Ermənistan təkcə məğlub ölkə deyil, həm də iqtisadiyyatı ilə birgə tamamilə çökmüş, məhv olmuş bir dövlətdir - Bəhruz Quliyev
1 Dekabr 2020 16:32 Siyasət"İlk növbədə Laçının təhvil verilməsi ilə bağlı Ali Baş Komandanımızı və Xalqımızı təbrik edirəm və qeyd etmək istərdim ki, Qarabağ münaqişəsi öz həllini tapmaq üzrədir. Regionda isə artıq yeni münasibətlərə, yeni yanaşmaların başlanması prosesinə start verilib. Ancaq müharibədən sonrakı dövr isə Ermənistan üçün çox acınacaqlı vəziyyətin başlanması kimi xarakterizə olunur. Belə ki, Ermənistan bütün siyasi, iqtisadi və s. imkanlarını itirib və bunun günahı yalnız ölkənin baş naziri Nikol Paşinyanda deyil, bu günahlar əvvəlki cinayətkar rejimlərin də üzərindədir". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Laçın rayonunun işğaldan azad edilməsi münasibəti ilə ölkə Prezidenti İlham Əliyevin dekabrın 1-də xalqa etdiyi müraciətində səsləndirdiyi fikirlərini şərh edərkən deyib.
"Artıq Ermənistan təkcə məğlub ölkə deyil, həm də iqtisadiyyatı ilə birgə tamamilə çökmüş, məhv olmuş bir dövlətdir və bunun izahını cənab Prezident tam şəkildə izah etdi", deyən Bəhruz Quliyev hesab edir ki, artıq azad olunmuş Qarabağ torpaqlarımızda iqtisadi perspektivləri müəyyən olunub, yeni yollar çəkilir, infrastruktur layihələri ilə yanaşı, bir sıra digər mühüm layihələrin icra planları üzərində işlər aparılmaqdadır: "Məhz bu mənada yanaşarsaq, Ermənistanın həmin layihələrdən kənarda qalması faktı davam edəcək. Hətta istəsə belə, buna nail ola bilməyəcək. Çünki heç bir potensialı, imkanları qalmayıb. İndi Ermənistan qarşıdakı illərdə xalqını necə dolandıracağı barədə düşünür və milyardlarla xarici borcu olan ölkə kimi kredit dilənməyə hazırlaşır. Amma gördüyümüz kimi, borc, sıxıntı, böhran içində olan bir ölkənin rəhbərliyinə artıq kimsə inanmaq istəmir. Baxın, dövlət başçımız yeni çəkiləcək dəmir yolu layihəsi ilə bağlı çıxışında vurğuladı ki, logistik və s. imkanlarını itirən Ermənistanın dəmir yolları 100% Rusiyanın əlindədir və Azərbaycan perspektivləri müəyyən edərkən, erməni tərəfi ilə deyil, Rusiya ilə danışıqlar aparılır. Bunun mənası nədir? Mənası budur ki, Ermənistanın nəinki enerji təminatı, hətta yol və s. infrastrukturları da onun öz əlində deyil. Bu ölkə tamamilə asılı vəziyyətdə qalıb".
"Təbii ki, bütün bunlar olmaya da bilərdi, Ermənistan işğalçılıq siyasətindən əl çəksəydi, normal siyasət yürütsəydi tamamilə fərqli ölkəyə çevrilərdi", deyə bildirən baş redaktor artıq bu ölkənin təhlükəsizliyinin də itirilmək ərəfəsində olduğunu bildirib: "Daha bir fakta diqqət çəkməyinizi istərdim. Ötən gün məlum oldu ki, Nikol Paşinyanın Rusiyaya gözlənilən yüksək səviyyəli işgüzar səfəri təxirə salındı, daha sonra isə bu səfərin ümumiyyətlə baş tutmayacağı bildirildi. İrəvan görüşü təşkil edən diplomatını da artıq geriyə çağırıb. Bu faktın özü nə deməkdir? Əslində burada geniş izahlı təhlilə də ehtiyac qalmayıb. Sadəcə, Rusiya rəhbərliyi Paşinyanı rədd edir və onu ciddi dövlət adamı olaraq görmədiyini həmin vasitə ilə təsdiqləyir. Halbuki Paşinyanın səfər məqsədlərindən biri də Ermənistana verilən qazın qiymətinin aşağı salınması ilə bağlı idi, amma ruslar onun bu müraciətini də rədd etmiş oldular. Bəli, Ermənistan reallıqda bir dalana çevrilib, borcları çox, büdcəsi isə cənab Prezidentimizin də qeyd etdiyi kimi, kəllə-mayallaq olan dalan ölkə adını qazanıb. Təbii ki, digər məsələlər də var ki, onların hər biri Ermənistanın müstəqil ölkə deyil məhz dalan ölkə olduğunu bütün çılpaqlığı ilə isbatlamaqdadır".
"Artıq Azərbaycanın qarşısında kifayət qədər geniş, hətta deyərdim ki, nəhəng iqtisadi imkanlar dayanıb və dövlətimizin başçısı azad olunmuş torpaqlarımızdakı çıxışlarında da bəyan etdi ki, həm ölkəmizin iş adamları, həm də xarici şirkətlər müxtəlif məqsədli layihələri icra etmək üçün dəvət olunacaqlar", deyə xatırladan Bəhruz Quliyev əldə ediləcək nailiyyətlərin hər birinin böyuk tərəqqimizə mühüm təkanlar verəcəyini vurğulayıb.
Ay An