Tarixi dəyişən Azərbaycan öz imkanları sayəsində Qarabağı yenidən quracaq

Eldəniz Səlimov: "Oranı nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl yerlərindən birinə çevirəcəkdir"

44 günlük Vətən müharibəsinin birinci mərhələsi demək olar ki, başa çatdı. Söhbət 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycan Ordusunun tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırması və həmin şəhər, rayonları nəzarətə götürməsindən gedir. Beləliklə, Ağdam, Kəlbəcər və Laçından düşmən qüvvələrinin çıxması ilı 30 ilə yaxın bir işğala son qoyuldu və Azərbaycan öz tarixi torpaqlarına qovuşdu.

İndi isə qarşıda növbəti, ikinci mərhələ dayanır ki, bu mərhələ də işğaldan azad edilmiş şəhər və rayonlarımızın yenidən qurulması, abadlaşdırılması və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasıdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan dövləti bütün mərhələlər kimi, bu mərhələni də uğurla başa vurub erməni işğalından azad edilmiş şəhər və rayonlarımızı qısa müddətdə abadlaşdıracaq, məcburi köçkünləri öz yurd-yuvalarına köçürəcək. Elə Milli Məclisin deputatı Eldəniz Səlimov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Deputatın sözlərinə görə, Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı: "Laçın iqtisadi cəhətdən Azərbaycan üçün mühüm rol oynayırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Bu müharibə Ermənistan üçün sosial və iqtisadi yöndə çox ağır başa gəldi. Onsuzda borcun içində üzən bir dövlət daha da pis vəziyyətə düşdü. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz silah sursatın dəyəri milyardlarla dollar dəyərindədir. Hər kəsə məlum idi ki, bunlar Ermənistana hansı yollarla gəlir və pulsuz olaraq silahlandırılırdılar. Lakin bu bizim üçün heç nəyi dəyişmədi. Azərbaycan öz gücünü istər siyasi, istərsə də hərb meydanında layiqincə göstərdi və sübuta yetirdiki biz öz ərazi bütövlüyümüz uğrunda canımızdan da keçməyə hazırıq və bunu da əldə etdik. Tənəzzül yolunda irəliləyən Ermənistanın torpaqlarımızı boşaltmaq üçün hazırlanmış bəyanata qol çəkməkdən başqa çıxış yolu yox idi. Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl  Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi".

Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu,  bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi  reallıq yaratdı: "Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Ermənistan tərəfi bütün Laçın rayonunun onlara dəhliz kimi verilməsinə israr edirdi və bəzi qərb dairələri də buna dəstək olurdu. Lakin cənab Prezident ilham Əliyevin təkidi ilə bunun olmayacağını anladılar və Laçın rayonu tam olaraq bizimdir. Düzdür Ermənistanın Laçın rayonunu qaytarmaq fikri olmayıb. Elə buna görə də orada qanunsuz məskunlaşma həyata keçiriblər. Ancaq bu heç nəyi dəyişmir. Laçın rayonu əzəli Azərbaycan torpağıdır və bizimdir. Cənab Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, Laçın, Kəlbəcər, Şuşanın qaytarılması haqqında razılıq olmasa heç bir sazişdən söz belə gedə bilməz. Elə bu mövqe də xarici ölkələrdə bir çoxlarını qıcıqlandırdı. Prezident İlham Əliyev haqlı olaraq deyirdi: "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, təkcə Ermənistan üçün yox, bir çox  başqaları üçün də,   kağız parçası idi".

Deputat bildirib ki, Laçın rayonunda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olub: "Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə şəhərə Laçın adı verilib. Laçın rayonu 1924-cü ildə təsis edilib. Ərazisi 1.84 min km²-dir, işğaldan əvvəl əhalisi 65 430 nəfər olub. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb. İşğaldan əvvəl 217 mədəniyyət müəssisəsi,142 səhiyyə obyekti, 133 idarə və müəssisəsi,100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi,1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi var idi.  İşğal olunmuş rayonun yerli əhalisi son statistikaya görə 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar".

Eldəniz Səlimov deyib ki, bizim bundan sonrakı atacağımız ən mühüm addımlardan biri bütün məcburi köçkünlərimizi öz yurdlarına geri qaytarmaq olacaqdır: "Biz öz torpaqlarımızı cənnətə çevirəcəyik. İşğaldan azad olunmuş torpaqlarımız çox zəngin flora və faunaya malikdir. Orada bizim qədim tariximiz var. Tarixi abidələrimiz var. Bizim borcumuz onları yenidən restavrasiya edərək qorumaqdır. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.  Prezident İlham Əliyevin dediyi kimi "Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq".

Bəli biz bunu da edəcəyik. Biz mümkünsüz deyiləni etdik. İllərlə sürən Dağlıq Qarabağ münaqişəsini həll etmişiksə bizim üçün artıq mümkünsüz deyə bir şey yoxdur. Tarixi dəyişən Azərbaycan öz imkanları sayəsində Qarabağı yenidən quracaq və oranı nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl yerlərindən birinə çevirəcəkdir. Bütün bu hadisələri, bu sevinci bizə yaşadan ən başda cənab Prezidentimiz İlham Əliyevdir. Biz fəxr edirik ki, Azərbaycanın onun kimi qüdrətli bir sərkərdəsi var. Məhz onun siyasi uzaqgörənliyi ilə biz bu günü qalib kimi yaşayırıq. Allah daim onu var etsin. Azərbaycan dedikdə ağıla ilk gələn Ulu Öndər Heydər Əliyev və İlham Əliyevdir. Atadan oğula keçən bu əsilzadəlik dünyaya bir göstərgədir. Eşq olsun cənab Prezident İlham Əliyevə! Yaşasın Azərbaycan!".

 Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31