Naxçıvana quru dəhlizin açılması Azərbaycan iqtisadiyyatının potensialını daha  da artırır

Prezident: "Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq"

Azərbycanın işğlçı dövlət olan Ermənistan üzərindəki qələbəsi və ərazi bütövlüyünün təmin olunması ölkəmizə bir sıra iqtisadi dividentlər gətirib. Belə ki, zəngin təbii ehtiyatlara, münbit torpağa, yeraltı və yerüstü sərvətlərə malik olan Dağlıq Qarabağ ölkə iqtisadiyyatına bir sıra üstünlüklər bəxş edir. Daha dəqiq, işğaldan azad olunmuş ərazilərin təbii sərvəti, meşə, su fondu, zəngin mineralları, kənd təsətrrüfatı, turizm  potensialına malik olması inkişaf  üçün böyük iqtisadi imkanlar yaradır. Üstəlik ərazilərimizin azad olunması lə Azərbaycanın su ehtiyyatlarının artması, uzunluğu 100 km artıq olan və mənbəyi ölkəmizdə formalaşan 4 çaya nəzarətin bərpa edilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarının razılaşmalarına əsasən Naxçıvana quru dəhlizin açılması isə siyasi əhəmiyyətlə yanaşı, iqtisadi əhəmiyyət də daşıyır. Məlumj olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, eyni zamanda, yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platformasının yaradılmasının əsası qoyulur. Elə prezident İlham Əliyev də xalqa müraciəti zamanı qeyd edib ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir: "Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq. Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, - bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər".

Ekspertlər hesab edirlər ki, Naxçıvana quru dəhlizin açılması Azərbaycan iqtisadiyyatının vahid milli təsərrüfat sistemi kimi fəaliyyət göstərməsi istiqamətində olduqca zəruri addımdır. Ölkəmizin iqtisadi potensialı şübhəsiz ki, coğrafi imkanlarından daha böyükdür və bu potensialın reallaşdırılması üçün biz həm işğaldan azad olunmuş torpaqların, həm də Naxçıvan ərazisinin tam formatlı şəkildə Azərbaycan iqtisadiyyatı ilə təsərrüfat inteqrasiyasını təmin etməliyik. Bunun üçün logistik əlaqənin Naxçıvanla quru yol vasitəsilə formalaşması olduqca mühümdür. Bu razılaşmanın ən mühüm bəndlərindən biri də ondan ibarətdir ki, Naxçıvanla Azərbaycanın qalan hissəsinin quru əlaqəsi təmin olunur. Bu yalnız Azərbaycan üçün deyil, bütövlükdə bölgə üçün olduqca önəmlidir. Çünki bu gün dünyada deqloballaşma, regionallaşma prosesləri gedir və həmin proseslər çərçivəsində məhz regional iqtisadi əməkdaşlıq prioritetə çevrilir. Professor Elşad Məmmədov bildirib ki,  Rusiya-İran, Türkiyə-Azərbaycan üçün bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi ilə bağlı inteqrasiya layihələri olduqca perspektivlidir. Ona görə də, bu layihələrin reallaşdırılması üçün mütləq şəkildə dayanıqlı kommunikasiya əlaqələri olmalı və dayanıqlı inkişaf istehsal mərkəzləri formalaşmalıdır: "Hesab edirəm ki, bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır ki, bunun nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. Eyni zamanda, Naxçıvanla dəhlizin açılması bir istiqamət üzrə də, Azərbaycan üzərindən Rusiya ilə İran əlaqələrinin açılması deməkdir və bu, bütövlükdə bölgənin iqtisadi inkişafına, real sektorun istehsal proseslərinin intensiv şəkildə inkişaf etdirilməsinə xidmət edən bir məsələdir. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvanla dəhlizin açılması uzun müddətli perspektivdə milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin atımına səbəb olmalıdır. Şübhəsiz ki, investisiyaların artımı isə bütövlükdə dayanıqlı iqtisadi artımın Azərbaycanda artan xətt üzrə inkişaf etməsinə şərait yaratmalıdır. Hesab edirəm ki, perspektivli regional iqtisadi inteqrasiya layihələri mövcuddur. Yaxın gələcəkdə biz iqtisadi əməkdaşlıqla bağlı bölgədə yerləşən dövlətlərin hazırladığı və tətbiq etdiyi kifayət qədər effektiv inteqrasiya razılaşmalarının şahidi ola bilərik. Bu razılaşmalar faktiki olaraq bölgəmizin məhz daxili imkanlar hesabına iqtisadi inkişaf strategiyasının və siyasətinin reallaşdırılmasına şərait yaratmalıdır. Artıq biz qərb institutlarından, beynəlxalq maliyyə institutlarından asılılığımızı bir bölgə olaraq azaltmalıyıq. Məhz inteqrasiya layihələri hesabına bölgədə sülhün, əmin-amanlığın formalaşması və düzgün adekvat iqtisadi siyasətin həyata keçirilməsi ilə regionumuzun dayanıqlı və qabaqlayıcı iqtisadi inkişafına nail ola bilərik. Çünki bütövlükdə yerləşdiyimiz Avrasiya bölgəsi bu gün iqtisadi inkişaf nöqteyi-nəzərindən dünyanın ən perspektivli ərazilərindən biridir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31