Döyüş meydanında qələbə ölkəmiz üçün yeni dövr açır
3 Dekabr 2020 11:44 SiyasətŞahin Seyidzadə: "Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 dekabr tarixində xalqa müraciət edərək Laçının azad edilməsi, həmçinin qələbəmiz münasibəti ilə hər kəsi bir daha təbrik edərək, gələcək planlarla bağlı bir neçə vacib məqamı qeyd etdi. Xüsusilə qeyd etdi ki, "Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir". Maraqlıdır, Laçın rayonunun işğaldan azad edilməsi ölkəmiz üçün hansı strateji əhəmiyyətə malikdir? Millət vəkili Şahin Seyidzadə qeyd edib ki, 1 dekabr 2020-ci ildə Laçın rayonundan ermənilər və erməni silahlı qüvvələrinin çıxarılması ilə Laçın rayonu azad olundu. Laçın rayonu daima ölkəmiz üçün prinsipal mövqe olmuş və bu mövqe sona qədər qorunulmuşdur: "Hazırda Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış razılaşma bəyənatının müddəları icra edilməkdədir. Dövlət başçısı da xalqa müraciətində qeyd etdi ki, "noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək...Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir". Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Bəyanatın tələbləri icra edilir. 10 noyabr tarixindən sonra Laçın rayonunun tamamilə ermənilər tərəfindən boşaldılmasına qədər keçən dövrdə baş tutan proseslərdə Bəyanatın icrasının ölkə rəhbərliyinin siyasi şəristəsi ilə təmin edilmişdir. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonlarından ermənilər çıxarılaraq, tamamilə işğaldan azad edildi. Heç bir əks təsirə imkan və zəmin yaradılmadan Bəyanatın ən vacib məqamı, rayonların azad edilməsi təmin edilib. Artıq razılaşmadanirəli gələrək digər məsələlərin icrası ilə bağlı növbəti mərhələ başlanılır".
Millə vəkili qeyd edib ki, indi hamını düşündürür ki, bundan sonra nə baş verəcək: "Hər kəsdə bu və digər bir suallar əmələ gəlir. Azad olunmuş ərazilərdə hansı fəaliyyət baş tutacaq? Növbəti addımlar nədir? Artıq növbəti addımlar barədə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevi öz çıxışında toxunub. Bildirib ki, "Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır". Cənab Prezident İlham Əliyev 24 noyabr tarixində noyabrın 10-da imzalanan Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahının yaradılması ilə bağlı Sərəncam imzalamışdır. Sözügedən Qərargahın fəaliyyəti ilə azad olunmuş bölgələrdə hədəflənən layihələr və infrastrukturun yenidən qurulması, habelə digər addımların atılması mərkəzləşdirilmiş formada aparılacaqdır".
Millət vəkili bildirib ki, artıq işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrin icrasına start verilib: "Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır." Artıq işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri icra edilir. Cənab Prezidentin göstərişi ilə əsaslı layihələr hazırlanır və ilkin addım olaraq fəaliyyətə başlanılıb. Böyük dirçəlişin ilkin başlanğıcalarına start verilib. Xüsusən su ehtiyatların idarəolunması məsələsinə toxunan dövlət başçısı qeyd edib: "...müvafiq göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu, özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək amillərdən biridir". Ölkə üçün əhəmiyyətli olan su resursların idarəedilməsi istiqamətində və bu resurslara daxil olan azad olunmuş ərazilərin su ehtiyatları ilə bağlı artıq konkret hədəf və addımlar müəyyən olunub. Həmçinin meşə fondunun bərpasına başlanılıb: "Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır". Sözsüz ki, işğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsi, infrastrukturun və həyatın bərpası ilə yanaşı, həm də ekoloji mühitin qorunması prioritetli mövzudur.Ziyan görmüş meşə fondları bərpa edilərək, həm də ekoloji tarazlıq və sabitlik təmin ediləcəkdir.
Əsas məsələlərdən biri Dağlıq Qarabağda yaşayanların vətəndaşlığı məsələsidir ki, artıq dövlət başçısı öz mıvqeyini ortaya qoyub: "Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq". Bəyanatın imzalanmasından sonra ortaya çıxan bütün fikir ayrılıqları və məsələlərin tamam ayrı istiqamətlərdə fikir yozdurulmalarına cənab Prezidentçıxışında səsləndirdiyi fikirlərlə birmənalı olaraq son qoydu. Çıxışda qeyd edilən nüanslarla ictimaiyyətə açıq və şəffaf formada Azərbaycanın mövqeyi çatdırılıb. Təzminat məsləsinə gəlinsə dözlər başçısı qeyd etdi ki, "...Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək". Bu fikirdə yenidən qeyd olundu ki, hərbi meydanda müharibə bitmiş olsa da, Azərbaycan hüquq və ədalət meydanında mübarizəsini sona qədər davam etdirməkdədir".
"...Növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır". Cənab Prezident İlham Əliyevin tərəfindən səsləndirilən bu fikir birmənalı olaraq bir yanlış yozdurulmaya aydınlıq gətirir. Açıq şəkildə bildirilir ki, Laçından keçən dəhlizə hal-hazırda sülhməramlı nəzarət müvəqqəti xarakter daşımaqdadır. Cənab Prezident xüsusi ilə qeyd edir ki, "Laçın şəhəri tamamilə azad olunacaqdır". Bu məsələ həmçinin bəyanatda da öz əksini tapır. Bu zaman Azərbaycan məcburi köckünlərin Dağlıq Qarabağa qaytarılması məsələsi gündəmə gəlir ki, dövlət başçısı bu məsləyə də münasibətini bildirib: "....məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da önəmli məsələdir... ...Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır". Açıq formada bir daha qeyd edilir, məcburi köçkün və qaçqınların öz yurdlarına geri qaytarılması olduqca əhəmiyyətli və vacib məsələdir, bununla bağlı iş prosesdədir və həllə doğru addımlar atılır.
Millət vəkili qeyd edib ki, Naxçıvan ilə birləşən yola dair də artıq ilk addımlar atılıb. "...tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək". "...Bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır". "...Artıq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Horadiz-Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağıdıb, təhlili aparılsın, ilkin hesablamalar aparılsın". Göründüyü kimi münaqişənin həlli istiqamətində imzalanan Bəyanat Naxçıvan MR-nın gələcək inkişafı ilə yanaşı, həm də regionda yeni əlaqələrin qurulması, qonşu ölkələrin iqtisadi əlaqələrinin yeni mərhələsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, müharibənin bitməsinə baxmayaraq, ordumuzun gücləndirilməsi davam olunacaq. "Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik". 30 il ərzində sülh danışıqları aparılan müddətdə, həmçinin ordu quruculuğu sahəsində əsaslı işlər görülmüş, nizamlı ordu formalaşdırılmış, həmçinin müdafiə sənayesi inkişaf etdirilməklə Azərbaycan Ordusunun nüfuzu, gücü və pontensialı yüksəldilmişdir. Sözsüz ki, 44 gün ərzində baş tutan hərbi əməliyyatlar bunu əyani formada sübut etdi. Müharibənin bitməsinə baxmayaraq, ordumuzun təkmilləşdirilməsi və gücləndirilməsinə davam ediləcəkdir. Sadalanan faktlar deməyə əsas verir ki, müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi ölkəmiz üçün yeni dövr açır. "Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır." Siyasi səriştə və diplomatik savadlılığın nəticəsində ölkəmiz siyasi müstəvidə yetirə qədər uğur qazanmaqla yanaşı, həm də Qarabağ münaqişəsinin gedişatında da yetəri qədər uğurlu addımlar atmışdır. Həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun göstərdiyi şücayət hərbi meydanda da düşmənə əsaslı cavablar vermişdir. Bütün bu edilənlər isə birmənalı olaraq Azərbaycanın inkişaf tarixində növbəti dayanıqlı və davamlı tarixi səhifələrə keçid açır. Beləliklə, 30 illik siyasi danışıqlar, sülh çağırışlarından sonra 44 gün ərzində düşmən tərəfi hərbi-siyasi yolla məğlubiyyətə uğradıldı. Artıq işğaldan azad edilmiş ərazilərdə inkişafın və dirçəlişin yeni mərhələsinin ilkin addımları atılmaqdadır. Həmçinin Bəyanatdan irəli gələrək digər icra ediləcək bəndlərə əsasən ölkəmizin inkişaf tarixində yeni səhifələr açılmaqla, uğurlu nəticələr əldə ediləcəkdir".
Alim
Olaylar.az