Laçının azad edilməsi tarixi əhəmiyyət kəsb edir
2 Dekabr 2020 13:13 SiyasətAzərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı
"Laçın rayonu Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Məlum olduğu kimi Laçın işğal edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yarandı və ətraf raonlarımızın ardıcıl olaraq işğalı üçün şərait yarandı. Artıq Laçın rayonu geri qaytarıldıqdan sonra Ermənistan üçün bu imkanlar itirilmiş olur. Məhz bu baxımdan qeyd etmək olar ki, Laçının geri qaytarılması tarixi əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, Milli Vəhdət Partiyası bu qənaətdədir ki Laçının müharibəsiz işğaldan azad edilməsini Azərbaycana "qısıl sinidə hədiyyə" kimi qəbul etmək olmaz: "Azərbaycanın rəşadətli Ordusu, Ali Baş Konamdanın qətiyyəti və xalqın iradəsi cəmiyyətimizi dəmir yumruq kimi birləşdirə bildi. Məhz döyüş meydanında əldə edilən qələbə Laçın, Kəlbəcər və Ağdam rayonlarının dinc yolla qaytarılmasını təmin etdi. Beləliklə, Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Laçın rayonunun strateji əhəmiyyətini və coğrafi mövqeyini nəzərə alsaq demək olar ki, Bu rayonun işğaldan azad olunması ölkəmiz üçün tarixi hadisədir. Şanlı Azərbaycan Ordusu işğalçı dövlətin silahlı qüvvələrini və işğal atında olan ərazilərimizdə qanunsuz məskunlaşdırılan sonuncu erməniləri Laçından çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Ümumilikdə qeyd edilməlidir ki, Azərbaycan 44 gün ərzində İkinci Qarabağ savaşını hərbi-siyasi yolla sona çatdırdı".
Açıqlamada bildirilir ki, Azərbaycan işğal altında olan rayonlarımızı hərbi yolla azad etməklə Ermənistan ordusunu darmadağın etdi, ölkəni dərin iqtisadi böhrana düçür etdi: "Məlum olduğu kimi müharibədə istifadə olunan hərbi sursat və texnika Erməistana ya hədiyyə olunmuşdu, ya da dövlət borcu hesabına əldə edilmişdi. Təkzə Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard dollar civarındadır. Bu, isə o deməkdir ki, xarici borc içində üzən Ermənistanın ayaqda durması üçün bir neçə on il lazım olacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev xalqa etdiyi müraciətində qeyd etdi ki, "Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir".
MVP-nin açıqlamasında o da qeyd edilir ki, Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib. Bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır. Lakin Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi. Prezident İlham Əliyev bu məsələni xalqa etdiyi müraciətdə daha açıq şəkildə bəyan edib: "Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı". Göründüyü kimi Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Artıq qətiyyətlə demək olar ki, Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı".