar Azərbaycanda holland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına almırlarmı? Yaxşı olar ki, Niderland deputatları onlara hər addımda zərər gətirəcək erməni separatizminə və terrorizminə dəstək verməkdən əl çəksinlər, haqq və ədalət yoluna qayıtsınlar. Bu sözlər eyni zamanda Belçikanın, İspaniyanın, Fransanın da bir çox parlamentarilərinə də aiddir".
Füzuli
Olaylar.az