Cənab Prezident, Sizi "Azərbaycanın Milli Qəhrəmanı" kimi görmək istəyirik
22 Dekabr 2020 14:08 SiyasətMikayıl Qeybullayevdən, Şəki, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bu gün bütün Azərbaycan qürur hissi ilə Sizin müdrikliyinizdən, uzaq gələcəyə yönələn tədbirlərinizdən və bütün bunların uğurlu nəticəsi olaraq erməni faşizmi üzərində parlaq Qələbənizdən, əzəli topaqlarımızın azad edilməsindən danışır. Bizim Zəfərimiz bütün dünyanı silkələmiş, mat vəziyyətinə salmışdır. Qısa müddət ərzində "dəmir yumruq" mənfur düşmənin başını elə əzmişdir ki, o, uzun müddət özünə gələ bilməyəcək.
Cənab Prezident, Siz öz bacarığınız, mətinliyiniz, dönməzliyiniz və ən əsası, torpaqlarımızın düşmən tapdağından qurtulması məqsədilə çoxmillətli Azərbaycan xalqını birləşdirməyə nail oldunuz. Müharibə dövründə 30-dan çox xarici informasiya kanalına verdiyiniz dolğun müsahibələrinizlə Siz sübut etdiniz ki, Ulu Öndər məktəbinin yetirməsisiniz. Səbriniz, iradəniz, sualları cavablandırmaq tərziniz, diplomatiyanız "prokuror" kimi sorğu-sual edənləri şoka salmışdı. Onlar şərtlə gəlib suyu süzülə-süzülə qayıtdılar. Bu, milyonlarla insanın Azərbaycan, münaqişə haqqında fikirlərinin dəyişməsinə, bəzi ölkə başçılarının utancına səbəb oldu. Dünyanın hər yerində milyonlarla insan Sizi öz kumirinə çevirdi, çalışdı ki, mədəniyyəti, hazırcavablılığı, savadı ilə Sizə oxşasın, Sizi təlqin etsin.
Hörmətli cənab Prezident, biz Sizi "Azərbaycan Milli Qəhrəmanı" və ən yüksək hərbi vəzifə daşıyan insan kimi görmək istəyirik. Siz buna layiq Vətən oğlusunuz! Yaşasın Müzəffər Odumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!