Türkiyədən Şuşa təbrikləri: “Həsrət bitdi!”
9 Noyabr 2020 12:00 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin 8 noyabrda Şuşanın işğaldan azad edilməsini açıqlaması qardaş ölkə Türkiyədə də coşğu ilə qarşılanıb.
Olaylar.az xəbər verir ki, ölkənin nüfuzlu siyasətçiləri və ictimai xadimləri, dövlət adamları, eynilə tanınmış simaları Azərbaycanı təbrik edib.
Rəcəb Tayyib Ərdoğan:
"Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Qardaşlarımızın sevinci bizim də sevincimizdir. Qarabağın azadlığına qovuşması yaxındır. 30 ildir Minsk üçlüsü tərəfindən aldadılan və masa başında 30 ildir aqibəti məchul formada gözləyən qardaşlarımız bütün bu səbrin nəticəsində zəfərə çatdılar".
TBMM sədri Mustafa Şentop:
"Şuşa Azərbaycandır. Xeyirli, mübarək olsun".
Milli Müdafiə Nazirliyi:
"Qəhrəman Azərbaycan Ordusu kritik əhəmiyyətə sahib Şuşa şəhərini işğaldan azad etdi. Təbrik edirik. Azərbaycan türkü qardaşlarımız 28 il sonra Şuşadakı məşhur Xarı bülbül çiçəyinin açılmasını izləyəcəklər. Nə xoş onlara".
Xarici İşlər naziri Mövlud Çavuşoğlu:
"Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşanın azadlığı mübarək və uğurlu olsun. Bayraq Günündə şanlı Azərbaycan bayrağı bir daha enməmək üzrə Şuşada dalğalanacaq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!"
Ədliyyə naziri Əbdülhəmid Gül:
"Şuşanın azadlığı müqəddəsləşib. Üçrəngli bayrağınla xoşbəxt yaşa. Şanlı Ana Vətən! Azərbaycan!"
Vitse-prezident Fuad Oktay:
"Şuşa Ermənistanın işğalından azad oldu. Zəfərin mübarək, qəzan mübarək olsun, qardaşım".
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun:
"Bayraqlarımız səmalarda daim dalğalansın, birlik və bərabərliyimiz əziz olsun".
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın:
"Yeni zəfərləriniz mübarək olsun, Şuşanın qurtuluşu xeyirli-uğurlu olsun".
Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik:
"Azərbaycan Ordusu Dağlıq Qarabağın işğaldan azad olunmasında kritik əhəmiyyətə sahib Şuşanı işğaldan xilas etdi. Qardaş Azərbaycanın zəfəri mübarək olsun. Şuşa zəfəri xeyirli olsun. Çox sevincliyik".
Milliyyətçi Hərəkat Partiyası:
"Həsrət bitdi".
İYİ Partiyasının sədri Meral Akşener:
"Qurtuluş sevdası ilə yanan Qarabağımızın ürəyi Şuşa Azərbaycanımıza qovuşdu. Qara buludların arxasından Günəş doğdu. Şükürlər olsun".
Ankara bələdiyyəsinin sədri Mansur Yavaş 28 il əvvəl qış soyuğunda evlərini tərk etməyə məcbur olan azərbaycanlıların fotosunu paylaşaraq o günlərdə yaşanan kədəri yad edib, "Şuşa Azərbaycandır" şərhini yazıb.
İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlu:
"Şuşa 28 il sonra ana vətəninə qovuşdu. Yaşa, Azərbaycan!"
Türkiyənin Dəyanət İşləri naziri Ali Erbaş:
"28 il sonra Qarabağın qəlbi olan qədim Şuşada azanlar oxunacaq, beş dəfə azadlığının elanı olacaq. Allah Şuşanı qiyamətə qədər azan səslərindən məhrum etməsin. Bütün azərbaycanlı qardaşlarımız, mübarək olsun".
Keçmiş baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu:
"Gözün Aydın Azərbaycan! Qəhrəman Azərbaycan Ordusu Ermənistan işğalına son verərək Şuşa şəhərini azad etdi. Qarabağ Azərbaycandır!"
1992-ci ildə Qarabağ müharibəsində iştirak edən türk əsgər, ehtiyatda olan general, sabiq Xüsusi Təyinatlı Qüvvələr komandası, 24-cü çağırış İstanbul millət vəkili Engin Alan:
"Şuşa Azad. Növbədə Xankəndi və bütün Qarabağ var. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!"
Sabiq nazir və TBMM sədri Binəli Yıldırım:
"28 il sonra Şuşa Ermənistanın işğalından azad oldu. Şükürlər olsun. (Azərbaycan dilində) Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Aktyor Kənan İmirzalıoğlu:
"28 il sonra Şuşada azan səsi yüksələcək... Çox şükür!"(publika)