“Sağ-salamat dönsünlər, onların ayağı dəyən torpaqları öpəcəm” – iki oğlu cəbhədə olan jurnalist FOTOLAR
2 Dekabr 2020 12:53 Siyasət"Qardaşım döyüşə gedibsə, mən də gedəcəm. O harada, mən də orada".
Alıyev Vasif və Rasif qardaşları Vətən Müharibəsi başlayan kimi könüllü olaraq döyüşə yollanıblar. Torpaqlarımızın alınmasında, Azərbaycana qələbə sevincini yaşadanların arasında onların da adı var. Azərbaycanın Ordu sıralarında təmsil olunan bu igidlər hazırda da Vətənin keşiyindədirlər.
"Yeni Müsavat"a onlar haqqında qürurla bəhs edən, hərbçilərin anası (bibisi ), tanınmış jurnalist Züleyxa Nadir bunu deyib.
Vasifə kiçik yaşlarından analıq etdiyini deyən jurnalist onun qayıdacağı günü səbirsizliklə gözləyir:

"Vasiflə Rasifin atası onlar hələ uşaq ikən rəhmətə gedib. Məndən böyük olan qardaşımın övladlarıdır. Vasif ilk olduğuna görə onu hamıdan çox istəyirdim. O anadan olanda gənc idim, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini yeni bitirmişdim. Özümüz Tovuz rayonundanıq. Universiteti bitirdikdən sonra məni təyinatla Tovuzda işləməyə göndərdilər. Vasifə görə mən ailə qurmurdum, çox deyirdilər ailə qur, deyirdim yox, mənim oğlum var. Bəlkə də ona görə mən gec ailə qurdum...
Vasifi böyütdüm, məktəbə getdi, əsgərliyə yola saldım. Sonra hərbi sahəyə yönəldi, indi gizirdir. Özümün də bir oğlum var. Amma Vasifi ondan çox istəyirəm. O mənim ilkimdir, ona görə. Müharibənin ilk günündən Vasif getdi, kiçik qardaşı gördü böyük qardaşı gedib, dedi ki, mən də getməliyəm, qardaşım harda mən də orda. Düz bir həftə Hərbi Kommisarlığa getdi, gəldi. Nəhayət könüllü olaraq döyüşə yollandı. Hər iki qardaş hazırda oradadılar, dönməyiblər..."
Gözü yolda qalan ananın bir arzusu var:

"Onlar müharibəyə gedəndə özümə söz vermişdim ki, uşaqlarım döyüşsün, sağ-salamat dönsünlər onların ayağı dəyən torpaqları öpəcəm. Vasif indi Qubadlıdadır, Rasifsə Şuşada. O gün danışanda deyirəm ki, Rasif, ayağınız dəyən yerləri öpəcəm. Deyir mama, Füzulidən Laçına qədər ayaq izlərim çoxdur. Dedim, hamısını öpəcəm. Hər bir azərbaycanlı anası kimi necə qürurlanıram, necə fəxr edirəm. Mən özümü döyüşçü anası sayıram, bətnimdə gəzdirməsəm belə. Övladlarımla fəxr edirəm. Vasif olduqca nizam -intizamlıdır. Rasif qoçaqdır. Hər ikisi tankçıdırlar. Vasif Azərbaycan Ordusuna xidmət edir, Təlim Tədris Mərkəzində işləyir. Müharibədən sonra Rasif də qardaşı kimi hərbi sahədə xidmətini davam etdirmək istəyir.
Döyüşün ilk vaxtlarında Rasif ermənilərdən qalan tankları təmir edirmiş, həmin tankları da döyüşə göndərirdilər. Amma o, narazılığını bildirib. Döyüşmək istədiyini deyib və döyüşlərə qatılıb. Rasif çox qoçaqdır. Havalar xoş olanda Vasifdən soruşurdum, harda yatırsız? "Əsgər harda yatmalıdı, yastığımız daşdır, yorğanımız da buludlar. Səngərdə yatırıq", deyirdi. Heç biri şəhidlikdən qorxmur. "Biz hamımız bura gələndə döyüşməyə gəlmişik, şəhid olmağı da alnımıza yazmışıq. "Şəhid olmaqdan qorxmaq yox, onun üstünə getməliyik", deyirlər. Onlarla necə fəxr etməmək olar. Biz bir zamanlar filmlərdə görürdük, indi realdır, oğullarımız vətən uğrunda şəhid olurlar. Öz oğullarımdan görürəm ki, şəhid olmaq onlar üçün fəxrdir, müqəddəs bir hissdir".
Kövrək olduğunu deyən Züleyxa xanım 44 gün ərzində olmazın həyəcanlar keçirib:

"Qardaşım 10 ildir ki, rəhmətə gedib, oğullarının bu gününü görmədi. Bu 44 gündə mənim göz yaşlarım qurumayıb. Hamısı sevinc göz yaşlarıdır. Şəhidlərə baxanda göz yaşlarına hakim ola bilmirsən. Amma bir qarış torpaq alınanda sevincimizin həddi-hüdudu olmurdu. 1-2 gün Vasif telefona cavab verməyəndə dəli olurdum, Rasifə zəng vurudum o da cavab vermirdi. İlahi nə hiss edirdim, bir Allah bilir. Uşaqlarımdan xəbər gəlməyəndə keçirdiyim hisslərlə, onları itirmək qorxusu ilə bərabər bir qürur hissi həmişə məni müşaiyət edib. Hər bir əsgər bizim üçün doğmadır, amma qanı qanımdan olan Vasiflə Rasif mənim üçün artıq müqəddəsdir, bir tabudurlar. Həsrətlə gözləyirəm ki, gəlsinlər. Öz-özümə ssenarilər də qurmuşam, gələndə belə deyəcəm, bunu edəcəm...
Hər ikisinin iki oğlu var. Atası doyüşə gedəndə nəvəm Nihat demişdi ki, "Ata, 15, ya da 25 əsgər öldürüb gələrsən". Dünən də telefonda danışarkən atasına tapşırıq verib ki, gələndə erməni bayrağı gətirməyi unutmasın. Əvvəlcə ayağının altına sərəcək, sonra isə yandıracaq. İndi uşaqlar atalarının yolunu gözləyirlər...".
Jurnalist oğlu Məcidin də könüllü olaraq döyüşlərə yollanmaq istədiyini deyib:

"Hətta Tovuzda döyüşlər başlayanda gedib könüllü yazılmışdı. Bilirdim qəbul etməyəcəklər. Oğlumun 3 yaşında həyat yoldaşım rəhmətə gedib, oğlumla mən hazırda ikimiz yaşayırıq. Hərbi Komisarlığa nə qədər getdisə, onu aparmadılar. Amma məndən də çox qürurludur, hər gün danışır qardaşları ilə. Deyir Vasiflə Rasifə paxıllığım tutur, Şuşaya qədər getdilər, mən kənarda qaldım".
Züleyxa xanımın sözlərinə görə, uşaqlarının vətənpərvər böyüməsi üçün əlindən gələni edib:

"Uşaqlarım gözlərini açandan analarını yazı yazan, işləyən görüblər. Onları vətənpərvər ruhda böyütdüm, pafosla demirəm. Bu illər ərzində əldə etdiyim ən böyük uğurum da budur... İndi də ürəyim döyüş bölgəsindədir. Müharibə bitsə də ürəyimin bir küncündə narahatlıq var, tam ordan gəlməyincə rahat ola bilmirəm".