İlham Əliyev  Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaradıb

17 ildir ki, ölkəyə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu illər ərzində əsas prioriteti yalnız bir olub. Xalqın rifah halını yaxşılaşdırmaq və Azərbaycanı inkişaf etdirmək. Dövlət başçısının bütün fəaliyyətləri vətəndaş məmnunluğuna hesablandığı üçün cəmiyyət, xalq da bir qayda olaraq seçkilərdə məhz İlham Əliyevə böyük etimad göstərir. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənaətdədir. O, bildirib ki, müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib, iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib. Deputatın sözlərinə görə, bu səbəbdəndir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir: "Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və "güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail olub. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri də gerçəkləşdirir. Prezident İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazıb".

Millət vəkili deyib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırıb: "Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaradıb və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrilib. Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində möhkəmləndiyi torpaqlarımızın 44 günlük aktiv müharibə, 20 günlük isə siyasi-diplomatik vasitələrlə, cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Heç şübhəsiz Vətən müharibəsi barədə danışdıqda bu prosesin şəksiz qəhrəmanları olan Müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun uğurları xüsusi təqdirəlayiq şəkildə dəyərləndirilməlidir. Elə buna görə də Prezident İlham Əliyev "Milli Qəhrəman", "Vətən Müharibəsi Qəhrəmanı" adına ən layiqli şəxsdir".

Milli Məclisin deputatı Səbine Xasayeva isə deyib ki, üzərinə tarixi missiyalar düşən, öz dəsti-xətti, həyat yolu, bacarıqları ilə seçilən şəxsiyyətlər böyük zaman kəsiyində yaranır və mənsub olduğu xalqlar üçün uca tanrının töhfəsi kimi qəbul olunur. Deputatın sözlərinə görə, layiqli davamçılar bu şəxsiyyətlərin yolunun işıqlı gələcəyinin təminatçısıdır: "Bu gün biz  bu tarixi gerçəkliyi möhtərəm Prezident İlham Əliyevin şəxsində tam aydınlığı ilə görür və şahidlik edirik. Onun peşəkar siyasi, diplomatik və böyük sərkərdəlik qabiliyyəti hakimiyyətdə olduğu ilk illərdən özünü göstərməklə uğurlu nəticələr verdi. İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinə nəzər saldıqda biz Heydər Əliyevin müəyyən etdiyi strategiya ilə yanaşı, onun həm də müasir dövrün tələblərinə uyğun uğurlu siyasi rəhbərlik fəaliyyətinin şahidi oluruq. Bununla da zamanın tələblərinə çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına bağlı lider olduğu bir daha təsdiqini tapır". Deputat vurğulayıb ki,  bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yeri ilə seçilir: "Cənab Prezidentin yaratdığı milli ortaq dəyərlər və vətandaş həmrəyliyinin əsasında güclü Azərbaycan Vətən müharibəsində qalib gəldi. Azərbaycan Ordusu ata-baba torpaqlarını terrorçu xunta rejimindən- ermənilərdən təmizlədi. Qətiyyət, sonsuz inam sayəsində Azərbaycan qalib dövlət kimi dünya tarixinə düşdü. Artıq hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq qürurla  başı dik, sinəsi fəxarətlə dolu gəzir. Bütün bunlar ömrünü xalqına həsr edən 17 illik gərgin əməyin sahibi, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev misilsiz xidmətləri nəticəsində mümkün oldu. İndi bütün Azərbaycan bu möhtəşəm qələbəyə görə Ali Baş Komandana minnətdardır".

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31